Ötən illərdə də vəziyyət oxşar olub və ümumi orta doluluq təxminən 25 faiz civarında idi
2025-ci ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 24,4 faiz təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi olan 24 faizdən yalnız kiçik fərqlə yuxarıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, mehmanxanaların doluluq səviyyəsi bölgələr üzrə böyük fərqlilik göstərir. Naftalanda bu göstərici 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz və Qusarda 31,7 faiz olub. Digər şəhər və rayonlarda vəziyyət xeyli aşağıdır. Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub. Bu göstəricilər göstərir ki, mehmanxanaların doluluğu yalnız paytaxt və tanınmış turizm mərkəzlərində nisbətən yüksəkdir, regionlarda isə vəziyyət zəifdir.
2025-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin ümumi sayı 4 569,5 minə çatıb ki, bunun böyük hissəsi Bakıya yönəlib. Gecələmələrin 58,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,1 faizi Naftalanda, 5 faizi Xaçmazda, 3,7 faizi Qəbələdə, 3,2 faizi Qubada, 3 faizi Lənkəranda, 2,2 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Gəncədə, 1,1 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,1 faizi Qaxda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, qalan 6,4 faizi isə digər şəhər və rayonlarda qeydə alınıb. Bu rəqəmlər göstərir ki, mehmanxana doluluğu bölgələr üzrə ciddi fərqlilik göstərir və əsas turist axını paytaxta yönəlib.
Xarici turistlərin keçirdiyi gecələmələr isə 2 614,3 min təşkil edib ki, bu da ümumi gecələmələrin 57,2 faizini əhatə edir. Ən çox turist gətirən ölkələr Hindistan, Rusiya və Türkiyə olub. Konkret göstəricilərə görə, Hindistan 13,6 faiz, Rusiya 10,1 faiz, Türkiyə 9,3 faiz, Səudiyyə Ərəbistanı 8,3 faiz, İsrail 5,6 faiz, Birləşmiş Ərəb Əmirlikləri 5,1 faiz, Pakistan 3,9 faiz, Çin 3,4 faiz, Özbəkistan 3,3 faiz, ABŞ 3,2 faiz, Qazaxıstan 2,8 faiz, Küveyt 2,4 faiz, Böyük Britaniya 2,2 faiz, Almaniya 1,3 faiz, İtaliya 1 faiz, digər ölkələr isə 24,5 faiz təşkil edib. Xarici turistlərin əksəriyyəti Bakıda qalıb, 81,1 faizi paytaxtda, 6,1 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi Şamaxıda, qalan 2,1 faizi isə digər şəhər və rayonlarda qeydə alınıb. Bu göstəricilər otellərin boş qalmasının əsas səbəblərindən birini ortaya qoyur, çünki turistlərin böyük əksəriyyəti paytaxta yönəlir və regional turizm hələ də kifayət qədər inkişaf etməyib.
Mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ildə 653 milyon manat olub və bu, 2024-cü illə müqayisədə 5,9 faiz azalma deməkdir. Gəlirlərin strukturu göstərir ki, otaq xidmətləri 61,8 faiz, ictimai iaşə 27,2 faiz, müalicə və sağlamlıq xidmətləri 2,9 faiz, digər xidmətlər isə 8,1 faiz təşkil edib. Bu, otellərin doluluq səviyyəsinin gəlirlər üzərində birbaşa təsirini göstərir və gəlirlərin regionlar üzrə fərqliliyini izah edir.
Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirir ki, ötən illərdə də vəziyyət oxşar olub və ümumi orta doluluq təxminən 25 faiz civarında idi. O qeyd edir ki, 2025-ci ildə turizmin artım tempində təxminən 2 faiz geriləmə müşahidə olunub və bu, əsasən ölkəyə gələn əcnəbilərin sayının azalması ilə bağlıdır.
Ekspertin sözlərinə görə, regiondakı müharibələr, ölkənin cənubunda İsrail-İran qarşıdurması, Hindistan və Pakistan arasındakı gərginliklər, Hindistandan Azərbaycana getməmə çağırışları ölkəyə gələn turistlərin sayını azaldıb və nəticədə otellərdə gecələmələr də azalıb. Paytaxtda doluluq səviyyəsi yüksək olsa da, regionlarda mehmanxanalar boş qalır və ümumi orta göstərici də bu səbəbdən aşağıdır.
Ekspert həmçinin qeyd edir ki, vəziyyətin stabilləşməsi üçün regional turizmin təşviqi, mehmanxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xarici turistlərin cəlb edilməsi üçün beynəlxalq marketinq strategiyalarının gücləndirilməsi və mövsümi təkliflərin artırılması vacibdir. Dövlət səviyyəsində də addımlar atılır, ölkə prezidenti qarşıdakı illərdə ölkəyə gələn turistlərin sayının 5-6 milyona çatdırılmasını mümkün hesab edir. Dövlət Turizm Agentliyi turizmin inkişafına dair Dövlət Proqramı hazırlayır və sənəd hazırda müzakirə mərhələsindədir.
Beləliklə, 2025-ci ilin turizm göstəriciləri mehmanxana sektorunun həm artım potensialını, həm də problemlərini ortaya qoyur. Otellərin boş qalmasının səbəbləri yalnız iqtisadi amillərlə deyil, həm də regiondakı və beynəlxalq gərginliklərlə bağlıdır. Gələcəkdə turizmin inkişafı və otellərin doluluğunun artması üçün dövlət və özəl sektor səylərini gücləndirməli, regional turizm və beynəlxalq marketinq strategiyaları genişləndirilməlidir.