Ukraynanın ordu birləşmələri fəal şəkildə növbəti hücum və əks-hücum əməliyyatlarına başlayıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, ordu generalı Oleksandr Sırski Kiyevdə bir qrup jurnalistlə görüşdə cəbhədəki son durumu açıqlayarkən deyib.
O bildirib ki, düşmən (Rusiya ordusunu nəzərdə tutur - red.) hazırda təxminən 1200 km uzunluğunda olan bütün toqquşma xətti boyunca hücum əməliyyatları aparır:
"Ayrı-ayrı istiqamətlərdə toqquşmaların təxminən dörddə biri məhz Ukrayna bölmələrinin hücum əməliyyatlarından ibarətdir. Ordunun əsas məqsədi düşməni daim gərginlikdə saxlamaq, ona itkilər verdirmək və irəliləməsinə imkan verməməkdir. Belə taktika nəticə verir. Çünki yanvar ayında düşmən heç bir əhəmiyyətli əməliyyat uğuru əldə etməyib".