AZ

Ana dili təkcə ünsiyyət vasitəsi deyil...

Yazını böyüt
Yazını kiçilt

Hər bir millətin Ana dili onun varlığını şərtləndirən ən əsas amillərdən biridir. Xalqın tarixi yalnız yazılı mənbələrdə deyil, dilin öz yaddaşında yaşayır. Hər bir söz, ifadə və deyim xalqın keçdiyi yolun, yaşadığı ağrıların, qazandığı qələbələrin və formalaşdırdığı dəyərlərin daşıyıcısıdır. Bu mənada ana dili sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli varlığın ideoloji kodu sayılır.

Milli ideologiya bir xalqın özünü necə dərk etməsi, dünyaya hansı dəyərlərlə baxması və gələcəyini hansı istiqamətdə qurması ilə bağlıdır. Bu baxışın formalaşdığı əsas müstəvi isə dildir. İnsan dünyanı ana dilində dərk edir, hadisələrə ana dilinin yaratdığı məna çərçivəsində qiymət verir. Dil dəyişəndə düşüncə də dəyişir, düşüncə dəyişəndə isə ideoloji xətt zəifləyir. Azərbaycançılıq ideyası məhz bu düşüncə modelinin üzərində qurulmuşdur. Azərbaycan dili əsrlərboyu xalqın milli kimliyini qoruyub saxlayan, onu assimilyasiya təhlükəsindən xilas edən əsas sütun olmuşdur. Tarixin müxtəlif mərhələlərində siyasi müstəqillik itirilsə belə, ana dilinin yaşaması milli ideyanın da yaşamasını təmin etmişdir. Bu baxımdan, Ana dili milli ideologiyanın başlanğıc nöqtəsi, onun ilk və ən möhkəm dayağıdır.

Azərbaycan dilinin milli ideologiyada tutduğu yer xüsusilə müasir dövlətçilik tarixində aydın şəkildə görünür. XX əsrdə milli oyanış prosesləri dil uğrunda mübarizə ilə paralel inkişaf etmişdir. Azərbaycan dilinin ictimai-siyasi həyata daxil olması milli ideologiyanın formalaşmasında həlledici rol oynamışdır. Sovet dövründə belə Ana dilinin qorunması milli özünüdərkin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycan dilinin sıxışdırılması cəhdləri eyni zamanda, milli ideologiyanın zəiflədilməsi cəhdləri idi. Buna baxmayaraq, xalq ana dilini ailədə, ədəbiyyatda, şifahi xalq yaradıcılığında yaşatmağı bacarmışdır. Bu, milli ideyanın gizli, lakin davamlı yaşamasının göstəricisi idi.

Azərbaycan milli ideologiyasının formalaşması və möhkəmlənməsi prosesində Ulu Öndər Heydər Əliyevin ana dili siyasəti xüsusi yer tutur. Onun siyasi fəaliyyətində dil məsələsi heç vaxt sırf mədəni və ya texniki problem kimi dəyərləndirilməyib, əksinə, dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri kimi qəbul olunub. Heydər Əliyev üçün ana dili milli kimliyin, milli şüurun və milli ideologiyanın əsas daşıyıcısı idi.

Sovet dövrünün sərt ideoloji çərçivələri daxilində belə Heydər Əliyev Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımlar atmışdır. Həmin dövrdə milli dillərin sıxışdırıldığı, rus dilinin dominant mövqe tutduğu bir şəraitdə Azərbaycan dilinin qorunması böyük siyasi iradə tələb edirdi. Heydər Əliyev bu məsələdə riskləri göz önünə alaraq ana dilinin ictimai həyatdakı rolunu genişləndirməyə çalışmış, dilin rəsmi və institusional statusunun güclənməsinə nail olmuşdur.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin ana dili siyasətinin ən mühüm nailiyyətlərindən biri idi. Bu addım yalnız hüquqi dəyişiklik deyildi, milli ideologiyanın rəsmi tanınması və qorunması baxımından tarixi əhəmiyyət daşıyırdı. Ana dilinin Konstitusiya səviyyəsində təsbit edilməsi milli şüurun güclənməsinə, Azərbaycançılıq ideyasının cəmiyyətin dərin qatlarına sirayət etməsinə güclü impuls verdi.

Heydər Əliyev ana dilinə münasibəti ilə cəmiyyətə aydın mesaj verirdi: dövlət dili olmayan xalqın ideoloji bütövlüyü də zəif olar. Onun çıxışlarında, rəsmi tədbirlərdə və beynəlxalq platformalarda Azərbaycan dilində danışması milli qürurun, milli ideologiyanın praktik təzahürü idi. Bu, ana dilinin yalnız daxili istifadə üçün deyil, milli kimliyin beynəlxalq təmsil vasitəsi olduğunu göstərirdi.

Müstəqillik dövründə Heydər Əliyevin ana dili siyasəti daha da sistemli xarakter aldı. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tətbiqi və qorunması milli ideologiyanın əsas istiqamətlərindən birinə çevrildi. Dil məsələsi artıq milli təhlükəsizlik, milli ideoloji sabitlik və dövlətin gələcəyi ilə birbaşa əlaqələndirilirdi. Bu yanaşma Azərbaycançılıq ideyasının möhkəm ideoloji bazaya söykənməsini təmin etdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə ana dili siyasəti yeni mərhələyə qədəm qoymuş, qloballaşma və rəqəmsallaşma çağırışlarına uyğun şəkildə inkişaf etdirilmişdir. Bu mərhələdə əsas məqsəd yalnız Azərbaycan dilinin qorunması deyil, onun müasir dövrün bütün sahələrində tam funksional və rəqabətqabiliyyətli dilə çevrilməsi olmuşdur.

İlham Əliyev Ana dilini milli ideologiyanın canlı və dinamik elementi kimi dəyərləndirir. Onun çıxışlarında dil məsələsi milli kimliyin, milli mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin ayrılmaz hissəsi kimi təqdim olunur. Prezident dəfələrlə vurğulamışdır ki, Azərbaycan dilinin saflığının qorunması və inkişafı hər bir vətəndaşın mənəvi borcudur. Bu yanaşma ana dilinə məsuliyyət hissini ideoloji səviyyəyə qaldırır.

İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ana dilinin hüquqi, institusional və funksional mövqeyinin gücləndirilməsinə xidmət edir. Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi, normativ dil qaydalarına əməl olunması, reklam və media məkanında dil mədəniyyətinin qorunması istiqamətində atılan addımlar milli ideologiyanın gündəlik həyatda reallaşmasını təmin edir.

Xüsusilə rəqəmsal mühitdə Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi Prezident İlham Əliyevin dil siyasətinin əsas prioritetlərindən biridir. İnformasiya texnologiyaları, elektron hökumət, media və sosial platformalarda ana dilinin tam tətbiqi milli ideoloji təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bu, gənc nəslin milli düşüncə sisteminin qorunması üçün mühüm ideoloji sipər rolunu oynayır.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev ana dili məsələsinə bir daha toxunaraq öz tapşırıqlarını verdi: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.

Dövlət başçısının həmin yubiley mərasimində səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar ana dilinin təkcə mədəni irs deyil, milli ideologiyanın elmi və institusional dayağı kimi dəyərləndirildiyini göstərdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin elmi mühitdə qorunmasının və inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğuladı. O, ana dilinin yalnız gündəlik ünsiyyət vasitəsi kimi deyil, elmin, fəlsəfənin, texnologiyanın və strateji düşüncənin dili kimi formalaşdırılmasının milli ideologiya baxımından həyati əhəmiyyət daşıdığını qeyd etdi. Bu yanaşma dil məsələsini mədəni çərçivədən çıxararaq ideoloji və intellektual təhlükəsizlik səviyyəsinə yüksəltdi.

Dövlət başçısı Akademiyanın qarşısında konkret və prinsipial tapşırıqlar qoydu. Bu tapşırıqların əsas məğzi Azərbaycan dilinin elmi terminologiya baxımından zənginləşdirilməsi, dil normalarının qorunması və elmi əsərlərin yüksək səviyyədə ana dilində hazırlanması idi.

Prezident İlham Əliyev eyni zamanda dilin saflığının qorunması məsələsinə də xüsusi diqqət çəkdi. O, süni söz yığımlarının, əsassız yad terminlərin və normativ dil qaydalarına zidd ifadələrin elmi və ictimai dövriyyəyə daxil olmasının ana dilinə zərər vurduğunu bildirdi: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Bu tapşırıqlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin dil siyasəti yalnız normativ sənədlərlə məhdudlaşmır, elmi mühitin ideoloji məsuliyyətini də ön plana çıxarır. Ana dili burada təkcə ünsiyyət vasitəsi deyil, milli ideologiyanın elmi-intellektual dayağı kimi təqdim olunur.

Seçilən
66
hafta.az

1Mənbələr