AZ

Tarix və Ədəbiyyatı "Mədəniyyət" şorbasında əritmək milli kimliyin qəsdinə durmaqdir




Son zamanlar təhsil mühitində, müxtəlif mətbu orqanlarda və sosial şəbəkələrdə "islahat" adı altında dövriyyəyə buraxılan ədəbiyyat və tarix fənlərinin birləşdirilərək "mədəniyyət" fənni kimi tədris edilməsi ideyası, sadəcə bir kurikulum dəyişikliyi deyil, milli təhsilimizin onurğa sütununu birdəfəlik sındırmaq cəhdidir. Bu təşəbbüsü eşidən, millətin gələcəyini düşünən hər bir vətənpərvər ziyalıda, hər bir təhsil adamında belə bir qənaət yaranır: kimsə bizim təhsil sistemimizi içəridən dağıtmaq, milli yaddaşımızı kökündən silmək və öz keçmişinə, ruhuna yad bir nəsil yetişdirmək üçün planlı və sistemli şəkildə hərəkət edir. Bu, sadəcə bir fənnin adının dəyişməsi deyil, bu, millətin özünüdərk mexanizminə qarşı yönəlmiş bir qəsddir.


"Müasir yanaşma", "dünya təcrübəsi" və "inteqrasiya" kimi rəngli, lakin içi boş pərdələr arxasında gizlənən bu qərar, əslində milli yaddaşın amansızcasına "budanmasıdır". Gəlin məsələnin mahiyyətinə baxaq:
Tarix — bir millətin siyasi pasportu, minillik dövlətçilik yolunun salnaməsi, qəhrəmanlıq və məğlubiyyətlərinin qanla yazılmış xronologiyasıdır.

Ədəbiyyat — həmin millətin ruhu, bədii təfəkkürünün ən uca zirvəsi, ana dilinin toxunulmaz qalası və mənəviyyat xəzinəsidir. Bu iki nəhəng və fundamental sütunu "mədəniyyət" adlı hüdudsuz, hər şeyi içinə alan və mahiyyəti dumanlı bir çərçivəyə salmaq, hər iki sahənin elmi və fəlsəfi dərinliyini ruhsuz qırıntılara çevirməkdir.

Mədəniyyət anlayışı olduqca genişdir; bura memarlıqdan musiqiyə, mətbəxdən etiket qaydalarına, xalçaçılıqdan rəsm sənətinə qədər hər şey daxildir. İndi təsəvvür edin: bir dərs saatinin məhdud zaman kəsiyində şagird həm Səfəvi imperiyasının geosiyasi qüdrətini, həm Şah İsmayıl Xətainin dövlət quruculuğu siyasətini öyrənməli, həm Füzulinin qəzəllərindəki irfani dərinliyi və bədii fəlsəfəni duymalı, həm də "mədəniyyət" adı altında kulinariyadan və ya hansısa sənət nümunəsindən bəhs etməlidir. Bu, şagirdin beynində xaos yaratmaqdan, milli qəhrəmanlarımızı və mütəfəkkirlərimizi sıradan bir "mədəniyyət elementi"nə çevirib adiləşdirməkdən başqa nəyə xidmət edir? Bu yolla biz nə dərindən tarixini bilən vətəndaş, nə də ədəbiyyatın ruhu ilə saflaşmış şəxsiyyət yetişdirə bilərik. Ortada qalan yalnız hər şeydən bir az xəbəri olan, amma heç birinin mahiyyətinə varmayan səthi bir kütlə olacaqdır.

[/center]

Hər bir fənnin özünəməxsus məzmunu və dövlətçilik missiyası vardır. Tarix vətəndaş yetişdirir, Ədəbiyyat isə insan və şəxsiyyət formalaşdırır. Tarixi və ədəbi bazası sarsılmış, bu fundamental bilikləri "mədəniyyət" şorbasında əridilmiş bir nəslin milli kimlik şüuru yalnız zahiri bəzəkdən ibarət olacaqdır. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qəbul olunması mədəni dəyərləri strategiya səviyyəsinə qaldırırsa, bu hədəfə çatmağın yolu tarixi zəiflətməkdən və ya ədəbiyyatı sıxışdırmaqdan yox, əksinə, bu qoşa qanadı daha da möhkəmləndirməkdən keçir.

Bu fənlərin birləşdirilməsi məsələsinə etiraz edənlərin narahatlığı tamamilə əsaslıdır və bu, bir milli təhlükəsizlik məsələsidir. Tarixini dərindən bilməyən və ədəbi irsinin ruhunu canında, qanında hiss etməyən gənc, sabahın ideoloji müharibələrində çox asanlıqla manqurta çevrilə bilər. Bu layihəni ortaya atanlar, məqsədli və ya məqsədsiz şəkildə, millətin yaddaşını "təkmilləşdirmə" adı altında silməyə xidmət edirlər. Bu, xalqa və onun gələcəyinə qarşı edilən ən böyük mənəvi cinayətdir.



Dünya təcrübəsinə nəzər saldıqda aydın olur ki, fənləri "inteqrasiya" adı altında vahid paketdə birləşdirən ölkələr, xüsusən də ABŞ-ın "Social Studies" (Sosial Elmlər) modelini tətbiq edənlər, hazırda həmin sistemin yaratdığı milli yaddaşsızlıq, coğrafi cəhalət və savadsızlıq bəlasından qurtulmağın yollarını axtarırlar. Məsələn, ABŞ-ın bəzi ştatlarında bu sistemin nəticəsi olaraq gənclərin böyük əksəriyyəti öz ölkələrinin müstəqillik tarixini belə xronoloji ardıcıllıqla izah edə bilmir.

Digər tərəfdən, Böyük Britaniyada "Milli Kurikulum" (National Curriculum) çərçivəsində tarix və ədəbiyyat (English Literature) hələ də strateji fənlər kimi ayrıca tədris olunur. Çünki Britaniya təhsil mütəxəssisləri yaxşı bilirlər ki, milli dəyərlərə sahib və dövlətçi düşüncəli nəsil yetişdirmək üçün bu fənlərin akademik ağırlığı qorunmalıdır.

Tarixi hadisələri xronoloji dərinliyindən, ədəbiyyatı isə estetik və fəlsəfi cazibəsindən qopararaq şagirdlərə sadəcə "vətəndaşlıq vərdişləri" kimi təqdim etmək, dərin biliyə və analitik təfəkkürə malik şəxsiyyət deyil, sadəcə idarə olunması asan olan "istehlakçı kütlə" yetişdirməyə hesablanıb.

Almaniya, Fransa, Rusiya kimi köklü dövlətçilik ənənəsi və güclü təhsil sistemi olan ölkələr isə milli tarixi və milli ədəbiyyatı (dili) təhsilin toxunulmaz onurğa sütunu kimi qoruyub saxlayır, onları birləşdirməyi ağıllarına belə gətirmirlər. Çünki onlar yaxşı bilirlər ki, klassik ədəbi irsi və xronoloji tarixi müstəqil şəkildə öyrənməyən gənc intellektual elita formalaşdıra bilməz. Bizim kimi hələ də milli kimlik davası aparan, regionda mürəkkəb geosiyasi şəraitdə yaşayan, torpaqlarını yeni azad etmiş və gələcəyini bu qələbə üzərində qurmalı olan bir dövlət üçün Qərbin bu uğursuz və yaddaşsızlaşdırma təcrübələrini "yenilik" kimi qəbul etmək milli intiharın başqa adıdır.


Bu bir islahat deyil, bu təhsilin onurğa sütununu sındırmaq, milləti öz kökündən qoparıb "kosmopolit bir yığın" halına gətirmək layihəsidir. Əgər biz tarix dərslərində keçilən qanlı-qadalı qələbələrimizi, ulu babalarımızın dövlətçilik dərslərini, ədəbi abidələrimizdəki "Vətən" rəngli misralarımızı ümumi bir "mədəniyyət" şorbasına qarışdırsaq, gələn nəslə ötürəcək heç bir müqəddəs dəyərimiz qalmayacaq.
Tarix və Ədəbiyyat bizim toxunulmazımızdır, milli varlığımızın qırmızı xəttidir. Mədəniyyət fənnini ayrıca bir dünyagörüşü kursu və ya seçmə fənn kimi təqdim etmək olar, lakin bu, əsla və əsla əsas fənlərin hesabına, onların saatlarını ixtisar etməklə və mahiyyətini kiçiltməklə baş verməməlidir. Bu xətti keçənlər həm tarix, həm də gələcək nəsillər qarşısında ağır cavabdehlik daşıyacaqlar. Bir ziyalı olaraq bu prosesə ehtiyatla yanaşmağın vacibliyini vurğulayırıq! Bizə "mədəniyyətli" fərdlərlə yanaşı, öz tarixini və ədəbi irsini bilən kamil Azərbaycan vətəndaşı lazımdır!

Şəmsi Qoca
şair-publisist




Seçilən
44
aia.az

1Mənbələr