AZ

Ehtiyatda qırxıncı fəndi olan Rafael Hüseynov yazır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rafael HÜSEYNOVAkademik

Vaxt məntiqiylə gərək onunla aramızdakı ayrılıq illərinin sayı artdıqca bizdən, axarında olduğumuz günlərdən daha çox uzaqlaşa idi. Ancaq əksinədir. Unudulmaz sənətkarımız Canəli Əkbərovla əbədi ayrılığın üstünə illər qalandıqca onunla bağlı anlar yaddaşın alt qatına çökməkdənsə, daha artıq qabarır, onun yeri ürəyimizdə də, musiqi gerçəkliyimizdə də daha artıq görünür.

Canəli Əkbərov yalnız qabil sənətkar deyildi, həm də içərisində tarix daşıyan bir insandı və nə qədər ki həyatda idi, ondan əvvəl sənət meydanında olmuş, az gördüyümüz, ya daha köhnələr - heç qulaq asıb zövq almağa macal tapmadığımız muğamçılar, el sənətkarları da bizimçün daha yaxın idilər. Canəli Əkbərovun bir qiymətliliyi də onun varlığında və hafizəsində (həm də qəlbində) tarix daşıması, bizi vaxtaşırı o ötüb-keçmiş tarixin gözəllikləri ilə qovuşdura, həmzaman edə bilməsi idi.

Biz Xan Şuşinskinin, Mütəllim Mütəllimovun ixtiyar çağlarını görmüşdük, biz İsmayılxan Talışinskini görməmişdik, Haşım Kələntərlini səhnədə, el məclislərində oxuyarkən eşitməmişdik. Ancaq Canəli yeniyetməliyində, gəncliyində elə ixtiyarları görmüşdü və möhkəm yaddaşına onlarla bağlı elə xatirələri yığmışdı ki, hər danışmağa, onların tərzində oxumağa, onların filan boğazı, filan keçidi necə etdiklərini, filan nəfəsi necə vurduqlarını göstərəndə biz  sanki elə gerçəkdən 40, 50 il, bəlkə bir az da uzaqlara enə, özümüzü o çağların qoynunda hiss edə bilirdik. Axı bununla da bitmirdi. Canəli öz gənclik çağlarının ağsaqqallarının onların gənclik çağlarının ahıllarından, qocalarından eşitdiklərini, öyrəndiklərini də bizə ötürən canlı naqil idi.

Belə insanların gedişiylə ən çox mühit itirir. Çünki onlar sənətləriylə, şəxsiyyətləriylə, cazibələriylə ilk növbədə saf, sağlam sənət və insanlıq mühiti yaratmağı bacarırlar.

Canəlinin gedişiylə bizim olan, əsl olan, tam və qarışıqsız halda, bir qızıl külçəsi kimi tərtəmiz halda özümüzün olan, diliylə, ruhuyla başqa qonşu və qohum xalqlardakı muğamdan sırf bizə xas özəllikləriylə seçilən muğam bizim itirdiyimizdən də çox itirdi.

Çünki muğam mülkünün bu cür etibarlı əsgərləri həmişə az olur və hər birinin gedişi ilə o möhtəşəm saraydan hökmən bir kərpic düşür.

Canəli Əkbərov cah-calalı qonşuda görənlərdən deyildi. Gözünü açıb doğma ocağında muğam eşitmişdi, xanəndə balası idi. Ona görə də lap uşaqlıqdan Canəliyə muğamın təəssübünü çəkmək ailəsinin namusunu qorumaq kimi qeyrət məsələsi olmuşdu.

Axıracan da bu yolda ləyaqət və dəyanətlə irəlilədi.

Atası Xanəli kişidən - cənub bölgəsinin tanınmış xanəndəsindən məclislərdə oturub-durmağın, el içində rəftarın ədəb-ərkanından savayı muğamın da sirlərini erkən mənimsəmişdi. Əlbəttə, tale artıq yazıldığı və gerçəkləşdityi kimi deyil, bir başqa şəkildə cərəyan etmiş olsaydı, Canəlinin atasından mənimsədiyi o muğam bilikləri elə hərdən dost-tanış arasında, kefinin duru məqamlarında sadəcə ürək boşaltmaq, xoşallanmaqçün oxumaqdan o yana getməyəcəkdi. Canəli orta tibb təhsili almışdı, kənd həkimliyi ilə elə ahıl vaxtlarınacan babat güzəranını da təmin edəcəkdi, camaat arasında xətir-hörməti də olacaqdı. Ancaq Tanrı bu cavana səsdən əlavə oxumaq eşqi də bağışlamışdı və bu səs mütləq hamıya, bütün Azərbaycana, sərhədlərimizdən kənarlara da yayılıb eşidiləməli idi. Elə həmin İlahidən ona nəsib olmuş muğam və oxumaq sevgisinin nəticəsi idi ki, günlərin birində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində böyük Xan Şuşinskinin qarşısımda əyləşdi. Xanın sinfindəki cavanların əksəri üçün bu böyük sənətkarın tələbəsi olmaq bir yana, onu hər gün görməyin, onunla mütəmadi təmasın özü belə möcüzə kimi idi. Canəli üçünsə ustadı Xan Şuşinski dəfələrlə öz evlərində gördüyü, atasının dostu Xan əmi idi.

Xan da Canəliyə həmişə yalnız qabil yetirməsi, gələcəyinə inadığı xanəndə kimi deyil, özünə başqa tələbələrindən bir köynək yaxın olan qardaşoğlusu kimi baxdı, ona ərklə yanaşdı.

Hər yay yetişcəyin Xan Şuşaya gedər, 2-3 ayı orada keçirərdi. Hər ayın müəyyən günlərində bir başqasından yox, elə Canəlidən rica edərdi ki, "Məktəbdən mənim donluğumu (maaşımı - R.H.) al, Şuşaya gətir. Canəli üçün də bu tapşırığı yerinə yetirmək hər dəfə xüsusi ləzzət verirdi. Əvvələn, fəxr edirdi ki, Xan əmi bu sözü bir başqasına yox, məhz ona deyib. Onsuz da Xan belə bir təvəqqe ilə dost-tanışdan, Asəf Zeynallının müəllimlərindən-tələbələrindən kimə müraciət etsəydi, can-başla yerinə yetirərdi. Canəli fərəhlənirdi ki, ustadı bu xahişlə bir başqasına deyil, məhz yaxın bilərək ona üz tutub. Bunu Lənkərana gedəndə, şəstlə atasına söyləyəndə, elə Xanəli kişi də məmnun qalmışdı. Amma Xan əminin məvacibini götürüb Şuşaya çatdırmağın Canəliyə sonra ömrü boyu unutmayacağı başqa faydaları da dəyirdi axı. Hər gedəndə azı 2-3 gün Şuşada qalırdı. Orda olduğu müddətdə isə daim Xan əminin yanında idi. Axşamüstülər Xan gəzməyə çıxanda Şuşanın ağsaqqalı-qarasaqqalı yığışardı onun başına, yüz cür şirin söhbətlə bəzənən o saatların hər dəqiqəsi Canəlidən ötrü bir ömrə bərabərdi. Bunu əlavə şahidsiz-sübutsuz ondan bilirəm ki, üstündən 25-30 il, lap bundan da çox vaxt ötəndən sonra Canəli Əkbərov Şuşanın yay axşamlarında Xan əminin cazibəsi ilə bir ağac kölgəsindəmi, bir çay süfrəsi arxasındamı olan söhbətlərin hər anını maqnitofon lentinə yazılıbmış kimi dəqiqliyi ilə xatırlayırdı və nağıl edirdi. Bəzən həmin günlərdən xatırlayıb danışdıqlarının içərisində elə təfərrüatlar olurdu ki, məəttəl  qalırdım, belə adi məişət cizgilərini də niyə yaddaşına yük edir. Sanki heç nə deməsəm də elə bunu baxışımdan, qırımımdan özü hiss edirdi və qayıdırdı ki, orda Xan əmi vardı, bunları o da eşidirdi, adicə gülümsəməsi ilə, bircə kəlməsi ilə münasibətini bildirirdi, ona görə də həmin danışlanların lap ən sayası belə məndən ötrü xüsusi məna qazanırdı.

Yəqin ki, Canəli haqlı idi. Məgər tarixlə nəfəsini duyacaq qədər ünsiyyətin hansısa anı sadə sayıla bilərmi?

Xan Şuşinski canlı tarix idi və Canəli də xoşbəxt idi ki, bu tarixin böyründə əyləşmişdi.

...O, sədaqətli insan idi və nə qədər etibarlı adam olduğunu həyatının mənası hesab elədiyi muğama ilk gənclik illərindən ömrünün bitəcəyinədək sadiqliyilə sübut etdi. Xanəndə atasından və ustadlarından muğamın saflığını qorumaq dərslərini almış Canəli Əkbərov bu öyüdlərə daim dəqiqliklə əməl etməklə yanaşı, həmin ibrətləri yeniyetmələrə də aşıladı.

Biri malıyla-puluyla, biri əlindəki ixtiyarın genişliyiylə, biri bu qəbil məişətə bağlı daha hansısa üstünlüyüylə öyünər. Neynək, qoy qürrələnsin, onun da haqqıdır, mənsəbə, sərvətə çatmaq da asan iş deyil. Ancaq Canəli öyünürdü ki, bir vaxtlar camaatımız gitaralara bənd olub toya xanəndə çağıranda "tarla gəlməyin, gitara gətirin, özü də qırmızısından olsun" deyəndə dolanışığın xatirinə dövrün bu bəd dəbinə əyilməmişdi, sıxıntıya tab gətirmişdi, dəvət aldığı 5 toydan 2-sinə getmişdi, amma tarı, kamançası ilə olmuşdu.

Lap yaxşı oxuyanlarımızın da neçəsinin muğamı incitdiyi, muğamın dədə-baba  dürüstlüyü və bakirliyinə öz aləmində guya etdikləri ilə bəzək vurduğu, əslində isə xələl gətirdiyi dönəmlərdə həmişə düz oxudu, məktəbə bivəfa çıxmadı, doğru yoldan bir qədəm belə sapmadı.

Onillər keçəcək, yüzillər dəyişəcək, müasirimiz olmuş Canəli Əkbərovun oxuları yeni nəsillərin yaşayacağı sabahlara da çatacaq. İndi olduğu kimi, uzaq sabahlarda da bu yadigarlara müntəxəbat, örnək kimi baxacaqlar. Həm də indikindən də daha artıq. Gələcəkdəkilər bu öygülərdən öyrənəcəklər.

Səsyazma kəşflərinin hələ əlçatmaz olduğu keçmiş əsrlərdən üzü bəri ağızdan-ağıza, dildən-dilə, barmaqdan-barmağa, yaddaşdan-yaddaşa ötürülə-ötürülə indiyədək muğamatımız salamat gəlib çatıbsa, bunun səbəbkarları elə Canəli Əkbərov kimi muğamın təmizliyini, duruluğunu qoruyub saxlamağı bacarmış insanlar, muğama, el musiqimizə sədaqətli şəxsiyyətlər olub.

Canəli Əkbərov həm də müəllim idi, dərs deyirdi və onun tələbələri indi daha gözəl bilərlər ki, bir vaxtlar nə xoşbəxt imişlər. Bəxtiyarmışlar ki, canlı tarix olan bir azman sənətkar bir ömür boyu zərrə-zərrə yığdıqlarını onlara qucaq-qucaq bağışlayır. Bəlkə bir vaxtlar Canəlinin dərs verdiklərinin bundan belə qat-qat səxavətli, fədakar ustadları da olacaq. Ancaq Canəli kimi yarım əsrdən də artıq müddətdə hərəsi bir dastan olan nəhənglərdən gilə-gilə sərvət yığmaq onlardan hansının payına düşüb və düşə bilər ki, içəriləri Canəlininki sayaq ləbələb dolmuş ola?! Nə qədər dolusansa, o qədər də çox bəxş edə bilirsən - hökm-i zərdir.

Elə ailə, nəsil də beləcə, tale hökmüdür, alın yazısıdır. Canəli Əkbərov el adamı idi. Daim xalq içərisində idi. Oxuduğu muğamında səliqəli olmağı, həmişə nizamı, sahmanı hifz etməyi bacardığı kimi, insani münasibətlərində də eyni meyarlara daim riayət edirdi. Sənətkardan ötrü bütöv millət elə doğma ailəsi deməkdir. Ancaq sən bu böyük ailənin layiqli övladı olmaq üçün gərək öz balaca ailənin, nəslinin, şəcərənin içərisində nümunəvi olmağı bacarasan.

Canəli Əkbərov hələ yeniyetmə yaşlarından ailənin də, nəslin də sevimlilərindən olmuşdur.

Yaşa doldu, sənət aləmində şöhrətləndi, ailənin də, nəslinin də iftixarına çevrildi.

Vətən doğma qucaqdır.

Ailə ilk ocaqdır.

Ocağa sadiq olan

Müdam yaşayacaqdır.

Bu el sözünün həqiqəti elə Canəli Əkbərovun nəsibi oldu.

Radiodakı "Axşam görüşləri" verilişimə Xalq artisti Canəli Əkbərovu tez-tez çağırardım. Ayrı-ayrı sənət hadisələrinə münasibət bildirməyə, ən çox da köhnə sənətkarlar haqda xatirələrini bölüşməyə. Gör vaxt hara gəlib yetişdi ki, 2025-ci ilin yaz astanasında, Canəlinin özünün çatmadığı 85 illiyi yetişəndə hazırladığım verilişə artıq Canəlinin özü haqda xatirə söyləməyə başqalarını dəvət edəsi oldum. Başqalarını deyəndə ki, yaxınlardan, doğmalardan başladım. İlk dindirdiyim də onu hamıdan daha yaxşı tanıyan və duyan qardaşı Tərlan Əkbərov oldu.

Tərlan sözünə belə başladı ki, o  gün - martın 10-da Canəli Əkbərovun 85 illik yubiley günü idi. Əvvəlki yubileyləri möhtəşəm Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında qeyd olunsa da, bu il son mənzilinin ətrafına yığışdıq. Canəlinin vəfatından az sonra "Axşam görüşləri"nin bir sayı onun  xatirəsinə həsr olunmuşdu. Ancaq o verilişdə Canəli, elə sağlığında olduğu kimi, sənətdəki böyük həmkarları haqqında danışırdı. Azərbaycan tar ifaçılığına yeniliklər gətirmiş Hacı Məmmədovu, muğam padşahı Seyid Şuşinskini xatırlayırdı. Veriliş nəinki bizi, deyərdim ki, dinləyənlərin hamısını kövrəltmiş, ürəklərini riqqətə gətirmişdi. Bunu vurulan zənglərdən, mesajlardan bildik. O axşam qardaşım diri idi, bizimlə idi, bütün nəslimiz son dərəcə mütəəssir olmuşdu. Canəli Əkbərovun qardaşı olmağımla həyatı anlayandan fəxarət duymuşam, ömrüm boyu da fəxarət duyacağam. Mən məktəbli olanda qardaşım artıq Bakıda yaşayırdı, tanınmış xanəndə idi. Kəndə hər gəlişi toy-bayram olurdu. Bu toy-bayram təkcə ailəmizə, kənd adamlarına aid olmurdu. O zaman evimizdə telefon yox idi. Lənkəran şəhərinin tanınmış ziyalıları haradan, necə xəbər tuturdularsa, bizim evə Canəlidən qabaq  yığışardılar. Onların görüşmələri, qucaqlaşıb öpüşmələri qeyri-adi olardı. Sanki bu adam Həcc ziyarətindən, Kərbəla səfərindən qayıdıb. Canəli həmin gəlişlərində təkcə şəhər ziyalıları ilə görüşməz, gedə bilmədiyi xeyir-şər yerlərinə baş çəkər, kənd ağsaqqallarıyla görüşər, bir növ öz həmkəndlilik borcundan çıxardı. Bilirsiniz ki, atam Xanəli Əkbərov dövrünün sayılan xanəndələrindən olub. Radio-televiziyanın fonotekasında, filmotekasında az da olsa, lent yazıları qalır. Lakin bu lent yazıları ömrünün ixtiyar çağlarının səs yadigarlarıdır. Atam Xan əmiylə, Zülfü bəylə dostluq münasibətlərində idi. Zülfü Adıgözəlov ona qaval bağışlamışdı. Xalq artisti Bəhram Mansurov xatirələrində yazır ki, Xanəli Əkbərov düz 25 il kiçik qardaşı Nadir Mansurovun və dahi Müslüm Maqomayevin tələbəsi, möhtəşəm kamança ustası İsmayıl Talışinskinin kamançasına oxuyub. Özü muğamın, el-obanın ağsaqqalı olsa da, məndən kiçik qardaşlarımı bir şuluqluq eləyəndə Canəli müəllimlə qorxudardı, "Qoy o oğlan kəndə gəlsin, sizin şikayətinizi ona edəcəyəm" deyərdi. Mülayim təbiətli atam böyük qardaşımızı özünün də ağsaqqalı sayardı.

Böyük qardaşım tələbəlik illərində mənə atalıq qayğısı göstərirdi. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alarkən 5 il onların evində qalmışam. Məni övladlarından ayırmaz, bütün maddiyyatımı ödəyərdi. Tələbə yoldaşlarımın əksəriyyəti ya yataqxanada, ya da kirayədə qalırdı. Mənsə qardaşımın hər cür təminatlı mənzilində qalırdım. Bundan başqa, hər bir hərəkəti həyat dərsi idi. Mən ondan həyat dərsi, kişilik dərsi alırdım. Qapısı daim açıq idi. Bir də gördün dahi Xan əmi külfətiylə gəldi. Başqa gün baxardın ki, Əbülfət Əliyev gəldi, ya ayrı gün Yaqub Məmmədov təşrif gətirdi. O dövrün öndə gedən xanım xanəndələri - Rübabə Muradova, Sara Qədimova, Şövkət xanım, Tükəzban xanım ailənin daimi qonaqları idi. Gəlinimiz Arifə xanımın ləzzətli yeməklərindən bəh-bəhlə nuş edərdilər. Biz tanınmış qonaqlara xidmət etməkdən xüsusi zövq alardıq. Bütün bunlar bu gün unudulmaz xatirələrdir. Lənkəranda Şağlaser kəndi var, onlar muğama, qəzələ həssaslıqda Bakının Nardaran kəndi ilə müqayisə oluna bilər. Hər çalıb-oxuyanı qəbul etməzlər. O kənddə qadınlar da muğamı dərindən bilir. Bir gün tanınmış xanəndələrdən biri deyir ki, bu gündən Şağlaser kəndinin adını qara siyahıma yazdım. Məni bəyənmədilər. Həmin xanəndə "Bayatı-Şiraz" oxuyanda toyu mağarın arxasından izləyən qadınlar söyləyirlər ki, muğamın qol-qıçını sındırdı, Canəli Əkbərov olsaydı, bunu belə oxumazdı.

...Canəli Əkbərovla mən 1980-ci illərin əvvəllərindən mehriban münasibətlərdə olmuşam və bu səmimi dostluğa İlahinin ayırdığı müddət 40 il oldu. Bütün bu müddət ərzində onu zahirən həmişə şux, xoş ovqatlı görsəm də, qayğılarının az olmadığı da hər zaman sezilirdi. Canəli ailəcanlı, övladcanlı insan idi. Lap cavanlığından qohum-əqrəba yükünün ağırlığı həmişə onun çiyinlərində olmuşdu. Onu qayğılı edən də məhz həmin yükün məsuliyyəti, hər dəfə bir başqa yaxınının hansısa dərdinə çarə tapmağa, hansısa umacağını həll etməyə can atması idi. Amma təbii ki, öz övladlarına münasibətdə daha həssas, daha nəvazişkar idi. O vaxt, 2025-ci ilin martında, yazağzı - səsində, xatirələrində Canəlini təzədən canlı görmək istədiklərimdən biri də qızı Sevinc idi. Onunla söhbəti belə başlamışdım ki, atası hamının tanıdığı bir insan olmaq, əlbəttə, şərəfdir, xüsusən kiçikkən məktəbdə oxuyanda, gənc tay-tuşlarınla oturub-duranda bundan daha artıq iftixar duyur. Amma tanınmış bir atanın, tanınmış bir valideynin övladı olmağın özünün həm də məxsusi məsuliyyəti var. Gərək elə davranasan, cəmiyyət içərisində elə hərəkət edəsən ki, dodaq büzən, ardınca danışan olmasın ki, bax filankəsin övladı özünü necə aparır. Sevinc xanımı söhbətə kökləmək üçün sözü bir qədər uzatmışdım ki, tam sərbəstləşsin. Söyləmişdim ki, həyatı uzunu Canəli muğamatı sevib, şeiri sevib, sənəti sevib, amma təbii ki, balasını onların hamısından çox sevib. Siz onun ürəyinin bir parçasısınız. Çünki bilirəm ki, Canəli övladları, nəvələri sevən, ailəyə sədaqətli adam idi. Onda bu keyfiyyətlər olmasaydı, bəlkə heç o cür yaxşı da oxuya bilməzdi əslində. Cünki muğamat elə məhək daşıdır ki, onu yaxşı oxuya bilmək üçün gərək  içəridən də mütləq saf, dürüst adam olasan.

Sevinc xanım Salayeva qayıtmışdı ki, mən ailəmizin ilk qızıyam. İki qardaşım məndən böyük, iki bacım isə kiçikdir. Əksər qız uşaqları kimi, kiçik yaşlarımdan atama çox bağlı idim. Atam son dərəcə ailəcanlı idi. Xarici səfərlərə gedəndə də çatan kimi evə zəng vurardı. Mobil telefonların olmadığı dövrlərdən danışıram. Anamla danışmasa, rahatlıq tapmazdı. Beşimizlə də danışıb, səsimizi eşidəndən sonra arxayın olardı. Bizi şəhərə gəzməyə aparanda, sanki dərs keçirmiş kimi, hər bir tarixi, mədəniyyət abidələri barədə məlumat verərdi.

Sonralar nəvələrini gəzdirəndə də bu adətini davam etdirərdi. Deyərdim ki, atam balalarıyla nəfəs alan bir şəxs idi. Sonra bu eşqi nəvələrinə, daha sonra nəticələrinə aşıladı. Şənbə-bazar günləri nəvə-nəticələri evimizə yığışanda sanki bir toyun adamı olardı. "Canbaba" dedikləri babalarına bir dünya sevinc bəxş edərdilər. Ümumiyyətlə, evimiz qonaq-qaralı idi. Elə sənət adamı tapılmaz ki, bizim evdə olmasın, anamın bişirdiyi təamlardan dadmasın. Atam gülərüz, xoşrəftar olduğu qədər də, sərt və tələbkar idi. Ədəb-ərkan sevər, artq hərəkətdən zəhləsi gedərdi. Biz bir yerə gedəndə qayıdana qədər rahatlıq tapmazdı. Məktəbli dövrümdə adımı musiqi məktəbinin rəqs qrupuna yazdırmışdım. Evə gəlib məni görməyəndə anamdan soruşur ki, uşaq hardadır? Anam rəqs qrupuna yazıldığımı deyəndə atam elə gəldiyi kimi də qayıdıb ardımca məktəbə yollanır. Məni fikrimdən daşındırdı. Ümumiyyətlə, övladlarını - heç birimizi incəsənət sahəsinə yaxın buraxmırdı.

Sevinc xanımı dinləyirdim və xəyalımdan daha əvvəllərdə mənə ürək açmış qadınlı-kişili müxtəlif sənətkarların, həm də sıradan olanların deyil, üstünlərin sözləri düşürdü. Onlar sənət ömürləri ərzində yaradıcılıqlarının onlara verdiyi bütün sevincləri, ləzzətləri, şöhrətləri, təltifləri, təminatları tərəzinin bir gözünə, qarşılaşdıqları çətinlikləri tərəzinin digər gözünə qoyanda heç vəchlə rəva bilmirdilər ki, nə qədər istedadlı olsa belə, ciyərparaları sənətə bağlansın, onlar çəkəni çəksin.

Danışdıqca, atasıyla olan günlərin xatirələr lenti fikrində kadr-kadr dəyişdikcə elə Sevinc xanımın üzünün ifadəsindən duyurdum ki, içərisindən nələr keçir. Çox gözlətməmişdi, özü də etiraf etmişdi ki, söhbətlərimiz onu gənclik illərinə qaytardı: "Yadımdadır, "Axşam görüşləri"ni bazar günləri atamla birgə dinləyərdik. Bir verilişi də ötürməzdik. Bu gün atama həsr etdiyiniz verilişə görə ailəmiz, xüsusilə anamın adından xüsusi minnətdarlıq bildirirəm. Var olun, hər zaman yazın-yaradın. İndi onun haqqındakı bu veriliş səslənəndə bir vaxtlar atam edən kimi, mən də uşaqları, atamın nəvə-nəticələrini başıma yığacağam, birlikdə qulaq asacağıq. Bunları deyə-deyə yadıma bir əhvalat düşdü. Ali məktəbdə dövlət imtahanı verirdim. Bileti çəkəndə baxdım ki, bütün sualları bilirəm. Dərhal cavab vermək istədiyimi söyləsəm də, müəllim oturub fikirləşməyimi tapşırdı. Bu anda sinif nümayəndəmiz mənim Canəli Əkbərovun qızı olduğumu söylədi. Müəllim də təəccüblə söylədi ki, 4 il müddətində Sevincin Canəli Əkbərovun qızı olduğunu ilk dəfə eşidirəm. Əlavə etdi ki, mən Canəlinin aşiqiyəm, Canəli Əkbərov muğam sənətimizin cəh-cəh vuran bülbülüdür, görək qızı necə cavab verəcək. Atamın adı çəkiləndə ürəyim başladı bərk-bərk döyünməyə, dərhal cavab versəydim, bəlkə daha yaxşı danışardım, indi isə həyəcanımdan "beşlik" deyil, "dördlük" cavab verdim. Bunu müəllim də hiss etdi. Dedi ki, çox da cavabın yaxşı bir "4"ə layiqdir, bunun da üstünə atanın səsinin şərəfinə "1" bal da mən artırıram, "5" alırsan!

Hədsiz sevindim. Təkcə ona görə yox ki, yüksək qiymət almışdım. Məni daha çox fərəhləndirən atama olan hörmət, onun adının qarşımızda hər qapını açması idi.

Elə daim belə olub. Atamın adı bizim üçün hər yerdə, hər zaman "yaşıl işıq" yandırıb. Anama hərdən deyərdim ki, səni də çox istəyirəm, amma atanı səndən neçə pillə çox istəyirəm. Anam da bundan inciməzdi, əksinə, sevinərdi. Atam mənə deyərdi ki, sən həm mənim qızımsan, həm gəlinimsən, həm dostumsan. Bir gün Mələkxanım Əyyubova bizə zəng vurmuşdu, dəstəyi mən qaldırdım, soruşdu ki, danışan kimdir, adımı dedim. Qayıtdı ki, nə yaxşı oldu, sənin səsini eşitdim, sənin adın Canəli müəllimin dilindən heç düşmür, sözünün əvvəli də Sevincdir, axırı da".

Səhnədəki, el şənliklərindəki Canəlini çoxları görüb və onun oturuşunun-duruşunun, hərəkətlərinin də elə sənəti kimi nizamlı, ölçülü-biçili olmasını da, yəqin, hər kəs müşahidə edib. Fəqət onu öz evində, doğmaları arasında yaxınlarından savayı görən az olub. Mən ki görmüşdüm, o evə, o ailəyə simsar olan adam kimi Canəlinin necə bir nümunəvi, köhnə Azərbaycan kişilərinə xas ağırtəbiətliliyi, sanbalı hər nöqtədə necə gözlədiyini dəfələrlə daxili məmnunluqla seyr etmişdim. İndi qızı danışırdı və evin içərisindəki Canəlini təsvir edirdi və bunları gərək siz də eşidəsiniz-biləsiniz ki, sabah Canəli Əkbərovun oxusunu dinləyəndə bu da nəzərinizdə ola: "Atam səliqə-sahmanı çox sevərdi. Süfrədə hər şey yerində olmalı idi. Adi baxışından nəyinsə yerində olmadığını bilərdik. Amma sağlamlığının qeydinə qalmazdı. İradımızı bildirib, həkimə getməyi məsləhət biləndə, söylərdi ki, yaxşıyam, mənə nə var ki, oxuyuram, elə özüm özümü ruha gətirib sağaldıram. Bu sözündə həqiqət də vardı. O, muğamın, xalq musiqisinin Məcnunu idi. İki cavan balasını itirsə də, yaşayırdı, amma muğamsız yaşaya bilməzdi. Hərdən evdə lent yazılarını qoyur, dəfələrlə qulaq asırdı. Bu anlarda həm öz ifalarından ləzzət alır, həm də özünə ən kəskin tənqidçi kimi yanaşırdı. Sənət dostlarının ifalarına belə münasibət bəsləyirdi. Bunu kimsə başa düşərdi, nəticə çıxarardı, kimisə süngüylə qarşılayardı. Adam var torpaq uğrunda şəhiddir, Vətən uğrunda şəhiddir. Atam muğamın şəhidi oldu. Canı qədər sevdiyi muğamın. Balaları qədər sevdiyi muğamın ömrü boyu bir notuna da xələl gətirmədi. Tələbələrinə də nəsihəti, vəsiyyəti bu idi ki, amanın günüdür, qoymayın muğamatın halalına haram olan nəsə qatışsın".

Ataların "su axar, çuxurunu tapar" məsəlinin həqiqətinə əyani şahid olmaq istəyən Nurəddin Salayevi tanısa, yetər. Tale onu Canəli Əkbərovun ailəsiylə -sevimli qızı ilə qovuşdurub və Nurəddin də bu ailəyə kürəkən yox, əsl oğul olub.

Mənim yadıma yadımdan çıxanı salır. 1990-cı ildə Canəli haqqında növbəti verilişimi hazırlamaqçün səsyazanımı da götürüb evlərinə getmişdim, o xatirimdədir ki, tək deyildim, bir neçə qonaq da gəlmişdi və sən demə, o gün həmin qonaqlarla gələnlərdən biri də Nurəddin imiş: "Hə, o gün, 1990-cı illərin əvvəllərində siz Canəli müəllim haqqında veriliş hazırlayanda mən də sizinlə bir süfrə arxasında oturmuşam. Sizi o vaxtlardan tanıyıram. Ancaq ondan qabaq da Azərbaycan radiosundan sizin müəllifi və aparıcısı olduğunuz verilişlərdən tanıyırdım. Amma bundan da əvvəl təxminən 1987-ci və ondan sonrakı illərdə sizin üç kitabınız çıxmışdı. Mən o kitabları alıb oxumuşdum. Siz yeganə yazıçı olmusunuz ki, əsərlərınızı oxuyanda səsinizi eşidirdim. Sanki siz özünüz onları mənə danışırsınız".

Nurəddin danışır və Canəli Əkbərovun öz sənətini cilalama gedişinin xeyli ayrıntılarını açır. Danışır ki, Canəli müəllim öz ifalarını da dinləməyi çox xoşlayardı. Mənə deyərdi ki, hər hansı muğamı qoy, qulaq asaq. Özü də yüksək səsdə qulaq asmağı xoşlayardı. Demək olar ki, televizorun bütün səsini verərdim. Dinləyərdi, muğamın müəyyən söbələrinə təkrar-təkrar qulaq asardı. Sonra deyərdi, tarı gətir.  Çalardı və bayaq qulaq asdıqlarının bəzi hissələrini oxuyardı, deyərdi ki, orda yaxşı oxumamışam, belə olsa yaxşıdır. Yəni həmişə özünə tələbkar yanaşar, oxuduqlarını daha gözəl eləməkçün durmadan çalışardı".

Nurəddinin Canəli Əkbərovun səs irsi ilə yerinə yetirdiyi bir işə isə ən dərin  minnətdarlıq yaraşır. Radioda-televiziyada nə oxuyub, hamısını yığıb. Bu heç, asanı budur, ardınca olsa, başqaları da hər xanəndənin, müğənninin müxtəlif illərə aid fonotekada, videotekada olan səs yazılarını elə həmin təhər cəmləyə bilər. Amma Canəli yalnız oralarda oxumayıb axı! Toy-düyündə, görüşlərdə, tədbirlərdə də çox oxuyub. Bunların da əksərini həvəskarlar lentə alıblar. Nurəddin illərdir ki, həmin itib-bata biləcək yazıların ardıncadır. Gücü çatdıqca bircə-bircə toplayır: "Allaha şükür, indi imkanlar artıb. Mən illərdən bəri Canəli müəllimin bütün arxivlərini - harada nə oxuyubsa, nə danışıbsa, çalışmışam əldə edim, qoruyum. İndi sosial şəbəkələr geniş fürsətlər verir, öz Youtube kanalımı açmışam. Canəli müəllimin bütün külliyyatını orada yerləşdirmişəm, xalqın istifadəsinə vermişəm. İndi xalq istədiyi anda, Canəli müəllimin ifasında nəyi xoşlasa, dinləyə bilir. Bakı kəndlərində möhtəşəm toylar olardı. Canəli müəllim bilirdi ki, biz muğamı sevirik. Deyərdi ki, Kürdəxanıda, Hövsan kəndində, Nardaranda möhtəşəm toy olacaq, çoxlu xanəndələr dəvətlidir, siz də gəlin. Biz də gedib həmin toylardakı füsunkar oxumaqlardan feyziyab olmuşuq. Bizim çox sevimli xanəndələrimizlə yanaşı, Canəli müəllim də o toylarda iştirak edirdi. Orada elə möcüzələrin şahidi olmuşuq ki, sözlə ifadə etmək mümkün deyil. Həmin toylardan da neçəsinin lentini əldə edib köçürmüşəm, Youtube kanalımda yerləşdirmişəm. Lakin izinə düşdüyüm, sorağını aldığım bir çox yazılar da var ki, hələ gəlib əlimə çatmayıb. Onların da ardıncayam".

...O toylar daha olmayacaq. Qurtardı o toylar. Cünki o toylar o xanəndələrə  bağlı idi, o xanəndələrsə onların oxuduqlarının cikinə-bikinə elə onlar qədər vaqif olan, bu səslərdən hər üzünə zövq almağı bacaran səriştəli dinləyicilərə bənd idilər. Muğam müsabiqələrinin hələ uzaq gələcəkdə sayrışdığı, muğam konsertlərinin radioda həftədə bitcə dəfə bircə saat verildiyi əyyamlarda Abşeron camaatı muğam müsabiqələri də təşkil edirdi, heç bir radio və televiziyanın bu cür məharət və məlahətlə qura bilməyəcəyi konsertləri də araya-ərsəyə gətirirdi.

Bir məclisə bir xanəndə və tək tarçı, tək kamançaçı gətirməklə ürəklər soyumurdu. Məclisdə ustad xanəndələr qatarlanırdı. Hacıbaba Hüseynovun bir tərəfində Yaqub Məmmədov otururdu, o biri yanında Canəli Əkbərov. O tərəfdə Ağaxan Abdullayev əyləşirdi, böyründə İslam Rzayev. Bir yanda Alim Qasımov, yanaşı əyləşən Arif Babayev. O xanəndələr həyatlarının ən gözəl ifalarını belə toylarda edərdilər. Televiziyada, radionun Səsyazma evində onlar hamımızın sonralar dönə-dönə eşidib heyran qaldığımız oxularını lentə aldıranda onları dinləyənlər kim olub? Həmin anda yazılış gedən məkandakı 5-6 nəfər - yazılışa nane olmasınlar deyə cınqırlarını çıxarmayan operatorlar, rejissorlar, redaktorlar.

Əjdahaların bir-birinin bəhsinə daha da cuşa gəlib sənət hünərləri göstərdikləri o cür toy mağarlarında olardı 100, uzaqbaşı 150, lap çoxu 200 adam. Ancaq həmin anda o xanəndələr, o çalğıçılardan ötrü bu 100, bu 150, bu 200 nəfər milyonlara bərabərdi. Həm də sadə milyonlara yox, anlayan milyonlara. Bu muğam cıdırında özünü unudaraq sona qədər necə çapmayasan, möcüzə doğurmağa necə can atmayasan?! Canəli belə sınaqlardan keçə-keçə, belə cıdırları qət edə-edə Canəli olmuşdu, muğam fatehlərimizin ən güclülərindən birinə çevrilmişdi.

Odur ki, o toylar olmayacaq, qurtardı. Yəni toylar olmağına olacaq, yenə insanlar evlənəcək, ailə quracaq, musiqi də səslənəcək, alqışlar da gurlayacaq, ancaq o xanəndələr olmayacaq, o tamaşaçılar olmayacaq. Ona görə də onlardan - o misilsiz xanəndələrdən, o müstəsna dinləyənlərdən qalan nə varsa, irsdir, sərvətdir, bütün millətə aid dəyərdir. Gərək hamısı yığıla, qoruna, sabahlara ötürülə. Gərək Nurəddin Salayev kimi belə nəcib yığıcılıq işini görənlər də çox ola!

Xalq artisti Canəli Əkbərovdan danışanda unudulmaz müğənnimiz Sara Qədimova söyləyərdi ki, o, xas xanəndə, bütöv xanəndə, həmişə ehtiyatda 40-cı fəndi olan xanəndədir.

Bu, qətiyyən sadə müşahidə deyildi.  Bu, istər xanəndənin, istərsə də, başqa hər hansısa sənət sahəsində ad çıxarmış bir insanın peşəkarlıq, peşəkarlıqdan da daha artıq DƏRİNLİK, KAMİLLİK ölçüsüdür. 

Başlanğıcda o qırxıncı fənd söhbətini pəhləvanlarla aid etmişdilər. Sonra bəlli oldu ki, bu elə qiymətdir, əslində hə kəsə uyğun gəlir. Sən hansısa sənəti, peşəni, elmi yaxşıca öyrənərsən, hamı da səni qəbul edər. Lakin bu azdır. Gərək dərinlərə işləyən kökün ola, sədası uzaqlardan gələn təcrübən qat-qat yığıla. Bu, insana tükənməzlik verir, daraqdakı bütün güllələr bitəndən sonra da sənin yenə atəş aça biləcəyin ehtimalını qüvvədə saxlayır.

Xanəndəsənsə, bir məclsidə sanki hər oxunmalılar oxunub bitəndən sonra da, gərək ətrafdakıları heyrətləndirmək üçün boxçanda həmin qırxıncı fənd sayılan ehtiyatın və ehtiyatların olmuş ola. Həm də o həddə ki, məqamı yetişəndə bunu özünə zor edərək axtarmayasan, elə içərin bədahətən bunu qaynayan bulaq kimi üzə çıxara. Hətta yeri düşəndə səsin xəstə olanda belə ustalığının, gizlindəki qırxıncı fəndlərinin hesabına elə oxuyasan ki, cana yatasan, diksindirməyi bacarasan.

Canəlidə bunların hamısı vardı və o, musiqi mühitimizdəki əlini ürəyinin üstünə qoyaraq arxayınca "əsl xanəndə" deyə biləcəyin təklərdən idi.

...Canəlinin ata yurdu, doğulub boya-başa çatdığı Tükəvilə kəndi Azərbaycanın yüzlərlə irili-xırdalı kəndi arasında hansısa xüsusi əlamətləri ilə seçilməyən bir balaca yaşayış məntəqəsidir. Ancaq o kənddən çıxmış bir övladın sayəsində Tükəvilə Azərbaycanın mənəviyyat, mədəniyyət xəritəsində şərəfli bir mərtəbəyə ucaldı.

Canəli Əkbərov məlahətli avazı ilə sənət üfüqlərimizin yüksəklərində qaldıqca, öz doğma ata-baba yurdunu da, bütöv Azərbaycanı da qaldıracaq, nurlandıracaq, şərəfləndirəcək. Ruhları həmişə şad edə bilənin, əlbəttə ki, özünün də ruhu gərək daim şad ola!

31 yanvar, 2026

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr