AZ

İranı qoruyan gizli güc : Tramp hücuma keçdi, region üçün anons verildi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt ritorikası və Körfəz hövzəsində artan hərbi-siyasi fəallıq regionu təhlükəli mərhələyə sürükləyir. Vaşinqtonun hərbi müdaxiləsiz, təzyiq və qorxu mexanizmləri üzərindən Tehrana boyun əydirmək cəhdləri Yaxın Şərqdə güc balansını yenidən sual altına qoyub.

Neft yolları, Hörmüz boğazı və Körfəzin dərin suları fonunda aparılan bu strateji oyun Tramp üçün ya “müharibəsiz qələbə”, ya da ABŞ-ın növbəti böyük geosiyasi batabatı ola bilər.

Tramp Körfəzin dərin sularında “qərq olacaq”, yoxsa İranı ram edə biləcək? ABŞ prezidenti müharibəsiz qələbə qazanmağı, Tehranı qorxu yolu ilə özünə tabe etdirməyi bacaracaqmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun “İranla danışıqlar aparmaq oksigen israfıdır” fikri təsadüfi deyil:

“Con Bolton təcrübəli siyasətçidir və bu ifadəsi yersiz deyil. O, haqlı olaraq hesab edir ki, İranla aparılan danışıqlar nəticəsiz bir prosesdir. Tehranın atdığı son addımlara diqqətlə baxsaq, sistemsiz, məkrli və ziddiyyətli bir xətt izlədiyini görərik. Ola bilsin ki, bu, onların nümayiş etdirmək istədiyi siyasətdir.

Ümumiyyətlə, İran siyasətçilərinin hiyləgər, yoxsa çox ağıllı olması ilə bağlı cəmiyyətdə müəyyən təsəvvür var. Lakin görünən odur ki, İran hakimiyyəti də təkbaşına hərəkət etmir. Yəni Tehranın arxasında onu qoruyan müəyyən gizli güc mərkəzləri mövcuddur. Məhz buna görə də belə arxayın davranırlar.

ABŞ Prezidenti Donald Tramp İran məsələsini həll etməkdə qərarlıdır. Amma bunu reallaşdırmaq o qədər də asan deyil. Üstəlik, İranın ali rəhbəri Əli Xameneinin özünəməxsus psixoloji portreti var. O, 30 ildən artıqdır hakimiyyətdədir və davranış modeli tamamilə fərqlidir. Sərt addımlar atmaqdan çəkinməyən bir fiqurdur. Bu isə ABŞ üçün qeyri-adi və çətin yanaşma yaradır”.

Əli Mustafayev

Siyasi şərhçi bildirib ki, Omanın vasitəçiliyi ilə aparılan danışıqlara diqqət yetirmək lazımdır:

“Əgər Con Boltonun ehtimalları doğru çıxarsa, vəziyyət daha da gərginləşə bilər. İran rejimi faktiki olaraq artıq öz davamlılığını itirmək üzrədir. Xalq narazıdır, rejim isə bu narazılığı aradan qaldıra bilmir. Ölkəyə tətbiq edilən sanksiyalar İran iqtisadiyyatını ciddi şəkildə zəiflədib. Hətta ABŞ hərbi müdaxiləyə getməsə belə, bu iqtisadi təzyiqlər rejimin sonunu gətirə bilər.

Hər halda, müharibə baş verərsə, ABŞ-ın qalib gəlmə ehtimalı daha yüksəkdir. Xüsusilə hərbi müdaxilə ilə paralel olaraq ölkə daxilində kütləvi ayaqlanmalar baş verərsə, bu ssenari reallığa çevrilə bilər. Görünür, daxili və beynəlxalq faktorlar hazırda ciddi şəkildə hesablanır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
globalinfo.az

1Mənbələr