“Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi daha çox regional təhlükəsizlik dinamikaları və Azərbaycan–İran münasibətlərinin struktur xarakteri baxımından şərh oluna bilən siyasi hadisədir”.
Bu sözləri NOCOMMENT.az-a politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, bu görüşün nə spontan diplomatik jest, nə də sadəcə ikitərəfli münasibətlərin rutin epizodu kimi qiymətləndirilməsi düzgün olmazdı:
“Görüş Cənubi Qafqazda formalaşmaqda olan yeni güc balansının fonunda atılmış ölçülmüş və rasional addımdır.
Görüşün zamanlaması xüsusi diqqət çəkir.Yaxın Şərqdə İran–İsrail qarşıdurmasının kəskinləşməsi, İran ətrafında hərbi-siyasi təzyiqlərin artması, paralel olaraq Cənubi Qafqazda kommunikasiya xətləri, xüsusilə Zəngəzur istiqamətində gedən proseslər Tehran üçün təhlükəsizlik baxımından yeni risklər formalaşdırır. Bu kontekstdə İranın məhz müdafiə blokuna cavabdeh olan yüksək rütbəli nümayəndə ilə Bakıya üz tutması, Azərbaycanın regionda təhlükəsizlik baxımından açar aktor kimi qəbul edildiyini göstərir.
Azərbaycan tərəfi üçün bu qəbul bir neçə əsas vacib sayılan səbəblə izah oluna bilər.
Birincisi, Bakı regionda mümkün eskalasiya risklərinin öz ərazisinə və milli maraqlarına sirayət etməsinin qarşısını almaq məqsədilə birbaşa və açıq dialoqa üstünlük verir.
İkincisi, İran tərəfindən zaman-zaman səsləndirilən ziddiyyətli bəyanatlar və dolayı təhdidlər fonunda bu görüş qeyri-müəyyənlik mühitini daraltmaq və qırmızı xətləri birbaşa şəkildə çatdırmaq vasitəsi kimi çıxış edir.
Üçüncüsü isə, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna sadiq qalaraq göstərir ki, ölkə nə regional qarşıdurmaların alətinə çevriləcək, nə də öz təhlükəsizliyini üçüncü aktorların gündəminə tabe edəcək”.
Politoloq deyib ki, İranın baxış prizmasından səfərin motivasiyası daha çox müdafiə xarakterlidir:
“Tehran bir tərəfdən beynəlxalq və regional təcridin dərinləşdiyi şəraitdə qonşu dövlətlərlə münasibətləri idarəolunan müstəvidə saxlamağa çalışır, digər tərəfdən isə Cənubi Qafqazda Türkiyə–Azərbaycan tandeminin güclənməsini və Qərb–İsrail faktorunun artan təsirini balanslaşdırmaq niyyətindədir. Bu mənada Bakı ilə birbaşa təmaslar İran üçün həm informasiya toplama, həm də mümkün riskləri qabaqlama aləti kimi çıxış edir.
Görüşün Prezident səviyyəsində keçirilməsi isə xüsusi siyasi mesaj daşıyır. Bu, Azərbaycanın özünü regionda obyekt yox, subyekt kimi təqdim etməsinin, təhlükəsizlik mövzularında yalnız vasitəçi yox, qərarverici aktor statusunu təsdiqləməsinin göstəricisidir. Eyni zamanda bu qəbul, Azərbaycanın heç bir dövlətə qarşı platforma rolunu oynamadığını, lakin öz ərazisindən hər hansı təhlükə və təhdid mənbəyinə çevrilməyə də qətiyyən imkan verməyəcəyini açıq şəkildə ortaya qoyur.
Strateji prizmadan yanaşdıqda, bu görüşü “qarşıdurmanın idarə olunması və risklərin azaldılması diplomatiyası” çərçivəsində qiymətləndirmək mümkündür. Burada məqsəd tərəflər arasında dərin etimad qurmaqdan daha çox, eskalasiya ehtimalını minimuma endirmək, yanlış hesablamaların qarşısını almaq və regional sabitliyi real güc balansına uyğun şəkildə qorumaqdır. Azərbaycan bu prosesdə emosional reaksiyalardan uzaq, praqmatik və strateji düşüncəyə əsaslanan xətt yürüdür.
Prezident İlham Əliyevin İranın müdafiə naziri ilə görüşü Bakının regional siyasətdə özünəinamlı, ölçülü və rasional davranış modelinin növbəti təsdiqidir. Bu addım nə güzəşt, nə də geri çəkilmədir; əksinə, gücünü anlayan və onu dialoqla tamamlayan dövlət davranışının nümunəsidir”.
Atilla Rzasoy