AZ

Alimlər əsnəmənin beyin üzərində təsirini araşdırarkən gözlənilməz nəticələrlə üzləşiblər

Əsnəmə təkcə yorğunluq və ya darıxma əlaməti deyil, eyni zamanda, beyin funksiyalarına ciddi təsir göstərən mühüm fizioloji prosesdir. Avstraliyanın Yeni Cənubi Uels Universitetinin neyrobioloqları əsnəmənin beyin və onurğa beyni üçün vacib qoruyucu maye olan beyin-omurilik mayesinin axınına təsir etdiyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın ilkin nəticələri bioRxiv elmi platformasında dərc olunub.

Araşdırma çərçivəsində 22 sağlam könüllünün baş və boyun nahiyəsi maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə müayinə edilib. İştirakçılardan əsnəmələri, dərin nəfəs almaları, əsnəməni boğmaları və normal nəfəs almaları xahiş olunub. Alimlər əsnəmə və dərin nəfəs almanın oxşar tənəffüs mexanizmlərinə malik olduğu üçün nəticələrin də bənzər olacağını gözləsələr də, əldə edilən nəticələr fərqli olub. Məlum olub ki, əsnəmə zamanı beyin-omurilik mayesi beyindən uzaqlaşaraq dərin nəfəs alma zamanı müşahidə olunan istiqamətin əksinə hərəkət edir.

Neyrobioloq Adam Martinak bu barədə bildirib:
“Əsnəmə zamanı yaranan hərəkət dərin nəfəs almadan fərqli olaraq beyin-omurilik mayesinin axın istiqamətini dəyişir. Bu nəticəni qətiyyən gözləmirdik.”

Araşdırma göstərib ki, həm əsnəmə, həm də dərin nəfəs alma beyindən venoz qan axınını artıraraq yeni arterial qanın daxil olması üçün şərait yaradır. Maraqlıdır ki, əsnəmənin ilkin mərhələsində yuxu arteriyaları (karotis arteriyaları) vasitəsilə qan axını təxminən üçdə bir qədər artır. Bu da əsnəmənin bir sıra mühüm fizioloji funksiyalara malik ola biləcəyini göstərir.

Alimləri təəccübləndirən digər məqam isə hər bir iştirakçının özünəməxsus və təkrarlanan əsnəmə ritminə sahib olmasıdır. Tədqiqatçılar bunun hərəkətlərin ritmini tənzimləyən və “mərkəzi ritm yaradıcısı” kimi tanınan sinir sistemi mexanizminin fərdi xüsusiyyətləri ilə bağlı olduğunu düşünürlər.

Müəlliflər qeyd ediblər ki, bu elastiklik insanlar arasındakı fərqləri izah edir və əsnəmənin öyrənilmiş davranışdan çox, doğuşdan mövcud olan sinir proqramının bir hissəsi olduğunu göstərir.

Bununla belə, orqanizmin bu mexanizmə niyə ehtiyac duyduğu hələ də tam aydın deyil. Mövcud hipotezlərdən birinə görə, əsnəmə beynin “təmizlənməsinə” və metabolik tullantıların xaric olunmasına kömək edir. Digər nəzəriyyə isə əsnəməni beynin soyudulması və optimal temperaturun qorunması ilə əlaqələndirir.

Alimlər vurğulayıblar ki, əsnəmə mərkəzi sinir sistemi ilə sıx bağlıdır. Məsələn, daha böyük beyin həcminə malik növlərdə əsnəmə müddəti daha uzun olur. İnsanlarda və bir çox heyvan növündə geniş yayılmış bu davranışın dəqiq funksiyası isə hələ də elm üçün sirr olaraq qalır.

Tədqiqatçılar nəticə olaraq bildiriblər ki, əsnəmə yüksək adaptiv davranış formasıdır və onun fizioloji rolunun daha dərindən öyrənilməsi mərkəzi sinir sistemində tarazlığın qorunması mexanizmlərini daha yaxşı anlamağa imkan verə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr