AZ

Rusiya Zaporoje Atom Elektrik Stansiyasının yenidən işə salınmasına yaxındır – ISW

Rusiya Zaporoje Atom Elektrik Stansiyasını (ZAES) öz enerji şəbəkəsinə qoşmaq və stansiyanı yenidən işə salmaq üzrə işlərini davam etdirir. Vətəninfo.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında məlumat verib.

Hesabatda qeyd olunur ki, 3 fevral tarixində “Rostexnadzor”un Yuxarı Don İdarəsinin icraçı direktoru Andrey Tyurin ZAES-də stansiyanın “əsas əməliyyat və təhlükəsizlik məsələlərini” müzakirə edib. Tyurin və “Rostexnadzor” rəsmiləri bildiriblər ki, stansiyanın ikinci enerji blokunun işləməsi üçün lisenziya “növbəti ay ərzində” veriləcək. Qeyd edilir ki, birinci enerji bloku üçün lisenziya artıq 2025-ci ilin iyun ayında verilib.

Analitiklər vurğulayır ki, son bir il ərzində Rusiya tərəfinin ZAES-i öz enerji sisteminə qoşmaq və stansiyanı tam işlək vəziyyətə gətirmək səyləri yekun mərhələyə yaxınlaşıb.

Zaporoje AES 2022-ci ildən Rusiya işğalı altındadır. Rusiya mediasının məlumatına görə, stansiyanın tam işləməsi üçün su mənbəyinin təmin olunması məqsədilə üzən nasos stansiyasının tikintisinə başlanıb. 2025-ci ilin mayında isə stansiyanı Rusiya enerji şəbəkəsinə qoşacaq elektrik xəttinin tikintisi barədə məlumat yayılıb.

Buna baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hesab edir ki, stansiyanın yaxın zamanda fəaliyyətini bərpa etməsi mümkün olmayacaq.

ZAES-in gələcək statusu ilə bağlı danışıqlar davam edir. Prezident Volodimir Zelenski bildirib ki, ABŞ 33% payı Ukrayna, Rusiya və ABŞ arasında bölüşdürməyi təklif edir və Vaşinqton bu birgə müəssisənin əsas idarəçisi rolunu oynayacaq. Lakin Ukrayna tərəfi isə istehsal olunacaq enerjinin 50%-nin ölkəyə, digər 50%-nin isə ABŞ-a verilməsini təklif edir. ABŞ isə öz payının bölüşdürülməsini müstəqil müəyyən edəcək.

Seçilən
17
veteninfo.az

1Mənbələr