AZ

"Günahkar valideyndir" -

Bu gün İdrak liseyində 10-cu sinif şagirdinin müəlliməyə odlu silahdan atəş açması hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb.Metbuat.az-ın məlumatına görə, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, baş verənlər son dərəcə dəhşətli hadisədir: “Şagird evdən odlu silahı götürür, məktəbə gətirir və müəlliməyə xəsarət yetirir. Burada birmənalı olaraq günahkar valideyndir. Çünki valideyn odlu silahı uşağın görə biləcəyi yerə qoymamalıdır. Ən azından güllə və patronlarını gizlətməlidir. Valideyn diqqətsizliyi və səhlənkarlığı böyük bir faciəyə səbəb oldu”.Ekspertin sözlərinə görə, hadisə ilə bağlı bir sıra ciddi suallar da yaranır:“Azyaşlı uşaq silahdan istifadəni necə öyrənib? Bəlkə bunun istifadəsini də valideyn öyrədib? Bunlar da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Səbəbi nə olursa olsun, ilkin günahkar ailədir. Çünki hər bir uşaq ailənin güzgüsüdür. Məktəbdə, küçədə, marketdə – hər yerdə uşaq ailəsini təmsil edir, ona verilən tərbiyəni nümayiş etdirir”.Təhsil eksperti bu məsələdə məktəbin də məsuliyyətinin diqqətdən yayınmamalı olduğunu bildirib:“Özəl lisey kimi fəaliyyət göstərən təhsil müəssisəsi ilkin olaraq girişdə təhlükəsizlik tədbirlərinə diqqət yetirməlidir. Uşaqda hər hansı bir psixoloji həddi formalaşıbsa, sinif rəhbəri, məktəb psixoloqu mütəmadi görüşlər keçirməli idi. Uşağın o həddə gətirilməsi səbəbləri də araşdırılmalıdır. Amma bu, uşağın atdığı addıma qəti haqq qazandırmır. Bu istiqamətdə məktəb rəhbərliyi məsuliyyət daşıyır. Bizim milli-mentalitetdə şagirdin müəllimə əl qaldırması qəti şəkildə yolverilməzdir”.R.Nurəliyev əlavə edib ki, hadisəyə hüquqi qiymət hüquq-mühafizə orqanları tərəfindən veriləcək:“Hadisənin təfərrüatları araşdırılacaq, günahkarlar müəyyən ediləcək. Bizim yanaşmamız sadəcə məsələnin acı həqiqətlərinin bir daha olmaması üçün ictimaiyyəti diqqətli olmağa çağırışdır. Amma çox təəssüflər olsun ki, səhv ailə tərbiyəsi, məsuliyyətsiz məktəb idarəetməsi bir müəllimin həyatına acı xatirələrlə iz buraxdı, bir şagirdin həyatını və gələcəyini məhv etdi”.Xatırladaq ki, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi öz müəllimini güllələyib. Müəllimin vəziyyəti orta ağır qiymətləndirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
3
metbuat.az

4Mənbələr