AZ

Separatçı ermənilərə Bakıda “ömürlük məhkəmə cəzası”na reaksiyalar...



Rauf Zeyni: “Xalqımıza qarşı müharibə cinayətləri, soyqırım aktları, terror törədənlər öz haqlı cəzalarını aldılar”

Mübariz Göyüşlü: “Məhkəmənin hökmü çox ədalətli oldu”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Təqsirləndirilən Arkadi Qukasyanın üçün isə ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulsa da, hökm çıxarılanadək o 65 yaşına çatdığı üçün barəsində qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Bako Sahakyanın da ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, hökm çıxarılanadək 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilmədiyindən, o, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan isə19 il müddətinə azadlıqdan məhrum olunub.

Bundan əlavə, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəmə prosesində daha 7 nəfər təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə qondarma rejimin “prezidentləri” Arayik Harutyunyan ömürlük, Arkadi Qukasyan vəBako Sahakyan 20 il həbsə məhkum edilib. Bəziləri ömürlük, bəziləri 20, bəziləri 15, 18, 16 il azadlıqdan məhrum ediliblər. Onlar arasında barəsində hələ məhkəmə hökmü çıxarılmayanlar da var. Məsələn, Ruben Vardanyanla bağlı hələ məhkəmənin hökmü verilməyib.

Məhkəmənin qərarına münasibətiniz necədir?

Müstəqil ekspert Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Qarabağın işğal dövründə mənfur qonşularımızın törətdiyi faciələr, soyqırımlar, terror aktları, insanların kütləvi ölümünə səbəb olan digər hərbi cinayətlər o dövrdə bizi hər zaman hiddətləndirirdi: “İnanırdıq ki, nə vaxtsa gözlədiyimiz ədalət günü gəlib çıxacaq, haqq-ədalət məhkəməsi Bakı “Nürnberq prosesi” olaraq qurulacaq və xalqımıza qarşı hərbi, qeyri-insani cinayətlər törədən mənfur düşmənlərimiz ittiham olunacaq, bu ittihama bütün bəşəriyyət şahidlik edəcək. Nəhayət o gün gəldi çıxdı, torpaqlarımız işğaldan azad olundu və əks-hücum, sonra isə lokal antiterror tədbirləri həyata keçirildi.Barələrində tarixi məhkəmə hökmü oxunanlar həbs olundu, müttəhimlər kürsüsündə dayandılar, onların məhkəməsi keçirildi. Məhkəmə də çox ədalətli və qərarlı oldu. Nəhayət fevralın 5-də məhkəmə tərəfindən onlara hökm oxundu. Kimlərəsə ömürlük, kimlərəsə 20, 19, 18, 16, 15 il iş verildi. Onların törətdiyi cinayətlərəadekvat olaraq hökm çıxarıldı. Bəzilərinin isə yaşı 65 yaşdan yuxarı olduğu üçün onlara 20 il iş verildi, Azərbaycan qanunvericiliyinə görə ömrülük həbs cəza verilmədi. Bu da Azərbaycan məhkəməsinin ədalətli mühakiməsindən, ədalətli hökmündən xəbər verir. Mənə elə gəlir, Azərbaycan ictimaiyyəti mənim fikrimlə razılaşar ki, xalqımız bu günü nə az, nə çox 30 il gözləyib. Nəhayət ki, bu günü biz gördük. Bunu bəşəriyyət, insanlıq, bütün ölkələr görsün. Elə ölkələr var idi ki, bizimlə münasibət saxlasa da, amma bizim haqlı mövqeyimizi qəbul etmək istəmirdilər. Onlar görsünlər ki, Azərbaycan xalqına qarşı nə qədər böyük ədalətsizlik, haqsızlıq olub. Bu məhkəmə bunu bir daha bütün bəşəriyyətə nümayiş etdirdi. Nəhayət ədalət zəfər çaldı. Biz tarixi zəfər yaşadıq, eyni zamanda bizə qarşı müharibə cinayətləri törədənləri həbs etdik və onların layiqli cəzası məhkəmə hökmü ilə elan edildi. Xalqımıza qarşı müharibə cinayətləri, soyqırım aktları, terror törədənlər öz haqlı cəzalarını aldılar”-deyə R.Zeyni qeyd etdi.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a məhkəmənin çox ədalətli qərar qəbul etdiyini bildirdi. “Azərbaycan dövlətinə və xalqına, dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə qarşı addımlar atmış, xalqımızı soyqırımlara məruz qoymuş şəxslərlərlə bağlı məhkəmənin verdiyi qərar çox ədalətlidir. Biz neçə ay idi ki, biz bu məhkəmə prosesini müşahidə edirdik. Hesab edirəm ki, hazırda verilən qərar adekvatdır. Bəzi şərhlərə, bu cinayətlərdən əziyyət çəkən insanların qeydlərinə görə, Azərbaycan məhkəməsi humanizm prinsiplərini nəzərə alaraq qərar çıxarıb. Hətta onlara qarşı daha sərt qərarların qəbul edilməsini tələb edənlər də var idi. Bunu sosial şəbəkələrdəki paylaşımlarda görürük. Sizə deyim ki, Ermənistan və ermənilər azərbaycanlılara qarşı heç zaman belə humanist davranmadılar, onlar günahsız insanları öldürdülər, məhv etdilər, soyqırıma məruz qoydular. Amma biz bu cinayətləri törədənləri Azərbaycan xalqının və dünyanın gözü qarşısında mühakimə etdik və onların cinayətlərini sübut etdik, bu cəzanı haqq etdiklərini dəlillərlə, faktlarla göstərdik. Onlar layiq olduqları cəzanı aldılar və məhkəmənin hökmü çox ədalətli oldu”-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr