AZ

“Bavariya” indi də debütantla bacara bilmədi - İCMAL

Tur cümə günü “Köln”ün “Volfsburq” üzərində minimal qələbəsi ilə start götürdü.

"Fooball-plus.az" xəbər verir ki, “keçilər” evdə ardıcıl 2-ci qələbəni bayram etdilər. Halbuki bu seriyaya qədər komanda evdə ardıcıl 4 qarşılaşmada fanatlarını sevindirə bilməmişdi. Heç cür istədiyi nəticələri əldə edə bilməyən və pley-off zonasınadan cəmi 1 xal öndə olan “Volfsburq” isə son 6 turda 4-cü dəfə uduzdu.

“Hoffenhaym” futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməkdə davam edir. “Union”la ev matçında problem yaşamayan “kəndçilər”in bundesliqada qələbə seriyası 5 oyuna yüksəldi. Bu, komandanın Yulian Naqelsmannın başçılığı altında 4-cü pilləni tutaraq ÇL-in təsnifatına vəsiqə qazandığı 2016/17-dən bəri ən yaxşı seriyasıdı. “Qara zolaq”dan heç cür çıxa bilməyən “Ayntraxt” evdə “Bayer-04”ə də müqavimət göstərə bilmədi. Hərçənd Leverkuzen təmsilçisi özü də qeyri-sabit mövsüm keçirir. Frankfurt klubunun rəsmi matçlarda məğlubiyyət seriyası 4, qələbəsiz seriyası 8 oyuna yüksəldi. Vəziyyəti düzəltmək öhdəliyini Albert Riera üzərinə götürüb. Son illərdə Sloveniyada “Selye” ilə diqqətçəkən nəticələr əldə edən ispaniyalı mütəxəssis “Ayntraxt”ın yeni baş məşqçisi təyin olunub. Məşqçi mövzusundan söhbət düşmüşkən, “Verder” Horst Şteffen ilə yollarını ayırıb. Bunu gözləmək olardı. Çünki bu tur evdə Münhenqladbax “Borussiya”sı ilə bacara bilməyən “musiqiçilər”in bundesliqada qələbəsiz seriyası 10 oyuna yüksəldi!

Turun əsas sürprizi “Leyptsiq”in evdə “Maynts-05”ə uduzması oldu. “Karnavalçılar” Urs Fişerin təyinatından bəri bundesliqada 7 oyunun yalnız birində uduzublar. Halbuki təcrübəli mütəxəssis komandanı sonuncu pillədə qəbul etmişdi! Qəribə səslənsə də, “Bavariya” çempionluq intriqasının erkən ölməməsi üçün sanki əlindən gələni edir. Ötən tur evdə “Auqsburq”a uduzan Münhen nəhəngi bu dəfə səfərdə debütant “Hamburq”la qarşılaşmada xal itirdi. “Dinozavrlar”ın bu rəqibə qarşı son 9 oyunun hamısında uduzduğunu və bu müddətdə 39 qol buraxıb cəmi 2 qol vurduğunu nəzərə alsaq, bu 1 xalı, heç şübhəsiz, komandanın hesabına yazmaq olar. Dortmund “Borussiya”sı autsayder “Haydenhaym”la ev oyununda hesabda geri düşsə də, xarakter nümayiş etdirməyi bacardı. Bundesliqada məğlubiyyətsiz seriyanı 13 oyuna çatdıran “arılar” “Bavariya”nın daha bir “xeyirxahlığından” yararlanaraq xal fərqini 6-ya endirdi. “Ştutqart” “Frayburq”un müqavimətini yalnız 90-cı dəqiqədə qırdı. Demiroviç bundesliqada yubiley – 50-ci qolunu vurdu. Maraqlıdı ki, o, ilk dəfə cərimə meydançası xaricindən fərqləndi.

20-ci tur
Hamburq – Bavariya 2:2

Vieyra, 34-p. Vuşkoviç, 53 – Keyn, 42. Dias, 46. (57000)
Bavariya: Noyer, Stanişiç, Upamekano, Kim Min Ce (Ta, 65), Devis, Kimmix, Pavloviç, Olise, Karl (Dias, 46), Qnabri (Musiala, 65), Keyn.

Borussiya D – Haydenhaym 3:2
Anton, 44. Girassi, 68-p.; 70 – Nihyus, 45+5; 48. (81365)
Borussiya: Kobel, Kouto (Bayer, 58), Mane (Zyule, 46), Anton, Şlotterbek, Svensson, Nmeça, Bellingem (Çukvuemeka, 58), Brandt, Adeyemi (Fabio Silva, 69), Girassi (Salih Özcan, 90+3).

Ayntraxt F – Bayer-04 1:3
Kox, 50 – Artur, 26. Tillman, 33. A.Qarsiya, 90+3. (59000)
Ayntraxt: Santos, Kristensen, Amenda, Kox, Teate, Braun (Bahoya, 84), Skiri, Larsson (Höylunn, 57), Doan (Amaimuni, 69), Götse (Knauff, 69), Kalimuendo.
Bayer-04: Blasvix, Artur, Kuansa, Andrix, Tapsoba, Qrimaldo, A.Qarsiya, Fernandes (Palasios, 64), Tillman (Poku, 82), Terrye (Hofmann, 64), Kofane (Şik, 72).

Leyptsiq – Maynts-05 1:2
Harder, 40 – Əmiri, 45+6. Silas, 49. (35487)
Leyptsiq: Qulaçi, Baku (Henrixs, 59), Orban, Bitşiabu (Banzuzi, 59), Raum, Şlager, Nusa, Zayvald (Bakayoko, 86), Diomande, Harder, Romulo (Qomis, 72).

Ştutqart – Frayburq 1:0
Demiroviç, 90. (60441)
Ştutqart: Nübel, Vaqnoman, Yeltş, Şabo, Hendriks (Mittelştadt, 59), Ştiller, A.Karazor (Andres, 77), Levelinq, Narti (Fürix, 60), Əl-Xannus (Demiroviç, 77), Dəniz Undav (Jak, 90+3).

Hoffеnhaym – Union 3:1
Kramariç, 42-p.; 45. Leyte, 47-öz qapısına – Xedira, 68. (19341)

Verder – Borussiya M 1:1
Topp, 90+4 – Tabakoviç, 61. (41800)

Köln – Volfsburq 1:0
Mayna, 29. (50000)

Auqsburq – Sankt Pauli 2:1
Qreqoritş, 41; 59 – Sinani, 32-p.

1. Bavariya 20 16 3 1 74-18 51
2. Borussiya D 20 13 6 1 41-19 45
3. Hoffenhaym 20 13 3 4 43-23 42
4. Ştutqart 20 12 3 5 37-26 39
5. Leyptsiq 20 11 3 6 38-27 36
6. Bayer-04 19 11 2 6 38-26 35
7. Frayburq 20 7 6 7 31-33 27
8. Ayntraxt F 20 7 6 7 40-45 27
9. Union 20 6 6 8 25-33 24
10. Köln 20 6 5 9 29-32 23
11. Auqsburq 20 6 4 10 24-37 22
12. Borussiya M 20 5 6 9 24-33 21
13. Hamburq 19 4 7 8 19-29 19
14. Volfsburq 20 5 4 11 28-42 19
15. Verder 20 4 7 9 22-38 19
16. Maynts-05 20 4 6 10 23-33 18
17. Sankt Pauli 20 3 5 12 18-34 14
18. Haydenhaym 20 3 4 13 19-45 13

Bombardirlər: Keyn (Bavariya) – 22, Dəniz Undav (Ştutqart) – 11, Olise (Bavariya), Dias (Bavariya), Tabakoviç (Borussiya M) – 10.

Növbəti turun oyunları fevralın 6-8-də keçiriləcək:
Ştutqart – Volfsburq, Maynts-05 – Auqsburq, Köln – Leyptsiq, Haydenhaym – Hamburq, Bavariya – Hoffenhaym, Frayburq – Verder, Borussiya M – Bayer-04, Volfsburq – Borussiya D, Union – Ayntraxt F.

Turun rəqəmi
134 –Həm “Hoffenhaym”, həm də Andrey Kramariç üçün mövsüm uğurlu şəkildə davam edir. 17-ci turda Münhenqladbax “Borussiya”sı ilə oyunda het-trik edən təcrübəli xorvatiyalı hücumçu bu dəfə qələbəyə iki qolla töhfə verdi. Klub tarixinin ən məhsuldar oyunçusu statusunda olan Kramariç bundesliqada uyğun olaraq 133 və 134-cü qollarını vurdu. Bununla da o, mühüm bir göstəriciyə nail oldu. Kramariç braziliyalı Covanne Elberi (133) geridə qoyaraq bundesliqa tarixinin ən məhsuldar əcnəbi oyunçuları siyahısında ilk “3-lüy”ə daxil oldu! İndi 34 yaşlı futbolçu bu siyahıda yalnız Klaudio Pizarro (197) ilə Robert Levandovskidən (312) geri qalır.

Turun ulduzu
Mixael Qreqoritş (Auqsburq) – avstriyalı ulduz bu tur dubl edən 4 futbolçudan biridi. Sadəcə, hər iki qolu oyun epizodundan vurduğundan və komandasına qələbə qazandırdığından üstünlüyü ona veririk. 31 yaşlı futbolçu bu mövsüm ilk qollarını vurdu. Bunun da səbəbi onun ilk dövrəni başqa ölkədə keçirməsidi. Uzun illər Almaniyada çıxış edən təcrübəli futbolçu ötən yay gözlənilmədən “Brondbü”yə yollandı. Amma onun Danimarka macərası cəmi 6 ay çəkdi və Qreqortiş icarə əsasında “Auqsburq”a döndü. O, bundesliqada son qolunu ötən ilin martında “Frayburq”un heyətində “Maynts-05”ə vurmuşdu.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Oyuna ümumilikdə 16 dəqiqə əlavə olunursa, deməli, matçda həqiqətən də qeyri-adi şeylər baş verib. Almaniyada çalışmağa başladığım vaxtdan bəri heç vaxt hakimlər haqda danışmamışam. Amma matça bu qədər vaxt artırılırsa, başa düşürsən ki, oyunun axarına təkcə meydandakı 22 futbolçu yox, digər amillər də təsir edib. 16 dəqiqə əvəzinə 20-25 dəqiqə də artırıla bilərdi. Keyn nəyə görə sarı vərəqə aldı? Müdafiəçi sürüşərək yerə yıxıldı və Keynə sarı vərəqə göstərildi. “Hamburq” evdə yaxşı mübarizə aparır və çətin olacağını bilirdik. Düzdü, bu gün uduzmadıq. Amma xal itirmək istənilən halda adama yaxşı emosiyalar bəxş etmir”.
Seçilən
87
1
football-plus.az

2Mənbələr