AZ

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Tanınmış psixoloq Nizami Orucov "İdrak" liseyində şagirdin ov tüfəngi ilə müəllimi güllələməsi hadisəsi ilə bağlı bir sıra psixoloji məqamlara aydınlıq gətirib.

 

Psixoloq Pravda.az-a açıqlamasında deyib ki, bu cür hadisələr cəmiyyətdə haqlı olaraq böyük narahatlıq yaradır və məsələni yalnız bir tərəfə bağlamaq düzgün olmaz.

 

O bildirib ki, psixoloji baxımdan yanaşılsa, burada bir neçə risk amili paralel şəkildə rol oynaya bilər: “Son illər sosial şəbəkələr, xüsusilə də, zorakılıq məzmunlu kompüter oyunları uşaqların psixikasına ciddi təsir göstərir. Uşaqlar hələ emosiyalarını və impulslarını tam idarə edə bilmədikləri üçün gördükləri görüntüləri reallıqla ayırd etməkdə çətinlik çəkirlər. Zorakılıq oyunlarda və videolarda adi, cəzasız, “oyunvari” təqdim olunduqda, uşaqda empati zəifləyə, aqressiv davranışlar normallaşa bilər. Bu, birbaşa “oyun oynadı deyə belə oldu” demək deyil, amma təhlükəli zəmin yaradan amillərdən biridir. Digər çox vacib məsələ ailə və valideyn nəzarətidir. Valideyn nəzarəti təkcə telefona baxmaq və ya qadağa qoymaq deyil. Əsas məsələ uşağın emosional vəziyyəti ilə maraqlanmaq, onun nə izlədiyini, nə oynadığını, nədən qorxduğunu, nə ilə məşğul olduğunu bilməkdir. Uşaq özünü evdə eşidilən və güvəndə hiss etmirsə, o ya içinə qapanır, ya da davranışla reaksiya verir. Bu tip hadisələrin psixoloji tərəfinə baxdıqda çox zaman emosional laqeydlik, zorakı mühitə məruz qalma, travmatik təcrübələr və ya uzun müddət yığılan daxili gərginlik ön plana çıxır. Uşaq zorakılığı öyrənir – ya gördüyü mühitdən, ya izlədiklərindən, ya da yaşadıqlarından. Heç bir uşaq təbiətən zorakı doğulmur. Nəticə olaraq demək olar ki, problem təkcə uşaqda deyil. Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir. Profilaktika üçün valideynlərin, məktəblərin və cəmiyyətin birgə hərəkət etməsi, uşaqlarla daha çox ünsiyyət qurulması və risk siqnallarının vaxtında ciddiyə alınması son dərəcə vacibdir".

 

Aytəkin Qardaşova

Tarix: 6 Fevral 2026, 13:27   
Seçilən
32
pravda.az

1Mənbələr