Əbu-Dabidə keçirilən görüşlər əsirlərin mübadiləsi ilə nəticələnsə də, müharibənin dayandırılması məsələsində ciddi irəliləyiş əldə olunmayıb...
Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən iki günlük danışıqların ikinci raundu cümə axşamı başa çatıb. Danışıqların nəticəsi olaraq tərəflər arasında son beş ay ərzində ilk əsir mübadiləsi həyata keçirilib. Lakin müşahidəçilərin fikrincə, müharibənin dayandırılması ilə bağlı əsas məsələdə tərəflər yalnız məhdud irəliləyiş əldə edib və hətta yeni dalanla üzləşə bilərlər.
Detallar
The New York Times yazır ki, Əbu-Dabidə danışıqların ikinci günü cəmi üç saat davam edib. Gözlənilirdi ki, tərəflər iki gün ərzində sülhə mane olan iki əsas problemi – Kiyevin nəzarətində olan Donbas ərazilərinin taleyi və Ukraynanın təhlükəsizlik təminatları məsələlərini müzakirə edəcəklər.
Tərəflər danışıqların məhsuldar olduğunu bildirsələr də, qəzet qeyd edir ki, görüşlərin yeganə konkret nəticəsi əsir mübadiləsi olub. The Washington Post yazır ki, danışıqlar aparan nümayəndələr yalnız məhdud irəliləyişə nail ola biliblər. The New York Times isə müzakirələrin nəticələrində dalan əlamətləri gördüyünü vurğulayır.
“Düşünürəm ki, bu raund sırf aralıq mərhələ idi”, – ukraynalı politoloq Vladimir Fesenko NYT-yə bildirib.
Əsir mübadiləsi
Cümə axşamı Rusiya və Ukrayna “157-yə 157” formulu ilə əsir mübadiləsi aparıblar. Bu, son beş ay ərzində ilk belə mübadilə olub. Ukraynaya Mariupol müdafiəçiləri də daxil olmaqla hərbçilər qaytarılıb. Rusiyaya isə Kursk vilayətində əsir götürülmüş “Axmat” döyüşçüləri, o cümlədən pedofiliya ittihamı ilə məhkum edilmiş şəxs də təhvil verilib.
Bununla yanaşı, NYT qeyd edir ki, bu mübadilə diplomatik baxımdan ciddi irəliləyiş hesab edilmir, çünki tərəflər mütəmadi olaraq əsirləri və həlak olanların cəsədlərini dəyişirlər.
Atəşkəsin təmin olunması
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, tərəflər iki gün ərzində atəşkəsin tətbiqi və hərbi əməliyyatların dayandırılmasına nəzarət mexanizmləri kimi “həll olunmamış məsələləri” müzakirə ediblər.
Onların birgə bəyanatında qeyd olunub ki, “müzakirələr konstruktiv xarakter daşıyıb və dayanıqlı sülh üçün şəraitin yaradılması yollarına yönəlib”.
Bununla belə, The Wall Street Journal vurğulayır ki, bu prosesin uğur qazanması asan olmayacaq. Qəzet xatırladır ki, Vaşinqtonun əvvəlki danışıqlarda təklif etdiyi enerji sahəsində atəşkəs uzunmüddətli olmayıb və Rusiyanın Ukraynaya qarşı ilin ən böyük hücumlarından biri ilə faktiki olaraq pozulub.
Ərazi və təhlükəsizlik məsələləri
WSJ qeyd edir ki, tərəflər Ukraynanın şərqində hansı qüvvələrin nəzarət edəcəyi ilə bağlı ən mürəkkəb məsələdə demək olar ki, heç bir irəliləyiş əldə etməyiblər.
TASS agentliyi “Əbu-Dabidəki Qərb mənbəsinə” istinadən bildirir ki, Rusiya danışıqlarda Donbasın təkcə verilməsini deyil, həm də bu ərazilərin bütün ölkələr tərəfindən Rusiya ərazisi kimi tanınmasını tələb edib. Moskva eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünə və ölkə ərazisində Qərb hərbçilərinin yerləşdirilməsinə qarşı çıxır.
NYT yazır ki, Ukrayna cəbhə xətti üzrə sərhədin “dondurulmasına” və NATO-ya üzv olmamağa hazırdır, lakin ərazilərin verilməsinə qarşıdır.
Əlaqə kanallarının bərpası
ABŞ-nin Avropadakı qoşunlarının komandanı general Aleksus Qrinkevicin Əbu-Dabidə Rusiya və Ukrayna hərbçiləri ilə görüşündən sonra tərəflər ABŞ və Rusiya hərbi qurumları arasında dialoqu bərpa etmək barədə razılığa gəliblər. ABŞ rəsmilərinin bildirdiyinə görə, bu dialoq Rusiyanın Ukraynaya hücumundan az əvvəl dayandırılmışdı.
Eyni zamanda, Axios xəbər verir ki, Rusiya və ABŞ Əbu-Dabidə Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START-3) davam etdirilməsini də müzakirə ediblər. Müqavilənin müddəti cümə axşamı başa çatıb. Mənbələrin məlumatına görə, tərəflər razılaşmaya yaxınlaşsalar da, hələ yekun qərar qəbul edilməyib. Planın qüvvəyə minməsi üçün Vladimir Putin və Donald Trampın təsdiqi tələb olunur.
Növbəti mərhələ
Uitkoff bildirib ki, yaxın həftələrdə üçtərəfli danışıqlar davam etdiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski isə növbəti görüşlərin “ehtimal ki, ABŞ-də” keçiriləcəyini və bunun yaxın gələcəkdə baş tuta biləcəyini deyib.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə qeyd edib ki, danışıqların nəticələri Rusiyaya qarşı mümkün yeni ABŞ sanksiyalarının tətbiqinə birbaşa təsir göstərəcək.
Mənbə: “Aqenstvo” nəşri
Poliqon.info