AZ

Elman Məmmədov: “Azərbaycan və Ermənistan arasında sülh şəraitində yaşayış erməni cinayətkarların cəza çəkmələrinə dəxli olmamalıdır”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov barələrində hökm oxunan erməni cinayətkarlarının sülh prosesi çərçivəsində azadlığa buraxılacaqları ilə bağlı iddialara münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, erməni cinayətkarların məhkəməsində zərərçəkmiş şəxs kimi iştirak edib.

 

E.Məmmədov məhkəmədən cinayətkarlara ən ağır cəza verilməsini xahiş edib: “Çünki insanlığa, bəşəriyyətə qarşı cinayətlər törədiblər. Mülki şəxsləri, körpə uşaqları, qocaları, qadınları qətlə yetiriblər. Bunlara güzəşt olmamalıdır. Məhkəməmiz də Azərbaycan qanunlarına uyğun olaraq onlara müvafiq cəzalarını verdi. Ömürlük, 19, 20 il... Gələcəkdə nə olacaq, bunu proseslər göstərəcək. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanması, gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi prosesləri gözlənilir və olacaq. Amma bu o demək deyil ki, cinayətkar azadlığa buraxılmalıdır. Bunlar Azərbaycan xalqına, dövlətinə qarşı çox ağır cinayətlər törədiblər və Azərbaycan qanunları ilə mühakimə olunub cəzalarını alıblar. Dövlətlər arasında sülh, əməkdaşlıq, qonşuluq şəraitində yaşayış olacaq, bunun erməni cinayətkarların cəza çəkmələrinə heç bir dəxli olmamalıdır. Cinayətkar cəzasını çəkməlidir. Bunlar sıradan, elə-belə, yüngül cinayət törətmiş murdarlar deyillər. Dövlətimizə, millətimizə qarşı ən ağır cinayətlər, soyqırımılar törədiblər. Buna görə də dövlətlər arasındakı münasibətlərin necə inkişaf etməsindən asılı olmayaraq cinayətkarlar sonadək cəzalarını çəkməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Fevral 2026, 13:07   
Seçilən
16
pravda.az

1Mənbələr