Bakı, 6 fevral, AZƏRTAC
Fransa “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo vətəndaşları gələn həftə Parisdə sosial media üzərində hökumətin nəzarətinə qarşı mitinqə çağırıb.
AZƏRTAC xəbər verir ki, Flippo “Facebook”da müvafiq elan yerləşdirib və xidmətlərin idarə olunması üçün planlaşdırılan tədbirlər barədə şərh verib.
“Azadlıq uğrunda mübarizədən əl çəkməyək! Biz qalib gələcəyik! 15 fevral bazar günü azadlıq uğrunda mitinq”, - deyə siyasətçi sosial şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə hökumət 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial medianı qadağan edən qanun layihəsinin nəzərdən keçirilməsi prosesinə başlayıb. Milli Assambleya (parlamentin aşağı palatası) qanun layihəsini artıq birinci oxunuşda dəstəkləyib. Makron bu qanun layihəsinin yeniyetmələr üçün “Roblox” kimi sosial media elementləri olan müəyyən onlayn oyun platformalarını qadağan edəcəyini bildirib.