AZ

Ermənistanda Moskva qorxusu: “Tramp Marşrutu” kimləri narahat edir?

Regionda nəqliyyat kommunikasiyalarının açılması və yeni marşrutların formalaşdırılması ətrafında gedən müzakirələr fonunda Ermənistan daxilində Rusiyanın roluna dair ziddiyyətli açıqlamalar səslənir. Bu kontekstdə erməni siyasi dairələrinin “Tramp Marşrutu” layihəsi ilə bağlı Rusiyanın prosesdən kənarda qalacağına dair iddiaları regional reallıqlar baxımından suallar doğurur.

Beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Levon Şirinyanın səsləndirdiyi fikirlər reallığı tam əks etdirmir:

“Rusiya bu günə qədər Cənubi Qafqazı birbaşa maraqlandıran heç bir strateji layihədən kənarda qalmayıb və bundan sonra da könüllü şəkildə kənarda qalması real görünmür. Kreml “Tramp Marşrutu” adlandırılan layihəyə də maraq göstərir və bu marşrutun başqa bir ölkə liderinin adı ilə təqdim olunması Rusiyanın prosesə münasibətini köklü şəkildə dəyişmir. Avqustun 8-də imzalanmış üçtərəfli razılaşmadan sonra Moskvanın nisbətən səssiz mövqeyi də bu marağın dolayısı göstəricisi kimi qiymətləndirilə bilər”.

Cavanşir Abbaslı qeyd edib ki, Rusiya Ukrayna cəbhəsində ciddi itkilər versə də, bu vəziyyət Kremlin regional ambisiyalarından imtina etməsi anlamına gəlmir:

“Müharibənin nəticəsindən asılı olaraq Moskvanın mövqeyi ya möhkəmlənə, ya da zəifləyə bilər, lakin hazırkı mərhələdə Rusiyanın tamamilə kənara çəkiləcəyini iddia etmək tezdir və zamana ehtiyac var. Şirinyanın Ermənistan daxilində revanşist qüvvələrin “Tramp Marşrutu”nu gözdən salmaq cəhdləri ilə bağlı fikirlərində müəyyən həqiqət payı var. Bununla belə, bu cəhdlər uğur qazanmaqda real deyil. Ermənistan cəmiyyətində də regionun nəqliyyat blokadasından çıxması və yeni kommunikasiyaların açılmasına maraq mövcuddur”.

Şərhçi əlavə edib ki, Ermənistan siyasi dairələrinin Rusiyaya “yerini göstərmək” çağırışları daha çox ritorik xarakter daşıyır. Onun fikrincə, Kremlə real təsir imkanları olmayan bu cür bəyanatlar praktiki nəticə vermir və ilk növbədə Ermənistanın öz ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası kimi fundamental məsələlərə münasibəti bu iddiaların səmimiyyətini müəyyənləşdirir. Ekspert hesab edir ki, səsləndirilən fikirlər daha çox daxili auditoriyaya hesablanmış siyasi pafos təsiri bağışlayır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr