Bakı, 6 fevral, AZƏRTAC
Bu il süni intellekt texnologiyalarına təxminən 660 milyard dollar sərmayə yatırmaq planlarını açıqlayan iri texnologiya şirkətlərinin səhmləri kəskin şəkildə ucuzlaşıb.
AZƏRTAC bu barədə “Financial Times” qəzetinə istinadla xəbər verir. Ekspertlərin proqnozuna görə, təkcə “Amazon”, “Google” və “Microsoft” ötən həftə dərc etdikləri rüblük hesabatlardan sonra bazar kapitallaşmasında 900 milyard dollar itirəcəklər.
Səhmdarlar korporasiyaların 2025-ci illə müqayisədə 60 faiz artacağı gözlənilən “heyrətamiz kapital xərcləri planlarından” narazıdırlar. Hətta şirkətlərin ümumi illik gəlirlərinin 14 faiz artması və 1,6 trilyon dollara çatması belə sərmayədarların narahatlığını aradan qaldırmaq üçün kifayət deyil.
Analitiklərin sözlərinə görə, kapital xərclərinin artması “süni intellekt strategiyalarının həyata keçirilməsinin daha uzun çəkə biləcəyini göstərir”. Bu isə “süni intellekt gəlirlərinə aludə olan” sərmayədarlar üçün yaxşı xəbər deyil.