AZ

“Toyota”nın baş direktoru dəyişir

Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”nın baş icraçı direktoru vəzifəsinə 1 apreldən etibarən şirkətin maliyyə direktoru Kenta Kon təyin olunacaq.

O, bu vəzifədə üç il əvvəl — 2023-cü ilin aprelində — təyin olunmuş Kodzi Satonu əvəz edəcək. Sato isə vitse-sədr və sənaye inkişafı üzrə baş direktor vəzifəsinə keçəcək.

Şirkət bu kadr dəyişikliyini mənfəətliliyin artırılması və “idarəetmə qərarlarının qəbulunun sürətləndirilməsi” zərurəti ilə izah edib. “Reuters” qeyd edir ki, “Toyota” yeni baş direktorun təyinatını 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrinin açıqlanması ilə eyni vaxtda elan edib. Həmin rübdə avtomobil istehsalçısı illik mənfəət proqnozunu təxminən 12% artırıb.

Şirkətin məlumatına görə, ötən ilin aprel–dekabr ayları arasında dünya üzrə 8 milyon avtomobil satılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Onlardan 2,27 milyonu ABŞ bazarının payına düşüb — artım 9,6% təşkil edib. Bu, prezident Donald Tramp tərəfindən tətbiq edilən rüsumlara baxmayaraq baş verib.

Konun təyinatı “Toyota”nın törəmə şirkəti olan “Toyota Industries”in səhmlərini 33 milyard dollar dəyərində geri almaq planları fonunda baş verib. İnvestorlar bu sövdələşməni qiymətin aşağı göstərildiyini bildirərək tənqid ediblər. “Macquarie Group”un mobillik üzrə tədqiqat bölməsinin rəhbəri Ceyms Honq bildirib ki, Kon bu alış sövdələşməsinin “əsas təşkilatçısı” hesab olunur. O, “Reuters”ə açıqlamasında deyib: “Düşünürəm ki, Konun maliyyə məsələlərinin həllində təcrübəsi, məhsul inkişafı sahəsindən gələn Satodan daha çoxdur”.

2025-ci ilin yekunlarına görə, “Toyota” analitik agentlik “Focus2Move” tərəfindən tərtib edilən dünyanın ən böyük 30 avtomobil istehsalçısı siyahısında birinci yeri tutub. Şirkətin qlobal avtomobil bazarındakı payı 12,3%-ə yüksəlib. İlk üçlüyə həmçinin “Volkswagen” (9,7%) və “Hyundai Motor Group” (8%) daxil olub.

Seçilən
30
banker.az

1Mənbələr