AZ

Səudiyyə Ərəbistanı 2 min metrlik göydələn layihəsinə başlayır


Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadda dünyanın ən hündür binası olacaq nəhəng göydələnin inşası üçün irimiqyaslı layihəyə start verməyi planlaşdırır.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hündürlüyü 2000 metrə çatan bina hazırda dünyanın ən hündür tikilisi hesab olunan Dubaydakı Burc Xəlifədən iki dəfədən çox yüksək olacaq.
Sənaye hesabatlarında şərti olaraq “Rise Tower” adlandırılan layihə 678 mərtəbədən ibarət olacaq və təxminən 5 milyard dollar həcmində investisiya tələb edəcək. Hazırda layihə inkişaf və planlaşdırma mərhələsindədir. Səudiyyə Ərəbistanı hökuməti tikinti müddətləri və podratçı müqavilələri ilə bağlı hələlik rəsmi açıqlama verməyib ki, bu da prosesin texniki və maliyyə baxımından qiymətləndirilməsinin davam etdiyini göstərir.
Göydələnin Ər-Riyadın şimal hissəsində, daha geniş şəhərsalma layihəsinin tərkib hissəsi kimi inşa olunması nəzərdə tutulur. Layihənin idarə olunması məqsədilə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) artıq beynəlxalq şirkətlərlə danışıqlara başlayıb. Mənbələrin bildirdiyinə görə, elan ediləcək tender yalnız göydələnin tikintisini deyil, həm də ətraf ərazidə yeni iqtisadi və biznes mərkəzinin formalaşdırılmasını əhatə edəcək.
İlkin dizayna əsasən, bina ofis sahələri, pərakəndə satış obyektləri və əyləncə məkanlarını birləşdirən qarışıq təyinatlı kompleks olacaq. Layihənin ən diqqətçəkən elementləri isə ekstremal yüksəkliklərdə yerləşəcək lüks otellər və restoranlar hesab olunur. Bu məkanların turistlər üçün unikal təcrübə yaratması və kompleksin cəlbediciliyini artırması planlaşdırılır.
“Rise Tower” layihəsi Səudiyyə Ərəbistanının “Vision 2030” strategiyasının tərkib hissəsidir. Strategiya ölkə iqtisadiyyatının şaxələndirilməsini, neft gəlirlərindən asılılığın azaldılmasını və turizm, biznes və infrastruktur sahələrində qlobal lider mövqeyinin möhkəmləndirilməsini hədəfləyir.
Qeyd edək ki, Ər-Riyaddakı bu nəhəng layihə ilə yanaşı, ölkənin sahil şəhəri Ciddədə də irimiqyaslı tikinti davam edir. Burada inşa olunan Ciddə qülləsi Burc Xəlifənin (830 m) rekordunu qıraraq, hündürlüyü 1000 metri keçən ilk bina olmağı hədəfləyir. Tikinti işləri 2018-ci ildə dayandırılsa da, 2025-ci ildə bərpa olunub. Layihənin 2027–2028-ci illərdə tamamlanacağı və binada “Four Seasons” oteli, ofislər və lüks yaşayış mənzillərinin yerləşəcəyi gözlənilir.

Murad Məmmədov
Seçilən
11
1
yeniavaz.com

2Mənbələr