Azərbaycan, Türkiyə, Pakistan və Qazaxıstanın ortaq gələcəyi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana dövlət səfəri, İslamabadda apardığı müzakirələr və demək olar ki, eyni vaxtda Birləşmiş Ərəb Əmirliklərində Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi fonunda səsləndirilən bəyanatlar vahid, nəhəng strategiyanın tərkib hissələridir. Müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, Bakı, Ankara və İslamabad üçbucağı artıq Astananın da iştirakı ilə dördbucaqlı strateji platformaya çevrilmək üzrədir. Bu prosesin memarı, şübhəsiz ki, uzaqgörən siyasəti ilə regionu qlobal layihələrin mərkəzinə çevirən liderlərdir.
Qazaxıstan liderinin İslamabada səfəri strateji əhəmiyyət daşıyan hadisədir. Pakistan Baş naziri Şahbaz Şəriflə keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər və tərəflərin ortaya qoyduğu siyasi iradə Mərkəzi Asiya ilə Cənubi Asiya arasında birbaşa körpülərin qurulduğunu sübut edir. Lakin məsələnin ən maraqlı tərəfi həmin səfərin Azərbaycan faktoruna, rəsmi Bakının bölgədəki həlledici roluna necə bağlanmasıdır. Məhz İslamabadda olarkən və ya həmin səfər çərçivəsində formalaşan gündəlik fonunda Qazaxıstan liderinin İlham Əliyev haqqında işlətdiyi ifadələr, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasiminə ünvanladığı videomüraciət diplomatik jestdən daha artıq məna kəsb edir. Tokayevin “Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü zaman kəsiyində belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var” fikri əslində, Azərbaycanın yürütdüyü siyasətin qlobal miqyasda qəbul olunan model olduğunu təsdiqləyir.
Diqqət yetirmək lazımdır ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimi, sadəcə, mükafatlandırma proseduru sayılmamalı, həm də Azərbaycanın sülh quruculuğu istiqamətindəki səylərinin beynəlxalq səviyyədə etirafı kimi qəbul edilməlidir. Qazaxıstan Prezidentinin videomüraciətində xüsusi vurğuladığı “Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir” cümləsi regionda yeni eranın başlandığının carçısıdır. Astana rəhbəri bununla həm də Cənubi Qafqazda sabitliyin bərqərar olmasında İlham Əliyevin həlledici rolunu qeyd edir. Ermənistanla sülh prosesinin məhz Azərbaycanın diktə etdiyi şərtlər, beynəlxalq hüququn norma və prinsipləri əsasında irəliləməsi Türk dünyasının və İslam aləminin liderləri tərəfindən təqdirlə qarşılanır.
Digər tərəfdən, Pakistan Baş naziri Şahbaz Şərifin Prezident İlham Əliyev barəsində söylədiyi fikirlər iki ölkə arasındakı qardaşlığın sarsılmazlığını bir daha nümayiş etdirir. Baş nazirin “Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır” ifadəsi Azərbaycan liderinin qlobal miqyaslı siyasi xadim kimi nüfuzunu əks etdirir. Pakistan hökumət rəhbəri əlavə edir ki, “Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir”. Bu sözlər sadəcə diplomatik nəzakət sayılmır, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə Pakistanın Azərbaycana verdiyi birmənalı siyasi və mənəvi dəstəyin davamıdır. Şahbaz Şərifin sözügedən bəyanatı Tokayevin səfəri fonunda səsləndirməsi isə üçtərəfli Azərbaycan–Türkiyə–Pakistan formatının dördtərəfli formata – Qazaxıstanın da iştirakı ilə daha geniş əməkdaşlıq platformasına çevrilməsinin göstəricisidir.
Qazaxıstanın Pakistanla yaxınlaşması və eyni zamanda, Azərbaycanla strateji müttəfiqliyini dərinləşdirməsi təsadüfi xarakter daşımır. Türk Dövlətləri Təşkilatının (TDT) lokomotiv qüvvələri olan Azərbaycan və Türkiyə uzun müddətdir ki, Pakistanla “Üç qardaş” formatında hərbi, siyasi və iqtisadi əlaqələri inkişaf etdirirlər. İndi isə Mərkəzi Asiyanın nəhəng dövləti Qazaxıstanın həmin prosesə qoşulması Avrasiyanın ürəyində yeni təhlükəsizlik və iqtisadi kəmərin yaranması deməkdir. Qazaxıstan Prezidentinin İslamabadda müzakirə etdiyi məsələlər tranzit dəhlizləri, ticarət əlaqələrinin genişləndirilməsi, hərbi əməkdaşlıq dolayısı ilə Orta Dəhlizin Cənubi Asiya marşrutları ilə əlaqələndirilməsinə xidmət edir. Azərbaycan burada əsas qovşaq, birləşdirici halqa rolunu oynayır. Bakı Limanı və Zəngəzur dəhlizi perspektivi Şimal–Cənub və Mərkəzi Asiya–Cənubi Asiya istiqamətlərində strateji əhəmiyyət kəsb edir.
Tokayevin Pakistana səfəri zamanı və İlham Əliyevin mükafatlandırılması ilə bağlı səsləndirilən fikirlərin sintezi onu göstərir ki, Qazaxıstan lideri İslam dünyasının və Türk dünyasının inteqrasiyasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirir. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi mötəbər mükafatın hazırkı vaxtda İlham Əliyevə verilməsi onun sülh qurucusu olduğunu dünyaya bəyan edir.
Baş verə biləcək hadisələr olduqca genişmiqyaslıdır. İlk növbədə Azərbaycan–Türkiyə–Pakistan hərbi-siyasi ittifaqının genişlənərək Qazaxıstanı da əhatə etməsi gözlənilir. Mövcud vəziyyət TDT daxilində təhlükəsizlik arxitekturasının formalaşmasını sürətləndirəcək. Qazaxıstanın Pakistanla hərbi-texniki əməkdaşlığı artırması, birgə təlimlərin keçirilməsi və təcrübə mübadiləsi Azərbaycanın “Üç qardaş” təlimləri təcrübəsinə əsaslanacaq. Yaxın gələcəkdə dörd ölkənin iştirakı ilə birgə hərbi təlimlərin, müdafiə sənayesi sahəsində kooperasiyanın şahidi ola bilərik. Pakistanın nüvə dövləti olması, Türkiyənin NATO standartlarına uyğun ordusu, Azərbaycanın müasir müharibə təcrübəsi və Qazaxıstanın geniş resursları birləşdikdə regionda kənar qüvvənin təhdid edə bilməyəcəyi güc mərkəzi yaranır.
Bundan əlavə, Prezident Tokayevin Pakistana səfəri və Azərbaycanla həmrəylik nümayiş etdirməsi Mərkəzi Asiya ölkələrinin xarici siyasətində baş verən transformasiyanın əyani sübutudur. Əvvəllər daha ehtiyatlı siyasət yürüdən Astana indi açıq şəkildə strateji tərəfdaşlarını müəyyənləşdirir və qardaşlıq prinsipinə sadiqliyini nümayiş etdirir. Bu cür yanaşma TDT-nin digər üzvləri – Özbəkistan və Qırğızıstan üçün də nümunə olacaq, təşkilatdaxili inteqrasiyanı dərinləşdirəcək. Şahbaz Şərifin Azərbaycan Prezidentini “sülh və sabitliyin qətiyyətli carçısı” adlandırması İlham Əliyevin şəxsi nüfuzunun coğrafi sərhədləri aşdığını, Cənubi Asiyada da böyük rəğbətlə qarşılandığını göstərir.
Digər vacib məqam ondan ibarətdir ki, Qazaxıstan Prezidentinin sülh sazişini “tarixi dönüş nöqtəsi” adlandırması İrəvanla aparılan danışıqlarda Bakının mövqeyini daha da gücləndirir. Beynəlxalq ictimaiyyətə mesaj verilir ki, sülhün əldə olunması yalnız Ermənistanın konstruktiv mövqeyindən asılıdır, çünki Azərbaycan artıq üzərinə düşən addımları atıb və qlobal liderlər tərəfindən sülhün carçısı kimi qəbul edilir. Pakistanın da prosesə dəstək verməsi Ermənistanın revanşist qüvvələrinin ümidlərini puça çıxarır. Çünki Azərbaycanın yanında təkcə Türkiyə dayanmır, həm də Pakistan və Qazaxıstan kimi qüdrətli dövlətlər mövcuddur.
Artıq postsovet məkanı anlayışı arxivə gedir, onun yerini Türk dövlətlərinin inteqrasiyası və onların Cənubi Asiya kimi strateji regionlarla ittifaqı tutur. Prezident İlham Əliyev həmin tarixi prosesin mərkəzində dayanan, onu yönləndirən və uğurla nəticələndirən liderdir. Qazaxıstanın “Üç qardaş” formatına yaxınlaşması, Pakistanın Azərbaycana sarsılmaz dəstəyi və Bakının sülh diplomatiyasının beynəlxalq səviyyədə təqdir olunması dövlətimizin qüdrətini artırır, xalqımızın rifahına və təhlükəsizliyinə xidmət edir. Qarşıda bizi daha böyük uğurlar, nəhəng layihələr və möhkəm siyasi qələbələr gözləyir. Tarixi ədalətin bərpası və regionda dayanıqlı sülhün təminatı istiqamətində atılan hər addım Azərbaycanın liderliyini təsdiqləyir.
Yusif ŞƏRİFZADƏ
XQ