Qış fasiləsindən sonra keçirilən ilk turda “Zirə” “Neftçi”yə qonaq gəlmişdi.
Üzərindən çox da keçməyib, şübhə etmirəm ki, sizin də yadınızdadı. 90 dəqiqə ərzində cansıxıcı futbola şahidlik etmişdik, komandaların heç biri fərqlənmək və 3 xal qazanmaq üçün riskə getmək istəməmişdi. Nəticədə də elə meydanı qol vurmadan tərk etmişdilər. Qolsuz bərabərliklə bitən oyundan sonra meydan sahiblərinin azarkeşləri xeyli narazıydılar. Deyirdilər ki, Rəşad Sadıqovun komandası nə özü futbol oynadı, nə də “Neftçi”yə oynamağa imkan verdi. Buna görə də qarşılaşma 0:0 hesabıyla başa çatdı.
Sözsüz, onların narazılığı sırf azarkeşlik duyğularından irəli gəlirdi. Mən Sənan Qurbanovun “Neftçi”yə müvəqqəti baş məşqçilik etdiyi dövrdə bu komandanın oyununa yaxşı ad fikirləşmişdim: “vurmayana vurmasınlar”. Sənan bəyin məşqçilik fantaziyaları, görüb-götürdüyü elə budu. Allahdan arzulayır ki, rəqiblər onun komandasının qapısına yaxınlaşmasınlar. Onları qıcıqlandırmamaq üçün futbolçularını da irəli səsləmir, çalışır ki, 90 dəqiqəni yola versin, bir xal qazanıb, Allahına şükr etsin. Heç Samir Abasovun zamanında da “Neftçi”nin rəngarəng hücumlar etdiyini, böyük qüvvə ilə irəli atılıb, “1 nömrə” kimi oynamağa çalışdığını görməmişik. Yuri Vernidubun “Neftçi”si də “Zirə” ilə oyunda təxminən o prinsiplə hərəkət edirdi.
Nəticədə də nə “Zirə” qol vurdu, nə də “Neftçi”.
Bəli, mən onunla razıyam ki, Rəşad Sadıqov əsasən müdafiəyə diqqət yetirməyi xoşlayır, onun “Zirə”si əsasən etibarlı müdafiə olunmağa çalışır. Bunda Rəşad bəyin özünün də müdafiəçi olmasının böyük rolu var. Adam özünün daha yaxşı bacardığı işi futbolçularına da öyrədir. Amma “Neftçi” ilə qarşılaşmanın qolsuz bərabərliklə yekunlaşması təkcə Rəşad Sadıqovun və onun çalışdırdığı “Zirə”nin günahı deyildi. Bu işdə meydan sahiblərinin də böyük rolu vardı.
Başa düşmək çətin deyildi ki, Yuri Vernidub qış fasiləsindən sonra “siftə”nin korlanmasını istəmir. Ukraynalı çalışdırıcı “Zirə”nin “Neftçi” üçün uğursuz rəqib olduğunun fərqindəydi. Tərs kimi də fasilədən sonra ilk rəqib “Zirə” idi. “Zirə”yə də səfərdə məğlub olmamaq sərf etdiyindən qonaqlar da xüsusi canfəşanlıq göstərmədilər.
“Zirə”yə qarşı ittihamların yersiz olduğunu cəmi bir tur sonra “Sabah” da isbatladı. Özü də “Zirə”nin meydanında. “Zirə” – “Sabah” qarşılamasının ilk 27 dəqiqəsində qonaq komanda meydan sahiblərini düz üç dəfə meydanın mərkəzinə dəvət etdi. Ən nikbin “Sabah” azarkeşi belə bu cür ssenarini təsəvvürünə gətirməzdi, amma gözlənilməz hadisəyə şahidlik etdik. Velko Simiç 9-cu dəqiqədə “Zirə”nin qapısına yol tapdı. Ehtimal etmək olardı ki, “Sabah” hücumlarının kəsərini bir qədər azaldacaq, rəqibinin üzərinə çox da getməyib, müdafiədə diqqətli olmağa çalışacaq.
Sən demə, Valdas Dambrauskas belə düşünmürmüş. Onun komandası təzyiqi davam etdirdi, “ən yaxşı müdafiə hücumdu” prinsipiylə xoşbəxtliyi “Zirə”nin qapısı önündə axtardı. “Sabah” bu təzyiqin bəhrəsini gördü və 27-ci dəqiqəyə qədər istəyinə nail oldu. Cəmi beş dəqiqə aralığında “Zirə”nin qapısına daha iki dəfə yol tapmaq və hesabı 0:3-ə çatdırmaq heç də hər komandanın bacaracağı iş deyildi. Bunu “Sabah” bacardı.
Həyəcan bununla da bitmədi. Qalan dəqiqələr ərzində də tərəflər bir-birinin zəif nöqtəsini axtardı, qol vurmağa çalışdı. Heç şübhə etmirəm ki, “Zirə” təsəlli qolunu 83-cü dəqiqədə yox, daha erkən vura bilsəydi, azarkeşlər daha maraqlı sonluq izləyəcəkdi. Fasiləyə qədər “Sabah”ın qapısına yol tapmaq mümkün olsaydı, ikinci hissə Zirə qəsəbəsindəki stadiondakı mübarizə daha amansız xarakterli olacaqdı. Amma “Sabah” da işini bilirdi. Rəqibin arzusunu gözündə qoymaq Masazırdan gələn qonaqlar üçün çətin tapşırıq olsa da, onlar bunu bacardılar. 83-cü dəqiqədə gələn qol isə “Zirə” üçün zəif təsəllidən başqa bir işə yaramadı. Bu qarşılaşmada “Sabah”ın hücum potensialını bir daha gördük.
Dambrauskas bu oyunda həm də onu göstərdi ki, etibarlı müdafiəsiylə ad çıxaran, arzuolunmaz rəqib statusu daşıyan “Zirə”nin qapısına elə onun meydanında üç dəfə yol tapmaq da mümkündü. Yetər ki, onlardan qorxmayasan, “Zirə”yə “açıq döyüş” təklif edə biləsən.
AMAL
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta