ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərinin əsas nəqliyyat mərkəzlərindən biri olan Penn Station və Vaşinqtondakı Dalles Beynəlxalq Hava Limanının adının dəyişdirilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbələrin məlumatına görə, ötən ay Tramp Senatın azlıq lideri Çak Şumerə ümumi dəyəri 16 milyard dollardan çox olan “Gateway” layihəsinin maliyyələşdirilməsini bərpa etmək təklifi ilə müraciət edib.
Proqram, Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirəcək və ABŞ-ın ən işlək nəqliyyat arteriyalarından birinin infrastrukturunu modernləşdirəcək Hudson çayının altından yeni dəmir yolu tunelinin inşasını nəzərdə tutur.
Lakin Trampın layihənin maliyyələşdirilməsini yeniləmək üçün qoyduğu şərt Nyu-York şəhər qatar stansiyasının və Vaşinqton hava limanının onun şərəfinə adlandırılması idi. Şumer bu təklifi rədd edərək, belə bir tələbi yerinə yetirmək səlahiyyətinin olmadığını izah edib.