AZ

Azərbaycana qarşı hərbi təcavüz törədən şəxslərə hökm oxunması tarixi məsuliyyətin real hüquqi nəticəyə çevrilməsidir - ŞƏRH

Bakı, 6 fevral, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı çoxsaylı ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslər barəsində hökmün elan olunması bir neçə nəfərin taleyi ilə bağlı hüquqi qərar deyil. Bu, dövlət iradəsinin, milli ədalət anlayışının və tarixi məsuliyyətin real hüquqi nəticəyə çevrilməsi deməkdir.

Söhbət adi cinayət epizodlarından getmir. Məhkəmə araşdırmasının predmetinə çevrilən əməllər xarakterinə görə beynəlxalq cinayət hüququnun ən ağır kateqoriyalarına daxil edilə biləcək faktlardır. Belə cinayət tərkiblərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, məsuliyyət siyasi və ya ümumi ritorik müstəvidə deyil, konkret şəxslərin konkret rolu, iştirak forması, niyyəti və məlumatlılığı əsasında müəyyənləşdirilir. Yəni məsələ kollektiv ittihamdan yox, fərdi cinayət məsuliyyətindən gedir.

Bu yanaşma hüquqi baxımdan son dərəcə vacibdir. Çünki müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi kateqoriyalar emosional və ya siyasi bəyanat səviyyəsində deyil, sübutlara, şahid ifadələrinə, ekspertiza rəylərinə və faktların sistemli təhlilinə əsaslanan məhkəmə qərarı ilə hüquqi məna qazanır. Hadisələrin konteksti, mülki əhaliyə qarşı davranışın xarakteri, əmrlər, planlaşdırma və icra mexanizmləri məhz məhkəmə müstəvisində qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, uzun illər ərzində beynəlxalq birlik bu cür cinayət iddialarını müzakirə etsə də, real hüquqi nəticə çox zaman formalaşmadı. Beynəlxalq cinayət hüququ praktikasında bu vəziyyət “cəzasızlıq mühiti” kimi tanınır: cinayətlər haqqında danışılır, hesabatlar yazılır, amma konkret şəxslər barədə konkret hökm çıxarılmır. Bu isə qurbanların ədalətə çıxışının ləngiməsi və oxşar cinayətlərin təkrarlanma riskinin artması kimi təhlükəli nəticələr doğurur.

Məhz belə bir şəraitdə Azərbaycanın öz hüquqi mexanizmləri ilə bu şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi beynəlxalq hüququn əsas prinsiplərindən birinin, ağır cinayətlərin cəzasız qalmaması ideyasının milli səviyyədə həyata keçirilməsi kimi qiymətləndirilə bilər. Bu, təkcə siyasi iradə deyil, həm də dövlətin cinayət mühakiməsi suverenliyinin praktik tətbiqidir.

“Ədalətli hökmün oxunması Azərbaycanın mövqeyini siyasi ritorikadan hüquqi fakta çevirir. İllərlə səsləndirilən ittihamlar məhz məhkəmə qərarı ilə hüquqi reallıq statusu qazanır. Bu, informasiya müharibəsində deyilən tezislərdən daha güclüdür. Çünki protokollaşmış, sənədləşdirilmiş və qərarla tamamlanmış sübut bazası formalaşır. Həmin materiallar sonradan həm daxili, həm də beynəlxalq müstəvidə istinad edilə bilən hüquqi reyestr yaradır.

Təsəvvür etmək çətin deyil ki, əgər bu şəxslər Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarətində olmasaydı, məsuliyyət məsələsi yenə də beynəlxalq platformalarda müzakirə olunar, lakin real nəticə ortaya çıxmazdı. Vaxt keçdikcə sübutların toplanması çətinləşər, şahidlərin xatirələri zəifləyər, bir çox epizodlar hüquqi baxımdan daha mürəkkəb hala gələrdi. Bu isə cəzasızlıq mühitini davam etdirər, qurbanların ədalət gözləntisini zədələyərdi”, - deyə A.Kərimli vurğulayıb.

Deputat əlavə edib ki, bu gün Azərbaycan məhkəmə vasitəsilə həm hüquqi, həm də institusional baxımdan mühüm bir həqiqəti ortaya qoydu. Dövlət yalnız torpaqlarını azad etmədi, həmin torpaqlarda baş verənlərin hüquqi qiymətini vermək iradəsini və bacarığını da nümayiş etdirdi. Ədalət zamanın içində itib zəifləmək əvəzinə, məhkəmə qərarı ilə konkret hüquqi nəticəyə çevrildi.

Bu, Azərbaycanın suverenliyinin təkcə siyasi və hərbi deyil, həm də hüquqi müstəvidə təsdiqidir. Ədaləti təmin etmək iradəsinin suverenliyi isə bəzən daha böyük qələbə hesab olunur.

Seçilən
95
1
azertag.az

2Mənbələr