"Bəzən bir mükafat təkcə bir şəxsə verilən təltif olmur. O, bütöv bir yolun, uzun illərin zəhmətinin, çətin qərarların və böyük məsuliyyətin beynəlxalq miqyasda tanınması olur. Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz belə hadisələrdəndir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, bu mükafat ilk növbədə sülh ideyasına verilən dəyərin ifadəsidir:
"Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adını daşıyan, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən bu nüfuzlu təltif dünyada sülhü, insan qardaşlığını və qarşılıqlı anlayışı real addımlarla təşviq edən liderlərə təqdim olunur. Yəni bu mükafat sözlərə deyil, nəticələrə verilən qiymətdir. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi beynəlxalq ictimaiyyətin onun sülhə aparan çətin, lakin prinsipial yolunu gördüyünü və dəyərləndirdiyini göstərir. Uzun illər davam etmiş münaqişənin sona çatdırılması, yeni regional reallığın formalaşdırılması və bundan sonra sülh gündəliyinin irəli sürülməsi asan qərarlar deyildi. Bu yol cəsarət, siyasi iradə və gələcəyi düşünən baxış tələb edirdi. Bu gün Azərbaycan təkcə münaqişədən çıxmış ölkə deyil. Azərbaycan artıq sülh təklif edən, dialoqa çağıran və sabitlik istəyən dövlətdir. Bu mövqenin arxasında isə ardıcıl siyasət və şəxsi məsuliyyət dayanır. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu məsuliyyətin, bu yanaşmanın beynəlxalq miqyasda qəbul olunduğunu göstərir.
Bu təltif həm də Prezident İlham Əliyevin lider kimi fərqləndirici cəhətlərinə işıq salır. Onun diplomatik təmkinini, prinsipial mövqeyini və ən mürəkkəb məsələlərdə belə emosiyaya deyil, rasional qərarlara üstünlük verməsini beynəlxalq aləm artıq yaxından tanıyır. Sülhə aparan yolun tələskənlik yox, səbr və ardıcıllıq tələb etdiyini bu siyasət bir daha sübut edir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq imici baxımından da mühüm əhəmiyyət daşıyır. Humanitar dəyərlərə bağlı, dialoqa açıq və qlobal məsuliyyət hissi olan dövlət kimi Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Bu, ölkəmizin səsinin beynəlxalq platformalarda daha aydın eşidilməsinə, mövqelərinin daha ciddi qəbul olunmasına xidmət edir. Lakin bütün beynəlxalq təltiflərdən daha qiymətli olan bir dəyər var – xalqın etimadı. Prezident İlham Əliyev bu etimadı real nəticələrlə qazanmış liderdir. O, xalqın taleyini müəyyən edən ən çətin anlarda məsuliyyəti üzərinə götürmüş, Azərbaycanı qalibiyyətə aparmış və bu gün də ölkəni inamla gələcəyə doğru yönəldən siyasi iradənin daşıyıcısıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” bu baxımdan təkcə bir beynəlxalq təltif deyil. Bu mükafat Azərbaycanın seçdiyi yolun – sülh, sabitlik və inkişaf yolunun dünya tərəfindən görülməsi və dəyərləndirilməsidir. Bu isə həm bu günümüz, həm də gələcəyimiz üçün mühüm mənəvi və siyasi mesajdır".