
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) fevralın 5-də Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hərbi zərbə endirildiyini bildirib.
AFN.az xəbər verir ki, əməliyyat general Frensis L. Donovanın rəhbərliyi altında "Southern Spear" (Cənub nizəsi) birgə əməliyyat qrupu tərəfindən həyata keçirilib.
Məlumata görə, kəşfiyyat gəminin məlum narkotik marşrutları ilə hərəkət etdiyini və "terrorçu təşkilatlar" tərəfindən idarə olunduğunu təsdiqləyib. Zərbə nəticəsində gəmidə olan iki nəfər ("narkoterrorçu") öldürülüb. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Bu, 2026-cı ilin əvvəlindən bəri həyata keçirilən ikinci analoji əməliyyatdır (birincisi yanvarın 23-də baş tutmuşdu). Qeyd edək ki, 2025-ci ilin sentyabrından bəri Tramp administrasiyası tərəfindən Karib dənizi və Sakit okeanda narkotik kartellərinə qarşı başladılan bu kampaniya çərçivəsində artıq 38-ci gəmi zərbəyə məruz qalıb və ümumilikdə ölənlərin sayı 128 nəfərə çatıb.
Ağ Ev bu hərəkətləri narkotik kartelləri ilə "beynəlxalq olmayan silahlı münaqişə" kimi əsaslandırsa da, bəzi hüquq müdafiəçiləri və demokrat qanunvericilər bu zərbələrin beynəlxalq hüquqa zidd olduğunu və sübutların kifayət etmədiyini iddia edirlər.