AZ

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

Azərbaycanın sülh təşəbbüsləri növbəti dəfə ən yüksək səviyyədə nümunə kimi təqdim olundu. Prezident İlham Əliyevin BƏƏ-yə budəfəki səfəri, Əbu-Dabidə keçirilən görüşlər, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatı Cənubi Qafqazda mövcud olan sülh prosesinin beynəlxalq birlik tərəfindən tanındığını bir daha təsdiqlədi.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, məhz Vaşinqton sammitində ABŞ Prezidentinin şahidliyi ilə sülh müqaviləsi layihəsinin paraflanması Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatında əldə etdiyi qələbəni daha da möhkəmləndirməkdədir. Dövlət başçımız Əbu-Dabidə mükafatlandırma mərasimində çıxışı zamanı son 6 aydır ki, sülh şəraitinin hökm sürdüyünü bir daha bəyan etdi. "Cənab Prezidentin təqdimat mərasimindəki çıxışı onu deməyə əsas verir ki, son altı ay davamlı sülhə doğru irəliləyiş dövrüdür. Biz təkcə Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmadıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, əməkdaşlığımız bu altı ay ərzində başlayıb", - deyə Prezident İlham Əliyev  qeyd etdi. Yəni məhz Azərbaycanın ədalətli yanaşması, möhkəm iradəsi sayəsində son 6 ayda yeni sülh mərhələsi başlayıb", - deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın sülh istiqamətindəki təşəbbüskarlığı,  Bakı ilə İrəvan arasındakı əlaqələrin hazırkı mərhələsi münaqişə vəziyyətində olan dövlətlər üçün də nümunədir: "Cənab Prezidentin də söylədiyi kimi, bizim nümunəmiz uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı inamsızlığa baxmayaraq, sülhün mümkün olduğunu göstərir. Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu, uzunmüddətli münaqişələrin dialoq və məsuliyyət vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir".

N.Məmmədova deyib ki, mükafatlandırma mərasimi ilə bağlı təbriklərdə də Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi təqdim olunur. 

Deputat hesab edir ki, regionda sülhlə bağlı yeni dövr başlayır və Ermənistan da bu istiqamətdə praktik addımları intensivləşdirməlidir: "Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Əbu-Dabidə keçirilən görüşdə normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın bu addımları sülhü möhkəmləndirməyə yönəlib. Ermənistandan da etimadı doğrultmağı gözləyirik".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr