AZ

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Bu, Azərbaycan Prezidentinin güclü siyasi lider kimi sülh istiqamətində göstərdiyi fəaliyyətə verilən yüksək qiymətdir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın Vətən savaşında Zəfərin yaratdığı yeni reallıqlar fonunda regionda yeni təhlükəsizlik mühiti formalaşıb. Bir neçə ildir Cənubi Qafqaz regional sabitliyin təmin olunmasına verdiyi töhfələrlə tanınır. "Mükafatlandırma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülh mümkündür. Biz 44 günlük müharibədən sonra Azərbaycanın sülh istiqamətində atdığı addımlara baxsaq, burada rəsmi Bakının tolerant, insani dəyərlərə sadiqliyini açıq şəkildə görmüş olarıq. Dünya ölkələrinin liderləri də bu prosesi nümunə kimi qiymətləndirirlər. 2025-ci ilin avqustunda Vaşinqton görüşündə isə dayanıqlı sülhlə bağlı tarixi razılıq əldə olundu. Həmin Zirvə görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin Birgə Bəyannamə imzalanmışdır. ABŞ Prezident Donald Tramp şahid qismində həmin sənədi imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur", - deyə o bildirib.

Deputat qeyd edib ki, beləliklə, son altı ay Bakı-İrəvan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Dünyanın ən nüfuzlu humanitar və sülhyönümlü təltiflərindən biri hesabolunan "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident  İlham Əliyevə təqdim olunması beynəlxalq ictimaiyyətin onun 35 illik münaqişəni sülh yolu ilə sona çatdırmaq, Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə və Azərbaycanın prinsipial sülh siyasətinə verdiyi yüksək qiymətin ifadəsidir. "Bu təltif Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini daha da gücləndirən tarixi hadisədir. Burada söhbət yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından getmir. Azərbaycan Prezidentinin siyasi fəaliyyəti bütövlükdə insan qardaşlığına və qlobal sabitliyə verdiyi töhfələrə görə hər zaman təqdir olunur.  Nəzərə alsaq ki, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın da əsas mahiyyəti bu insani dəyərləri özündə ehtiva edir, bu mənada ali mükafat sülh və tolerantlığın daimi dəstəkçisi olan Azərbaycanın hər zaman humanizm prinsiplərinə sadiqliyinə verilən qiymət kimi dəyərləndirilməlidir", - deyə deputat əlavə edib.

K.Nurullayeva vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olan, bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etmiş böyük Liderdir. Beynəlxalq səviyyədə də Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasına, əmin-amanlığın gücləndirilməsinə töhfə kimi qiymətləndirilir.  

Deputat bildirib ki, Azərbaycanın sülh təşəbbüsləri qardaşlığın təhlükəsizlik, inkişaf və insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir: "Otuzillik işğala son qoymaqla Azərbaycan regionun hüdudlarından kənarda  da sülhün aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlər sistemində diplomatiyaya etimadı gücləndirir. Dünyanın siyasi mənzərəsi göstərir ki, sülh iradə, cəsarət və prinsipiallıq tələb edir. Bu kontekstdə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi növbəti dəfə sülh və tolerantlıq nümunəsi sərgiləyir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr