AZ

Bu gün İtaliyada 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün İtaliyada 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarışlar Milan və Kortina d Ampezzo şəhərlərində təşkil olunacaq.

İlk Olimpiya yarışlarına fevralın 4-də qarışıq cütlüklərin kerlinq turniri ilə start verilib. Qadınlar arasında xokkey üzrə turnir isə fevralın 5-dən etibarən keçirilir. Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 6-da Milanda yerləşən “San-Siro” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:26-da başlayacaq. (Yerli vaxtla 20:26-da. Buna səbəb simvolik olaraq 2026-cı ili göstərməkdir.)

İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki Olimpiada, 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında “moğul” yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Qeyd edək ki, 25-ci Qış Olimpiya Oyunlarında Azərbaycanı milli komandamızın üzvləri Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə təmsil edəcəklər.

İdman.Biz
Seçilən
15
1
idman.biz

2Mənbələr