Dünyada xərçəng xəstəliklərinin 30 faizdən çoxunun qarşısını dəyişdirilə bilən risk faktorlarının azaldılması ilə almaq mümkündür.
Redaktor.az xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri qlobal onkoloji statistikanın təhlili əsasında gəliblər və araşdırma "Nature Medicine" jurnalında dərc olunub.
ÜST-nin məlumatına görə, 2022-ci ildə dünyada təxminən 19 milyon yeni xərçəng halı qeydə alınıb. Onların təxminən 38 faizi insanın həyat tərzi və ətraf mühit kimi təsir göstərə biləcəyi amillərlə bağlı olub. Qarşısı alına bilən onkoloji xəstəliklər arasında ağciyər, mədə və uşaqlıq boynu xərçəngi üstünlük təşkil edir və bu hallar ümumi göstəricinin demək olar ki, yarısını təşkil edir.
ÜST-nin tibbi epidemioloqu və tədqiqatın aparıcı müəllifi İzabel Seriyomatarm bildirib ki, xərçəngin qarşısı alına bilən səbəbləri ilə mübarizə qlobal onkoloji yükün azaldılması üçün ən güclü imkanlardan biridir.
Tədqiqatçılar dəyişdirilə bilən risk faktorları sırasında tütünçəkmə, alkoqol qəbulu, artıq çəki, fiziki passivlik, çeynənən tütün və areka qozu, ana südü ilə qidalanmanın azlığı, hava çirklənməsi, ultrabənövşəyi şüalanma, infeksiyalar və bir sıra peşə zərərli amillərini qeyd ediblər.
Ən əsas qarşısı alına bilən risk faktoru yenə də siqaretçəkmədir. Siqaret dünyada qeydə alınan yeni xərçəng hallarının təxminən 15 faizi ilə əlaqələndirilir. Kişilər arasında bu göstərici daha yüksəkdir – onkoloji diaqnozların təxminən 23 faizi tütün istifadəsi ilə bağlıdır.
Tədqiqatda vurğulanır ki, təhlükə təkcə siqaretlə məhdudlaşmır. Havanın çirklənməsi də ağciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır və bu təsir regionlara görə fərqlənir. Şərqi Asiya ölkələrində qadınlarda ağciyər xərçəngi hallarının təxminən 15 faizi, Şimali Afrika və Qərbi Asiyada isə kişilərdə təxminən 20 faizi hava çirklənməsi ilə əlaqələndirilir.
Davranış faktorları arasında ikinci yerdə alkoqol istifadəsi dayanır. Alkoqol qəbulu yeni xərçəng hallarının təxminən 3,2 faizinə, yəni ildə təxminən 700 min diaqnoza səbəb olur.
Xərçəng hallarının təxminən 10 faizi müxtəlif infeksiyalarla bağlıdır. Qadınlarda xüsusilə insan papilloma virusu (HPV) ön plana çıxır və bu virus uşaqlıq boynu xərçənginə səbəb ola bilər. Effektiv peyvənd mövcud olsa da, bir çox ölkədə vaksinasiya səviyyəsi hələ də kifayət deyil.
Kişilərdə daha çox rast gəlinən mədə xərçəngi isə siqaretçəkmə və sıx yaşayış, zəif sanitariya şəraiti, təmiz suya çıxışın məhdudluğu fonunda yayılan infeksiyalarla əlaqələndirilir.
Araşdırma müəllifləri vurğulayırlar ki, siqaretin azaldılması, hava keyfiyyətinin yaxşılaşdırılması, infeksiyaların profilaktikası və sağlam həyat tərzinə keçid milyonlarla insanın həyatını xilas edə və xərçənglə qlobal mübarizədə əsas alətlərdən birinə çevrilə bilər.