AZ

“Müəllim özünü hüquqi baxımdan güvəndə hiss etmədiyi mühitdə nə keyfiyyətli dərs keçə bilər, nə də peşəkarlaşa bilər”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, müəllimlər də daxil olmaqla bütün əmək münasibətləri qanunla tənzimlənir və əmək müqaviləsinə yalnız hüquqi əsaslarla xitam verilə bilər. Bizimyol.info metbuat.az-a istinadən xəbər verir ki, müəllimin əmək müqaviləsi onun öz təşəbbüsü, müqavilə müddətinin başa çatması, tərəflərin razılığı, müəssisənin ləğvi və ya ştat ixtisarı, eləcə də tərəflərin iradəsindən asılı olmayan hallarda dayandırıla bilər. Bu əsaslar olmadan işdən azad edilmə qanunsuz sayılır. İşəgötürən müəllimi yalnız vəzifə öhdəliklərini pozduğu, əmək intizamına əməl etmədiyi, işə davamlı gəlmədiyi, pedaqoji etikaya zidd davrandığı və ya şagirdlərin təhlükəsizliyini riskə atdığı hallarda işdən azad edə bilər və bütün faktlar sənədləşdirilməlidir. Qanunsuz və ya prosedur pozuntusu ilə işdən çıxarılan müəllim məhkəməyə müraciət edərək işə bərpa olunma və itirilmiş əməkhaqqının ödənilməsini tələb edə bilər.Müəllimlərin işdən azad olunması ilə bağlı ən çox rast gəlinən qanun pozuntuları hansılardır?Müəllimlərin əmək hüquqlarını qorumaq üçün nə etmələri vacibdir?Direktorların səlahiyyətlərindən sui-istifadə halları varmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, müəllim öz ərizəsi ilə işdən çıxanda sonradan hüquqlarını bərpa etmək prosesi daha çətinləşir: “Əmək münasibətləri sahəsində müəllimlər də digər işçilər kimi tam şəkildə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qorunur və bu, çox vacib məqamdır. Çünki bəzən cəmiyyətdə elə bir yanlış təsəvvür formalaşır ki, guya məktəbdə direktorun “istədiyini işdən çıxarmaq” kimi sərbəst hüququ var. Əslində isə müəllimlə əmək müqaviləsinə xitam verilməsi yalnız qanunda göstərilən əsaslarla və müəyyən prosedurlara uyğun şəkildə mümkündür. Əgər həmin əsaslar yoxdursa və ya prosedur düzgün aparılmayıbsa, bu, artıq qanunsuz işdən azadetmə sayılır və müəllim hüquqi müstəvidə öz haqqını tələb edə bilər.

Müəllimlərin işdən azad olunması ilə bağlı ən çox rast gəlinən qanun pozuntularından biri “əsaslandırılmamış çıxarılma” halıdır. Yəni işəgötürən müəllimi hansısa şəxsi münasibət, subyektiv fikir və ya “məktəbin imicinə uyğun gəlmir” kimi hüquqi məna daşımayan ifadələrlə işdən uzaqlaşdırmağa çalışır. Halbuki işdən azadetmə üçün konkret hüquqi əsas olmalıdır və həmin əsaslar sübutlarla təsdiqlənməlidir. Digər geniş yayılmış pozuntu isə intizam tənbehi prosedurunun düzgün aparılmamasıdır. Bəzən müəllimə xəbərdarlıq edilmədən, izahat alınmadan və ya araşdırma aparılmadan birbaşa işdən çıxarılma qərarı verilir. Halbuki əmək intizamı pozuntusu ilə bağlı tədbir görülərkən işçiyə özünü müdafiə etmək hüququ tanınmalı, izahatı alınmalı, aktlar düzgün tərtib edilməli, sübutlar rəsmi sənədlərlə təsdiqlənməlidir.

Digər ciddi problem “təzyiq yolu ilə ərizə yazdırmaq” hallarıdır. Yəni müəllimə açıq və ya dolayı formada təzyiq göstərilir ki, “öz ərizənlə çıx, yoxsa problem yaşayacaqsan”. Bu isə hüquqi baxımdan çox təhlükəli haldır. Çünki müəllim öz ərizəsi ilə işdən çıxanda sonradan hüquqlarını bərpa etmək prosesi daha çətinləşir. Amma reallıqda belə hallar məktəb mühitində zaman-zaman müşahidə olunur. Bundan başqa, ştat ixtisarı adı altında işdən çıxarmalar zamanı da qanun pozuntularına rast gəlinir. Əgər həqiqətən ixtisar aparılırsa, bunun əsaslandırılması, rəsmi sənədləşməsi, vakant yerlərin təklif olunması və qanunla nəzərdə tutulan xəbərdarlıq müddətinə əməl olunması vacibdir. Əks halda bu da formal ixtisar adı ilə müəllimin kənarlaşdırılması kimi qiymətləndirilə bilər”.

Əmrah Həsənli

Əmrah Həsənli vurğulayıb ki, müəllim heç bir halda təzyiq altında “öz ərizəsi ilə işdən çıxma” sənədinə tələsməsin: “Müəllimlərin əmək hüquqlarını qorumaq üçün ilk növbədə ən vacib addım hüquqi savadlılığı artırmaqdır. Müəllim bilməlidir ki, əmək müqaviləsi, iş vaxtı, məzuniyyət hüquqları, intizam məsuliyyəti, töhmət proseduru və işdən çıxarılma qaydaları qanunla necə tənzimlənir. Çünki hüququnu bilməyən insan onu qorumaqda çətinlik çəkir. İkinci mühüm məsələ bütün rəsmi proseslərdə sənədləşməyə diqqət etməkdir. Məsələn, müəllimə şifahi xəbərdarlıq deyilirsə, bu, hüquqi baxımdan çox zaman sübuta yetirilə bilmir. Amma müəllimə yazılı şəkildə töhmət verilibsə, izahat alınıbsa və akt tərtib olunubsa, artıq hüquqi mexanizm işə düşür. Müəllim hər hansı təzyiq və ya qanunsuz tələb olduqda mümkün qədər yazılı izahat, rəsmi məktub, elektron yazışma kimi sübutlar toplamalıdır.

Bundan əlavə, müəllimlərin həmkarlar ittifaqı ilə əməkdaşlığı və hüquqi məsləhət almaq imkanlarından istifadə etməsi vacibdir. Təəssüf ki, bəzi hallarda müəllimlər problemi yalnız emosional formada qəbul edir və hüquqi müstəviyə keçirmirlər. Halbuki düzgün hüquqi yanaşma müəllimi həm iş yerində qoruyur, həm də gələcəkdə məhkəməyə müraciət edərsə onun mövqeyini gücləndirir. Ən əsas tövsiyələrdən biri də budur ki, müəllim heç bir halda təzyiq altında “öz ərizəsi ilə işdən çıxma” sənədinə tələsməsin. Əgər problem varsa, hüquqi əsaslar araşdırılmalı, müvafiq instansiyalara müraciət edilməlidir”.

Əmrah Həsənli qeyd edib ki, direktorların səlahiyyətlərindən sui-istifadə halları müəyyən sistem boşluqlarının nəticəsi kimi də qiymətləndirilə bilər: “Direktorların səlahiyyətlərindən sui-istifadə halları məsələsinə gəldikdə isə, təəssüf ki, bəli, belə hallar mövcuddur və bu, tək-tək faktlar deyil, müəyyən sistem boşluqlarının nəticəsi kimi də qiymətləndirilə bilər. Direktor məktəbin idarəetməsinə cavabdeh şəxsdir, lakin onun səlahiyyətləri qanunla məhdudlaşır. Direktor müəllimi şəxsi münasibətə görə sıxışdırmaq, iş yükünü məqsədli şəkildə artırmaq, əsassız aktlar tərtib etdirmək, müəllimi valideynlərlə qarşı-qarşıya qoymaq və ya “mən istəsəm işdən çıxardaram” kimi psixoloji təzyiq mexanizmlərindən istifadə edirsə, bu artıq idarəçilik deyil, səlahiyyətdən sui-istifadədir. Belə hallar xüsusilə hüquqi mexanizmlərin zəif işlədiyi, müəllimin öz haqqını tələb etməkdən çəkindiyi mühitlərdə daha çox yayılır.

Ümumilikdə, müəllimlərin işdən azad olunması məsələsi yalnız əmək münasibəti deyil, eyni zamanda təhsil sisteminin sağlam idarə olunması məsələsidir. Çünki müəllim özünü hüquqi baxımdan güvəndə hiss etmədiyi mühitdə nə keyfiyyətli dərs keçirə bilər, nə də peşəkar inkişafını davam etdirə bilər. Buna görə də qanunla müəyyən olunmuş qaydaların pozulması təkcə müəllimə deyil, bütövlükdə məktəb mühitinə və təhsilin keyfiyyətinə zərər vurur. Əgər işdən çıxarılma qanunsuz həyata keçirilibsə, müəllimin məhkəməyə müraciət etməsi və işə bərpa olunmaqla yanaşı itirilmiş əməkhaqqını tələb etməsi tam qanuni hüquqdur və bu, artıq hüquqi dövlət prinsipinin bir göstəricisidir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr