AZ

14 fevralı Bakıda və onun hüdudlarından kənarda necə qeyd etmək olar? dan yeddi ideya

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanlıların bəxti gətirib: ölkədə sevgi bayramı iki dəfə - 14 fevral və 30 iyun tarixlərində qeyd olunur. Tezliklə Bakı əllərində ürək formalı şarlar olan cütlüklərlə dolu olacaq. Sevgililər Gününə lap az qalıb və son anda təlaşa düşməmək üçün Oxu.Az diqqətli cütlüklərə öz yarlarını hisslər burulğanına qərq edə biləcəkləri məqama indidən hazırlaşmağı tövsiyə edir.

Unutmayın ki, uğursuz keçirilən 14 fevralın mənfi nəticələri ola bilər. Saytımızın oxucularının hazırlaşmağa vaxt tapması və bu günü unudulmaz etməsi üçün yeddi ideya topladıq.

"İslanıb üstü-başı yaz yağışından yarımın" - Bakıda birinci havaya diqqət edin

Paytaxt sakinləri havanın dəyişkənliyinə öyrəşiblər. Yəni Şövkət Ələkbərovanın oxuduğu "Tez gəl" mahnısında deyildiyi kimi, yar yağışda islansa da, baxışından canlar alan naz süzülür. 14 fevralda bəxtinizə sakit, küləksiz gün düşsə, mütləq birlikdə gəzintiyə çıxın. Yeni müşahidə meydançasını - Ağ şəhər körpüsünü ziyarət etməyi, xatirə üçün və sosial şəbəkələrdə "like" qoyub, sizə xoşbəxtlik və cansağlığı içində uzun illər birgə həyat arzulayacaq doğmalarınızı sevindirmək üçün bir neçə şəkil çəkdirməyi məsləhət görürük.

Ağ şəhəri gəzdikdən sonra bulvara üz tutun. Orada sevgililərin qıfıllarla "bəzədiyi" dəmir ağac var. Siz də sevgi bağlarınızı qıfılla möhkəmləndirə bilərsiniz. Əgər bu cür jestləri sevirsinizsə, əvvəlcədən hazırlaşın. Açarını isə Xəzərə atmaq olar.

Paytaxtın qəlbində sevgi festivalı

Fevralın 7-dən 14-dək İçərişəhərdə Sevgililər Gününə həsr olunmuş festival keçiriləcək. Qoşa Qala meydanında yarmarka təşkil olunacaq, burada yerli sənətkarların əl işlərini əldə etmək və xüsusi fotozonalarda xatirə şəkilləri çəkdirmək mümkün olacaq. Burada, həmçinin ikinci yarınız üçün ideal hədiyyə seçmək, ayaqüstü milli mətbəxin təamlarından dadmaq və sadəcə, piştaxtalardakı bütün gözəllikləri seyr etmək (qadınlar bunu çox sevirlər) mümkün olacaq.

Ürəyə aparan ən qısa yol

Bəli, qadın da kişi kimi ləzzətli bir görüşə çox sevinəcək. Sevgililər Günündə şam yeməyinə əvvəlcədən hazırlaşmaq lazımdır, çünki həmin gün restoranda boş masa tapmaq qeyri-mümkün olacaq. İkinci yarınızın üstünlük verdiyi mətbəxi olan bir məkan seçin. Və ya onun çoxdandır getmək istədiyi restorana aparın.

Bakıda çoxlu möhtəşəm restoran var, Xəzər mənzərəli və ya çox rahat interyerli olanını seçmək olar. Üstəlik, restoranlar, adətən, əlamətdar günlərdə özləri canlı musiqi ilə bayram ab-havası yaradırlar. Amma əgər siz nəsə ekstra, məsələn, masa üzərində qızılgül ləçəkləri istəsəniz, bu barədə əməkdaşlardan əvvəlcədən xahiş edin.

Yeri gəlmişkən, gül dükanlarında buketləri də əvvəlcədən sifariş etmək daha yaxşıdır. Əks halda növbəyə durmalı, ya da tapdığınızı götürməli olacaqsınız.

Çəngəl səsi əvəzinə caz

Əlbəttə ki, romantik axşamı caz-klubda keçirmək, bir qədəh şərabla blyuz dinləmək idealdır... Bakıda bunu edə biləcəyiniz bir neçə restoran var. Yenə də masanı əvvəlcədən rezerv etmək lazımdır.

Sevginizi əllərinizlə yoğurun

Keramika üzrə birgə ustad dərsi də populyar görüş ideyasıdır. Adətən, kişilər bu cür işlərdən qaçırlar, lakin 14 fevralda yarınızı sevindirmək olar. Əgər bu ideyanı kişi təklif etsə, qadına ikiqat xoş olacaq.

Bu həm də Demi Mur və Patrik Sueyzinin çəkildiyi "Ruh" (1990) filmindən qəhrəmanların dulusçu çarxında gil qab düzəltdiyi o məşhur səhnəni canlandırmaq imkanıdır. Tam oxşarlıq üçün telefonunuzda "Unchained Melody" mahnısını qoşa və qulaqlığın bir tayını ikinci yarınıza verə bilərsiniz.

Bakıda bunu edə biləcəyiniz keramika emalatxanaları da kifayət qədərdir. Sizin düzəltdiyiniz qab isə sevginizin rəmzi kimi xatirə qalacaq.

Başqalarının əlləri ilə sevgi? - O da mümkündür

İki nəfərlik SPA, xüsusən də əgər həmin iki nəfər saat 9:00-dan 18:00-a kimi işləyirsə - yarınıza bəxş edə biləcəyiniz ən yaxşı hədiyyədir. Masaj, buxar otağı və hovuz sizi ortaq uşaqlardan heç də az yaxınlaşdırmayacaq.

Bakıda SPA xidmətlərindən istifadə edə biləcəyiniz yerlər çoxdur, lakin regionlardakı hotellərə də yollana bilərsiniz. Orada SPA xidmətləri paytaxtdakılardan geri qalmır, təbiət qoynunda gəzintilər isə əla bonus olacaq.

Hər zövqə uyğun əyləncələr

Xüsusilə 14 fevral üçün Bakıda hər zövqə uyğun çoxlu tədbirlər planlaşdırılıb. Abbas Bağırov, Sərxan Sərxan, Camal Qasımovun yaradıcılığının pərəstişkarları onların konsertlərinə gedə bilərlər. Miri Yusifin fanatları onun canlı ifası altında rəqs edə bilərlər. Hətta flamenko həvəskarları üçün də tədbir var. Şam işığında klassik musiqi və digər janrlar da unudulmayıb. Tədbirlər siyahısına "Bu şəhərdə" konserti, həmçinin "Mulen Ruj" da daxildir.

Sevgi haqqında çoxlu tamaşalar və filmlər də var. Onları da nəzərdən keçirmək olar.

P.S.: Əgər sevgiliniz yoxdursa, amma bu mətni sona qədər oxumusunuzsa, bilin ki, Bakıda 14 fevralda tək olanlar üçün də məxsusi tədbirlər keçirilir. Yuxarıda sadalananların hamısına getmək üçün də mütləq sevgilinizin olması şərt deyil. Əsas odur ki, özünüzü sevəsiniz.

Firəngiz Ağalarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
oxu.az

1Mənbələr