Rüfət Abdullazadədən sonra Turan Manafov da legioner həyatına ara verərək Azərbaycana qayıtdı. 27 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Qəbələ”nin formasını geyəcək.
Maraqlıdı ki, o, ötən ilin sentyabrında Cənubi Afrika “Stellenboş”uyla 2028-ci ilin sonuna qədər olan müddəti əhatə edən müqavilə imzalamışdı. Bundan sonra Afrika Konfederasiyalar Kubokunda 2, ölkənin premyer-liqa klublarının iştirakıyla keçirilən üçüncü dərəcəli kubok yarışında 1, əsas çempionatda 7 matç keçirən futbolçu “qırmızı-qaralar”da göründü.
Bəs, futbolçu niyə vətənə qayıtmağa qərar verdi? Onun məhz “Qəbələ”yə gəlməsini şərtləndirən amillər hansılardı? Olmaya, Cənubi Afrikada hansısa problemlə üzləşib?
Bu suallara aydınlıq gətirmək üçün Turanla əlaqə saxladıq.
- Turan, cəmi 4 ay sonra Azərbaycana qayıtdın. Nə baş verdi?
- Xatırlayırsızsa, Azərbaycandan ayrılanda iki aydan çox idifutbol oynamırdım. Mövsüm başa çatdıqdan sonra bir ay fasilə oldu. Qarşı tərəfdən təklif gələndən sonra daha bir ay viza məsələsinin həll olunmasına sərf etdim. Təklifi iyunun axırlarında almışdım. Afrikaya yollanandan sonra isə oturum icazə almaq lazım idi. Bir müddət də burda vaxt itirdim. Ardınca formada olmadığım üçün çox şans qazana bilmədim. Amma özümü hazır hiss etdiyim vaxtdan bəri bütün oyunlarda iştirak etdim. Daha sonra komandada baş məşqçi dəyişikliyi baş verdi. Qarışıq mövzular ortaya çıxdı. Yeni çalışdırıcı yalnız öz futbolçularına şans verməyə başladı. Yaşlı, afrikalı oyunçular daha çox forma geyirdi. Bu ərəfədə “Qəbələ”dən təklif aldım.
- Niyə məhz “Qəbələ”?
- Bu komandanın şərtləri xoşuma gəldi. Həm də kollektiv yaxşı futbol oynayır. Premyer-liqa təcrübəsi olmayan oyunçuları olsa da, yaxşı performans sərgiləyirlər. Məncə, “Qəbələ” göstərdiyi futbola görə turnir cədvəlində daha yüksək pillələrə layiqdi. Sadəcə, bəzən şanssızlıqdan, bəzən də təcrübəsizlikdən xal itirirlər. Həm də bu klubun akademiyasında inkişaf etmişəm. Belədə gəlib 4 ay “Qəbələ”də oynamağı üstün tutdum. Vətəndə olacam, icarə müddəti bitəndən sonra Afrikaya qayıdacam. Yəqin ki, o vaxta qədər məxsus olduğum komandanın durumu daha yaxşı olacaq.
- Bayaqkı sualın ardı: başqa təklif yox idi?
– Başqa klublardan da təklif almışdım. İstəsəm, Afrikada başqa komandaya da gedə bilərdim. Orda hansısa problemim olmayıb. Maliyyə cəhətdən də hər şey qaydasındaydı. Uyğunlaşmaqda da çətinlik çəkmədim. Sadəcə, yeni baş məşqçi bir az yaşlıdı. Ancaq özünə uyğun olan futoblçuları oynadır. Legionerləri çox xoşlamır. İstəyir ancaq öz adamları oynasın. Yenə də bunlar klubun öz işidi. Bu barədə danışmaq mənə düşməz. Demək olar ki, bütün şərtlərə görə bu komanda uyğun olduğuna görə “Qəbələ”ni seçdim. Öz vətənimdi. Bura kollektivin turnir cədvəlindəki durumuna baxıb gəlməmişəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
– Bəs, bundan sonrakı planların hansı yöndədi?
– Müqaviləmin müddəti bitənə qədər ordayam. Məşqçi dəyişikliyi olmasa, Azərbaycana qayıtmaq niyyətində deyildim. Gələcəyi bilmək olmur. İndiki halda Azərbaycanda oynamaq daha yaxşı variantdı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta