Müəllif: Tamara Mustafayeva, Banco.az
"Fitch" Türkiyə iqtisadiyyatını dəyərləndirib.
Banco.azxəbər verir ki, beynəlxalq kredit reytinqi təşkilatı “Fitch Ratings”in Türkiyə üzrə məsul ölkə reytinqi üzrə baş direktoru Duqlas Uinslou bildirib ki, Türkiyənin maliyyə göstəricilərində yaxşılaşma müşahidə olunur, valyuta ehtiyatları həm həcmi, həm də keyfiyyəti baxımından güclənib və xarici həssaslıqlar azalıb.
Uinslou “Fitch Ratings” tərəfindən onlayn formatda təşkil olunan və 2026-cı ildə Türkiyənin suveren kredit reytinqinə, eləcə də bankların kredit reytinqlərinə təsir göstərə biləcək amillərin müzakirə edildiyi paneldə qiymətləndirmələrlə çıxış edib.
O xatırladıb ki, “Fitch Ratings” 24 yanvar tarixində Türkiyənin kredit reytinqini “BB-” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “sabit”dən “müsbət”ə yüksəldib. Uinslou qeyd edib: “Bunun əsas səbəbi, əsasən, valyuta ehtiyatlarında gözlənilən artımla bağlı olaraq xarici həssaslıqların azalması olub. 2024-cü ilin sentyabrında Türkiyə üzrə reytinqimizi yüksəltdiyimiz vaxtdan bəri bu ehtiyatların keyfiyyətində yaxşılaşma, həmçinin məzənnə ilə bağlı öhdəliklərdə azalma qeydə alınıb.”
Türkiyədə sərt makroiqtisadi siyasətin davam etdiyini və yumşalma riskinin azaldığını vurğulayan Uinslou bildirib ki, “proqnozun dəyişdirilməsi Türkiyənin maliyyə göstəricilərində müşahidə olunan müəyyən müsbət irəliləyişləri əks etdirir”.
Uinslou əlavə edib ki, “Türkiyənin iri və şaxələndirilmiş iqtisadiyyata malik olması, dövlət borcunun aşağı səviyyədə qalması, gərgin dövrlərdə xarici maliyyə mənbələrinə çıxışı qoruyub saxlamaq sahəsində uğurlu təcrübəsi və dayanıqlı bank sektoru ölkənin kredit reytinqini dəstəkləməyə davam edir.”
Bizi sosial şəbəkələrdən izləyin!!