AZ

Azərbaycanlı iradəsi: Babək bu gün kimlərlə döyüşür?

642-ci ilin yayında Nəhavənd yaxınlığında baş verən və üç gün davam edən son dərəcə ağır döyüşdə ərəb ordusu Sasani qoşunlarına qalib gəldi. Nəhavənddəki məğlubiyyətdən sonra İran imperiyası bir daha toparlana bilmədi və dağılma prosesi sürətləndi. 642-651-ci illər ərzində imperiyanın əyalətləri bir-bir xilafətin nəzarətinə keçdi. Sasani məmləkəti “kust” adlanan 4 inzibati vahidə bölünürdü. Ölkənn şimal-qərbindəki 4-cü kust “Aderbadğan” adlanırdı. Şirvan və Aran mahalları da bu kusta daxil idi. Xilafət “kust” bölgüsünü ortadan qaldırmış, “Aderbadğan” ismi isə ərəb yazılışında və tələffüzündə “Azərbaycan” şəklini almışdı.

Vətənimizin adının sırf “Azərbaycan” formasına düşməsi birmənalı olaraq ərəb istilası ilə bağlıdır. Daha öncə heç bir tarixi mənbədə “Azərbaycan” kəliməsi yoxdur. Kəlimənin “əcdadları” var, amma məhz indiki şəkli ilə özü yoxdur. Odur ki, müvafiq yazı və deyiliş şəkli ilə AZƏRBAYCAN coğrafiyasında ilk müstəqil dövlətin meydana çıxması ərəb istilasından sonra baş verməlidir. Bu, necə deyərlər, aksiomdur. Bəs, bu dövlət hansıdır?

Sovet tarixçilərinin ümumi konsensusuna görə, ərəb xilafətinin müstəmləkəsi olan Azərbaycanda yaranan belə bir dövlət Sacilərdir. 9-cu əsrin sonlarına doğru əsası qoyulmuş və ilk paytaxtı Marağa olan Sacoğulları xanədənı mənşəcə Azərbaycandan deyildilər. Sülalə əslən Uşrusanadandır və ilk dəfəbölgəmizə Afşinin ordularının tərkibində Babəki cəzalandırmaq üçün gəlmişdilər. Məkkə və Bağdad kimi önəmli islam şəhərlərində, Əhvazın timsalında bir sıra üsyan bölgələrində vəzifə daşımış Əbu Sac ailəsinin xəlifələrlə münasibətləri heç də hamar olmamış, zaman-zaman əmlakları müsadirə edilmişdi. Bütün hallarda, Sacoğullarının iqtidar əldə əldə etməsi ərəb xilafətində mərkəzi hakimiyyətin zəifləməsi ilə yaranmış sistem böhranının nəticəsi idi, nəinki Azərbaycanın coğrafi-siyasi iradəsini əks etdirirdi.

Tariximizin önəmli və qürurlu bir səhifəsi olmasına rəğmən, Sacoğullarının ilk müstəqil Azərbaycan dövləti olması ilə bağlı deyilənlər həm xronoloji, həm də konseptual mənada səhvdir. Ona görə ki, 816-838-ci illərdə Azərbaycanda birmənalı olaraq vətən anlayışından, xalq-azadlıq məfkurəsindən və coğrafi-siyasi unikallıqdan doğan bir dövlət təşəkkül edib. Babəkin hökmdarlığı ilə elə “Azərbaycan” adı ilə xürrəm dövləti yaranıb.

Xürrəm sektasının lideri Cavidanın ölümündən sonra Babək Bəz qalası da daxil olmaqla onun bütün mülkünə sahib olmuş, eyni zamanda, icmanın ruhani liderinə çevrilmişdi. O, gecə basqınları ilə əvvəlcə ətrafdakı ərəb qarnizonlarını darmadağın etdi, daha sonra coğrafiyanın digər feodallarını özünə tabe edərək mərkəzi hakimiyyət qurdu. Mərhum akademik Ziya Bünyadovun Süyutidən iqtibas etdiyi kimi, xəlifə Mötəsim 837-ci ildə AZƏRBAYCAN PADİŞAHInı əsir alanadək Babək xilafətin bir neçə ordusuna zəfər çalmış, onu tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bəli, Babək həm ilk azərbaycanlı nəhəng tarixi şəxsiyyət, həm də Azərbaycan dövlətinin qurucusudur. Babəkin tarixdəki ən böyük rolu da elə budur: Vətən anlayışına söykənən, xalqın azadlıq idealına arxalanan, Azərbaycan mədəni-siyasi arealının reflekslərini əks etdirən, bir sözlə, AZƏRBAYCANLI İRADƏSİNİ ortaya qoyan bir dövlət qura bilmək!

Yuxarıda hərfləri böyütməyimizdən də anlayacağınız kimi, məqaləmizin açar sözü məhz “Azərbaycanlı iradəsi”dir. Bu iradə tarix boyu sistemli şəkildə təzyiqə məruz qalmış bir düşüncə hərəkatının özülüdür. Günümüzdə də davam edən təzyiqlərin kompleks analizi göstərir ki, Azərbaycanlı kimliyinə və iradəsinə qarşı ideoloji basqılar bir neçə əsas mərhələdə formalaşıb və hər dəfə fərqli cərəyanlar kimi özünü göstərib.

Əlbəttə, ilk ideoloji basqı xilafət mərkəzçiliyi idi. Ərəb istilaçıları Babəkin başçılıq etdiyi silahlı müqavimət hərəkatını və qurduğu dövləti məhv etməklə Azərbaycanın ayrıca coğrafi, siyasi, mədəni subyektə çevrilməsini əngəlləmək istəyirdilər. Buna görə də Babəki “zındıq”, “zinadan doğulmuş”, “fitnəkar” obrazında təqdim edir, onun mübarizəsinin azadlıq mahiyyətinə çirkab yağdırırdılar. Məlum olduğu kimi, xilafət bir neçə əsr sonra- 16-cı yüzildə Sultan Səlim dönəmində Osmanlıların ixtiyarına keçdi. Bu gün Azərbaycan ictimai şüuruna “Neo-Osmanlı” baxışı pərçimləmək istəyənlərin Babəkə mənfi münasibəti də mahiyyət etibarilə xilafətçi düşüncənin ideoloji davamıdır. Qardaş Türkiyənin Mustafa Kamal Atatürkün sayəsində imtina etdiyi bu məzhəbçi zehniyyətlər üçün Babəkin ismi dözülməz arxitepdir.

“Babək kompleksi”ndən ağır əziyyət çəkən digər seqment İran və İranpərəstlərdirlər. Onlar Babəki gah sasaniləşdirmək, gah da şiələşdirməklə iranlılaşdırmağa çalışıblar. Fəqət Babək Azərbaycan möhürünü tarixin səhifələrinə elə basıb ki, onu “İranşəhr” mifologiyasına calaq etmək mümkün deyil. Ən sadə səbəb isə budur ki, Cavidanla ilk qarşılaşma səhnəsi barədə tarixi qeydlərdən bəlli olduğu kimi, Babək arilərin dilində danışa bilmirdi. “Avesta”nı yenidən əsas kitab elan etməmiş, mənşəcə aristokrat olmayan Babəki Sasanilərin restoratoru kimi təqdim etmək cəfəngiyyatdan uzağa gedə bilməz. Eyni zamanda, Azərbaycanın unikal tarixi inkişaf xəttini ümumiran narrativi içində əritmək, yaxud şiə imamları olan müasirləri Rza və Təqi ilə heç əlaqə yaratmamış, tərəfdarları tərəfindən peyğəmbər sayılan bir ideoloqu mürid səviyyəsinə endirmək cəhdləri ancaq acı təbəssüm doğura bilər.

Seçilən
28
aznews.az

1Mənbələr