ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda erməni əsilli şəxslərin məhkəməsi aylardır davam edirdi. Onların azərbaycanlılara qarşı törətdiyi cinayətlər dəfələrlə dinləndi, şahidlər dindirildi. Nəhayət bu gün cinayətkarla bağlı hökm oxundu. Məsələ ilə bağlı deputat Azər Allahverənov Demokrat.az-a bildirib ki, Bugün Bakı Hərbi Cinayətlər Məhkəməsində elan olunan hökmlər mühüm tarixi hadisədir:"Lakin bu qərarları yalnız bugünkü proseslə məhdudlaşdırmaq doğru olmaz. Məsələyə daha geniş tarixi və hüquqi kontekstdə yanaşmaq lazımdır. Söhbət tarixi ədalətin bərpasından gedirsə, əsas məqam ondan ibarətdir ki, otuz ildən artıq müddətdə ölkəmizə qarşı aparılan işğal siyasətində birbaşa iştirak etmiş qondarma rejimin hərbi strukturları və onun siyasi rəhbərliyində təmsil olunan şəxslər mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törədiblər. Bu əməllər təkcə Azərbaycana qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndirilməlidir".Deputat bildirib ki, məhkəmə prosesi zamanı beynəlxalq hüququn əsas prinsipləri diqqətdə saxlanılıb, bütün məsələlərə hüquqi əsaslarla yanaşılıb:"Çoxsaylı şahid ifadələri və təqdim olunan sübutlar həmin şəxslərin törətdikləri cinayətləri təsdiqləmək üçün kifayət edib. Nəticədə, tarixi ədalətlə yanaşı, hüquqi ədalətin də təmin olunduğunun şahidi olduq. Azərbaycana qarşı soyqırımı, mədəni irsin məhv edilməsi, şəhərlərin dağıdılması, ətraf mühitə qarşı törədilən cinayətlər, yəni ekosid faktları, hamısı ağır cinayət tərkibli əməllərdir və bunlara hüquqi qiymət verilməsi zəruri idi".O deyib ki, bu cinayətlərin nəticələri bu gün də davam edir:"Xüsusilə mina terroru bunu bir daha göstərir. İşğal dövründə bir milyondan artıq minanın basdırılması nəticəsində, münaqişə başa çatsa da, təhlükə qalmaqdadır. Hətta gələcəkdə sülh sazişi imzalansa belə, bu minalar dinc əhali üçün real təhdid olaraq qalır. Həmin minaların yerləşdirilməsində iştirak edən hərbi birləşmələrə məhz bu şəxslərin rəhbərlik etməsi çıxarılan qərarların ədalətli olduğunu bir daha təsdiqləyir".Onun sözlərinə görə, bu hökmlər Azərbaycan xalqının yaralarını tam sağaltmasa da, tarixin unudulmadığını göstərir:"Eyni zamanda, bu cür ağır cinayətlərin cəzasız qalmaması beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır. Qərarlar insan hüquqlarının və hüquqi normaların qorunması şərti ilə verilib. Hətta bəzi hallarda təqsirləndirilən şəxslərin yaşı kimi məqamlar da nəzərə alınıb. Bu da məhkəmənin obyektiv və hüquqi çərçivədə fəaliyyət göstərdiyini göstərir. Bütün bunları nəzərə alaraq demək olar ki, bugün Bakı Hərbi Cinayətlər Məhkəməsində baş verənlər təkcə hüquqi deyil, eyni zamanda tarixi əhəmiyyət daşıyan hadisədir".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.