2026-cı il 4–5 fevral tarixlərində Avstriyanın Vyana şəhərində BMT-nin Kosmosdan Dinc Məqsədlər üçün İstifadə üzrə Komitənin koordinasiyası ilə Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının Rəhbər Komitə iclası keçirilib.
QHT.az xəbər verir ki, iclasda Bakı Dövlət Universitetinin rektoru və ISWI üzrə Azərbaycanın milli koordinatoru Elçin Babayev BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin dəvəti ilə məruzə ilə çıxış edib. Məruzə son beş ildə Azərbaycanda kosmik hava üzrə elmi-tədqiqatlar, beynəlxalq əməkdaşlıq və ölçmə məlumatlarının təhlili nəticələrinə həsr olunub. Çıxışda kosmik hava müşahidələrinin təşkili, beynəlxalq şəbəkələrə inteqrasiya, modelləşdirmə və ölkədə formalaşan elmi potensial təqdim edilib. Eyni zamanda, tədqiqatların ali təhsilə inteqrasiyası, kadr hazırlığı və gənc tədqiqatçıların cəlb olunması məsələləri vurğulanıb. İclasda Azərbaycanın bu sahədə atdığı addımlar və BDU-nun aparıcı akademik mərkəz kimi rolu iştirakçılar tərəfindən maraqla qarşılanıb.