AZ

Ədviyyat adı ilə nə yeyirik? - Ekspert sirləri AÇDI

İstehlakçılar arasında toz halında satılan ədviyyatlarla bağlı ciddi suallar var:

Doğrudanmı bu məhsullar ədviyyatın özündən üyüdülərək hazırlanır, yoxsa fərqli xammallardan istifadə olunur?

Qida üzrə mütəxəssis İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ müştərilərdə haqlı narazılıqlar yaradır:

"Çünki bəzi hallarda təbii toz halında satılan ədviyyatlara nişasta, un, düyü unu, hətta saman kimi maddələr qatılaraq məhsulun həcmi süni şəkildə artırılır. Bununla yanaşı, müxtəlif boyalardan istifadə edilərək ədviyyatın rəngi dəyişdirilir və bu yolla əlavə qazanc əldə edilir. Bu, təbii ki, qəbulolunan məsələ deyil. Burada artıq istehlakçı hüquqlarının pozulması və alıcıların açıq şəkildə aldadılması faktı var. Bu kimi hallarla bağlı mütəmadi yoxlamalar aparılır, satıcılara tövsiyələr verilir və bunun qanun pozuntusu olduğu izah olunur. Lakin buna baxmayaraq, pulu insan sağlamlığından üstün tutan işbazlar üçün burada kimin hüququnun pozulması artıq maraqlı olmur".

Bu

Ekspert əlavə etdi ki, bu cür problemlər xüsusilə sumaqda tez-tez müşahidə olunur.

"Sumağın tərkibinə müxtəlif duzlar, kəpək qatmaqla onun həcmi artırılır, rəngi dəyişdirilir. Bunu ev şəraitində də yoxlamaq mümkündür: sumağı suda həll etdikdə rəngin normadan artıq çıxması onun tərkibində əlavə maddələrin olduğuna işarədir. Eyni üsullara qara istiotda da rast gəlinir, müxtəlif qarışıqlarla məhsulun həcmi və çəkisi artırılır. Zəfəranla bağlı da oxşar problemlər mövcuddur. Zəfəran toz halında olmasa da, qarğıdalı saçağını rəngləyərək saxta zəfəran hazırlayıb satışa çıxaran hallar var. Bunu da ev şəraitində yoxlamaq mümkündür: zəfəranın bir telini suda isladıb daha sonra ağ salfetin üzərinə qoyduqda rənginin süni şəkildə axıb-axmadığını görmək olar. Bu yolla onun saxta və ya təbii olduğunu müəyyən etmək mümkündür. Bu kimi hallarda alıcılar maarifləndirici videoroliklərdən faydalana bilərlər. Ən məqsədəuyğun variant isə ədviyyatları dənəvər halda alıb ev şəraitində özlərinin toz halına salmasıdır. Bu, həm daha təhlükəsizdir, həm də aldanma riskini minimuma endirir", - deyə İlkin Şirinov qeyd etdi.

Xədicə BAXIŞLI

Seçilən
20
1
redaktor.az

2Mənbələr