AZ

Əlillik təyinatında süni intellekt sınağı: Dəqiqlik 90 faizə çatır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi mətbuat konfransı təşkil edib.

Bizimyol.info xəbər verir ki, Mərkəzin direktoru Kənan Əkpərov bildirib ki, 2025-ci ildə ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u təkmilləşdirilib, 25-i isə yeni hazırlanıb. Onun sözlərinə görə, hesabat ilində e-xidmətlərdən istifadə göstəriciləri yüksək olub. Belə ki, e-Sosial portalına 17,2 milyon dəfə daxil olunub, elektron xidmətlər üzrə ümumilikdə 27,1 milyon müraciət qeydə alınıb. Proaktiv qaydada 258 min təyinat aparılıb, vətəndaşlara 711 min elektron arayış təqdim edilib.

Qeyd olunub ki, e-Sosial portalı və mobil tətbiq təkmilləşdirilərək müraciətlərin statusunun izlənməsi və əməkhaqqı kalkulyatorundan istifadə imkanları yaradılıb. Portalda süni intellekt əsaslı “iDOST” köməkçi botu istifadəyə verilib ki, bu da sorğuların cavablandırılması və xidmətlərə yönləndirməni təmin edir.

Bildirilib ki, portal və tətbiqdə mövcud olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya məlumatlarını əlçatan edir. Eyni zamanda, tətbiqdəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılar, müavinət və təqaüd alan şəxslər üçün tərəfdaş market, aptek və klinikalarda endirimlərdən yararlanmağa imkan verir. e-Sosial portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb.

Hesabat dövründə “Çağrı Mərkəzi 142”, “Mərkəzi Karyera Portalı”, “Peşələr Atlası”, “Sosial xidmət xəritəsi”, “Alo Karyera”, “Evdə səyyar sosial-məişət xidməti”, “Sanatoriya-kurort sistemi”, “Sosial işin idarə edilməsi sistemi”, “Himayədar ailə və övladlığa götürmə” modulu, eləcə də sosial xidmət müəssisələri üzrə vahid uçot sistemi daxil olmaqla bir sıra yeni modul və elektron xidmətlər istifadəyə verilib.

“Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) peşə hazırlığı modulu, məşğul şəxslərin reyestri, işədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri, işsizlikdən sığorta ödənişlərinin elektronlaşdırılması və qısamüddətli iş icazələrinin onlayn alınması kimi funksiyalar daxildir. Həmçinin kadr anketləri, CV-lər və ezamiyyə sənədlərinin elektronlaşdırılması, əməkhaqqı ödənişlərinin bank hesabları üzrə idarə olunması imkanlarının tətbiqi planlaşdırılır. Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərin də sistemə uyğunlaşdırılması nəzərdə tutulur.

Vurğulanıb ki, pensiya təyinatı, yenidən hesablanması və sosial sığorta xidmətləri üzrə yeni elektron funksiyalar xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldıb. Cari ildə xidmətlərin təkmilləşdirilməsində əsas prioritetin süni intellekt əsaslı həllərə veriləcəyi bildirilib. Xüsusilə, əlillik təyinatlarında bu texnologiyaların sınaqdan keçirildiyi qeyd olunub.

Məlumata görə, əlillik qrupunun avtomatik təyin edilməsi sistemi təxminən 90 faiz dəqiqliklə nəticə verir. Həmçinin vətəndaş müraciətlərinin vahid mərkəzdən qəbul edilərək “Omnichannel” yanaşması əsasında idarə olunacağı diqqətə çatdırılıb.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
bizimyol.info

1Mənbələr