AZ

Coğrafiya İnstitutunun rəsmisi: Turizm sektoru inkişaf dinamikasını yeni modellər əsasında qurmalıdır

Bakı, 5 fevral, AZƏRTAC

Turizm sektoru iqtisadiyyatın inkişaf etdirilən və ən gəlirli sahələrindən biri hesab olunur. Lakin bəzi hallarda turizm sektoru öz inkişaf tendensiyasından geri qalmaqla müxtəlif ciddi problemlərlə üzləşir. Bunlara nəqliyyat infrastrukturunun standartlara uyğun olmamasını, gecələmə obyektlərinin az olmasını, turizmdə mövsümilik probleminin hələ də davam etməsini, peşəkar kadr çatışmazlığını, xarici dil biliklərinin zəif olmasını, xidmət keyfiyyətinin aşağı olmasını, marketinq və tanıtım işinin zəif aparılmasını və s. misal göstərə bilərik. Belə olduğu halda turizm sektorunun inkişaf dinamikasında müsbət nəticələr əldə etmək üçün yeni modellərinin yaradılması zərurəti meydana gəlmişdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru Zaur İmrani söyləyib. O qeyd edib ki, qlobal iqtisadiyyatın, texnologiyaların və istehlakçı davranışlarının sürətlə dəyişkənliyə məruz qaldığı bir dövrdə turizm sektorunun ənənəvi inkişaf modellərinin effektivliyi öz aktuallığını bir qədər itirmişdir.

“Rəqəmsallaşma və dayanıqlı inkişaf çağırışları fonunda turizm sektoru inkişaf dinamikasını yeni modellər əsasında qurmağa çalışır. Çünki ənənəvi modellər əsasən kütləvi turizmə, mövsümi axınlara və qısamüddətli iqtisadi gəlirlərə fokuslanırdı. Belə bir yanaşma təbii resursların həddindən artıq istismarına, ekoloji tarazlığın pozulmasına, yerli icmaların maraq dairələrinin ikinci plana keçməsinə, turizm gəlirlərinin qeyri-bərabər bölgüsünə səbəb olub. Belə bir şəraitdə turizm sektorunun yeni inkişaf modellərinin yaradılması tələb olunur. Lakin hansı prinsiplər əsasında və hansı meyarların seçilməsi problem olaraq qalır. Məsələn, dayanıqlı turizm modeli iqtisadi səmərəliyə, sosial bərabərliyə və ekoloji mühitə əsaslanmaqla, təbii və mədəni irsin qorunması, yerli icmaların prosesə cəlb olunması ideyalarını üstün tutur. Rəqəmsal turizm modeli isə müxtəlif platformalarda süni intellekt, verilənlər bazasl və onlayn marketinq alətləri kimi turizm məhsullarının tanıdılması ideyasını reallaşdırır”, - deyə alim bildirib.

Zaur İmrani hesab edir ki, biz təcrübəyönümlü və şaxələnmiş turizm modellərini əsas götürməliyik. Müasir dünyada ekoturizm, aqroturizm, mədəni, etnik turizm və digər bu kimi yanaşmalar meydana gəlib. Turistlər artıq sadəcə istirahət deyil, həm də fərdi və unikal təcrübə axtarışındadırlar. Belə olduğu halda turizm məhsullarının yalnız bir növ üzərində qurulmaması artıq özünü doğrultmur və ilboyu davam edən alternativ turizm növlərinin inkişaf etdirilməsi tələb olunur. Yalnız bu halda regionlar üzrə turizm gəlirlərinin balanslı bölgüsünü aparmaq mümkün ola biləcək ki, bu da regional siyasət prinsiplərinə uyğunlaşdırılmaqla məşğulluq və sahibkarlıq kimi sahələrin stimullaşdırılmasına köməklik göstərəcəkdir. Bu halda biz turizm sektorunda rəqabət qabiliyyətinin yüksəldilməsindən, turizm gəlirlərinin artırılmasından, regional sosial problemlərin həlli yollarından danışa bilərik.

Seçilən
27
1
azertag.az

2Mənbələr