Bizimyol saytına istinadən ain.az xəbər verir.
Bakıda baş verən son hadisə şəhər infrastrukturunun təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb. Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 42 ünvanında yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın fasad örtüyü güclü küləyin təsiri ilə qoparaq həyətdə park edilmiş avtomobillərin üzərinə tökülüb. Nəticədə üç avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisənin ən narahatedici tərəfi odur ki, söhbət yeni tikilmiş binadan gedir. Bu isə istər-istəməz tikinti keyfiyyəti, istifadə olunan materiallar və texniki nəzarət məsələlərini gündəmə gətirir. Güclü külək Bakıda yeni hal deyil. Paytaxtda illərdir küləkli hava şəraiti müşahidə olunur və bu, nəzərə alınmalı əsas risk faktorlarından biridir. Belə olan halda fasad örtüyünün qopması təsadüf yox, sistemli problemin əlaməti kimi qiymətləndirilir. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Amma bu, təhlükənin ciddiliyini azaltmır. Əgər həmin an həyətdə insanlar olsaydı, nəticələr daha ağır ola bilərdi. Bir neçə avtomobilə dəyən ziyan sabah insan həyatı ilə əvəz oluna bilər.
Son illər paytaxtda estetik görünüş naminə binaların fasadlarına müxtəlif üzlüklər vurulur. Lakin görünüş təhlükəsizliyin önünə keçəndə problemlər qaçılmaz olur. Fasad örtüklərinin montajı zamanı texniki normalara əməl edilməməsi, keyfiyyətsiz materiallardan istifadə və zəif nəzarət bu cür hadisələrin əsas səbəbləri sırasında göstərilir.
Digər tərəfdən, məsuliyyət məsələsi də açıq qalır. Zərərçəkən avtomobil sahiblərinin ziyanı kim tərəfindən ödəniləcək? Tikinti şirkəti, binanı təhvil alan qurum, yoxsa idarəedici şirkət? Bu kimi hadisələr göstərir ki, hüquqi mexanizmlər də daha aydın və effektiv olmalıdır.
Bu hadisə təkcə bir binanın problemi deyil. Bakıda onlarla, yüzlərlə çoxmərtəbəli bina var ki, oxşar fasad örtükləri ilə təchiz olunub. Güclü külək isə yenə də olacaq.
Mütəxəssislər dəfələrlə vurğulayır ki, fasadların mütəmadi yoxlanılması, texniki baxışların formal deyil, real aparılması vacibdir. Əks halda, hər küləkli gün paytaxt sakinləri üçün potensial risk deməkdir.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.