Fevralın 4-də PGZ Stocznia Wojenna gəmiqayırma zavodunda “Ratownik” dalğıc gəmisinin kili qoyulub. Gəmi qəzaya uğramış sualtı qayıqların heyətlərini xilas etmək üçün nəzərdə tutulub.
Herbiand.az bildirir ki, “Ratownik” 50 ildən çoxdur ki, xidmətdə olan və artıq uzun müddətdir istismardan çıxarılmış “Piast” və “Lech” gəmilərini əvəz edəcək.
Mərasim zamanı gəminin və ya gəmi gövdəsinin tikintisinin başlanğıcını bildirən ənənəvi simvol olan xatirə medalı kilin təməlinə qaynaq edilib.
Gəminin 2027-ci ildə suya salınması gözlənilir. Polşa Hərbi Dəniz Qüvvələrinə rəsmi təhvil verilməsi isə 2029-cu ilə planlaşdırılır.
PGZ-nin məlumatına görə, “Ratownik” Baltik dənizində fəaliyyət göstərən ən böyük və ən müasir xilasetmə gəmilərindən biri olacaq. Gəminin ümumi su tutumu təxminən 6500 ton, uzunluğu 96 metr, eni 19 metr, heyət isə 100 nəfər olacaq (9 mütəxəssis üçün əlavə yer də nəzərdə tutulub).
Bəxtiyar CƏFƏRLİ