AZ

Azərbaycan ədaləti bərpa edir: “Bəşriyyətə qarşı cinayətlər törədən şəxslər...”

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmçinin, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Qarabağdakı keçmiş qondarma rejimin başçılarından olan Arkadi Qukasyan və Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf edən, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulan Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməyib.

Bunlarla yanaşı Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş Melikset Paşayan 19 il, Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Qarik Martirosyan 18 il, "Təhlükəsizlik Şurasının üzvü" Davit Allahverdiyan və qanunsuz birləşmələrin üzvü Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan isə hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bu, Azərbaycan tarixində çox mühüm hadisədir:

“Şükürlər olsun ki, tarixi ədalət bərpa olundu. Burada başlıca məqam ondan ibarətdir ki, 30 il ərzində ölkəmizə qarşı işğalçılıq siyasətin yürüdülməsində birbaşa əli olan hərbi dairələr, eləcə də qondarma rejimin siyasi rəhbərliyində təmsil olunan şəxslər dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı hərbi cinayətlər törədiblər. 

Onlar təkcə Azərbaycana qarşı deyil, həmçinin bəşriyyətə qarşı cinayətlər törədən şəxslər idilər. Xalqımızın qanına əli batmış şəxslər ilə bağlı çıxarılan hökm, daha doğrusu, onların lazımi və düzgün şəkildə cəzalandırılması tarixi ədalətin bərpası baxımından vacibdir.

Məhkəmə zamanı yüzlərlə şahidin ifadələrində yer alan dəlil və sübutlar separatçı ünsürlər tərəfindən törədilən cinayətlərin sübuta yetirilməsi baxımından kifayətdir. Biz nəinki tarixi ədalətin, eyni zamanda hüquqi ədalətin bərqərar edilməsinə şahidi olduq. 

Azərbaycana qarşı soyqırım, xüsusilə də işğal zamanı Qarabağda mədəni irsin dağıdılması və ətraf mühitə vurulan ziyanın, hətta törədilən saysız-hesabsız qətliamlar yolverilməz hallardır. 

Bütün bunlar bəşəriyyət əleyhinə törədilən cinayət tərkibli əməllərdir. Qeyd edim ki, işğal dövründə bu şəxslərin rəhbərlik etdiyi hərbi birləşmələr işğal altında olan torpaqlarda bir milyondan çox mina basdırmışlar. Bunun özü dinc əhaliyə qarşı çox böyük hərbi cinayətdir. 

Münaqişə bitsə də, azad edilən torpaqlarda mina terroru davam etməkdədir. Buna görə də Bakı Hərbi Məhkəməsinin hökmü olduqca ədalətli bir hökmdür. Düzdür, bu, müəyyən mənada xalqımızın yaralarına su səpsə də, biz tariximizi unutmuruq və heç bir zamanda unutmayacağıq”. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr