AZ

"Bu mükafat dünya ictimaiyyətinin Azərbaycan Prezidentinə etimadının göstəricisidir" -Fariz İsmayılzadə

Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu mükafatla təltif edilib. Mükafatı isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, Azərbaycan liderinə dünya miqyasında formalaşmış hörmət və etimad təsadüfi deyil:

"Bu münasibət onun ardıcıl və prinsipial siyasətinin, uzaqgörən vizyonunun, eləcə də beynəlxalq münasibətlər sistemində sülhə və əməkdaşlığa verdiyi önəmin nəticəsidir. Azərbaycanın regional və qlobal proseslərdə artan rolu, balanslı və praqmatik xarici siyasəti dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənir və müsbət dəyərləndirilir. Xüsusilə azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nümunəvi bir model kimi qəbul olunur. Qısa müddət ərzində həyata keçirilən infrastruktur layihələri, müasir şəhərsalma yanaşmaları və davamlı inkişaf prinsiplərinə əsaslanan addımlar Azərbaycanın postmünaqişə dövrünə necə ciddi və sistemli yanaşdığını açıq şəkildə nümayiş etdirir. Məhz bu səbəbdən sözügedən mükafat yalnız bir ölkənin təşəbbüsü və ya qərarı kimi deyil, daha geniş mənada dünya ictimaiyyətinin Azərbaycan Prezidentinə və onun rəhbərlik etdiyi siyasi xəttə verdiyi yüksək qiymət kimi dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın beynəlxalq arenada qazandığı etimadın və nüfuzun bariz göstəricisidir".

Xədicə BAXIŞLI

Seçilən
18
1
redaktor.az

2Mənbələr