AZ

Tahir Salahovun Ev Muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib - FOTO

Tahir Salahovun Ev Muzeyində Gənclər Gününə həsr olunmuş START layihəsi çərçivəsində sərgi keçirilib. Layihə Arts Council Azerbaijan və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə həyata keçirilib və gənc rəssamların dəstəklənməsinə və inkişafına yönəlib.

START layihəsi artıq uzun illərdir ki, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün mühüm platforma kimi çıxış edir, onların peşəkar inkişafı və müasir incəsənət mühitinə inteqrasiyası üçün imkanlar yaradır.

Sərginin açılışı Arts Council Azerbaijan təşkilatının rəhbəri Dadaş Məmmədovun salamlama çıxışı ilə başlayıb. O, çıxışında layihənin məqsəd və perspektivlərindən bəhs edib, yeni rəssam nəslinin formalaşmasında START layihəsinin əhəmiyyətini vurğulayıb, həmçinin sərgi məkanının təqdim olunmasına görə Tahir Salahovun Ev Muzeyinə və göstərilən dəstəyə, səmərəli əməkdaşlığa görə "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinə təşəkkürünü bildirib.

Layihənin əsas missiyası gənc müəlliflərin yaradıcılıq potensialının üzə çıxarılması və inkişaf etdirilməsi, onların peşəkar formalaşmasına dəstək göstərilməsi və bədii proseslərə fəal şəkildə cəlb olunmasıdır. Eyni zamanda layihə gənclərin incəsənətin təbliğində rolunun artırılmasına və mədəniyyət sahəsində təşəbbüslərinin stimullaşdırılmasına xidmət edir.

Ekspozisiya janr və üslub baxımından müxtəlifliyi ilə seçilən əsərləri bir araya gətirib. Təqdim olunan işlər iştirakçıların fərdi bədii dilini, cəsarətli eksperimentlərini və özünüifadə axtarışlarını aydın şəkildə nümayiş etdirib.

START layihəsinin həyata keçirilməsi Arts Council Azerbaijan təşkilatının ölkədə davamlı, açıq və dinamik şəkildə inkişaf edən bədii mühitin formalaşdırılmasına yönəlmiş ardıcıl fəaliyyətinin tərkib hissəsidir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
milli.az

1Mənbələr