AZ

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın layiqli sahibi: “Qürurvericidir”

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bu nüfuzlu mükafata layiq görülüb. Mükafat dövlət başçısına Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim edilib.

“Cebheinfo.az”a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, bu mükafat, bir qayda olaraq, sülhün, sabitliyin və humanitar dəyərlərin qorunması istiqamətində real nəticələr əldə etmiş şəxslərə təqdim olunur:

“Yanvarın 9-da “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki Mahamat, eləcə də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdül Salam Azərbaycanda rəsmi səfərdə olublar və səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşüblər. 

Bu görüşün əsas məqsədi dövlət başçısına onun “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı məlumatı çatdırmaq və mükafatın təqdimetmə mərasiminə dəvət etmək idi.

Məlum oldu ki, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimini  keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti dəvəti qəbul etdikdən sonra qərar verildi və mərasimdə cənab İlham Əliyevə mükafat təqdim olundu. 

Bildirim ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Məhəmməd Əhməd Əl-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis edilib.

Mükafat Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və sabiq prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır və onun humanitar irsini, tolerantlıq və insan qardaşlığı dəyərlərini təşviq edir”.

Onun sözlərinə görə, mükafatın cənab Prezidentə təqdim olunması onun Cənubi Qafqaz regionunda sülhə və sabitliyə verdiyi mühüm töhfələrlə bağlıdır:

“Münsiflər heyəti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev 2025-ci il üzrə - 2026-cı ildə təqdim olunan mükafatın ən layiqli namizədi kimi qəbul edilib.

İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycan Prezidenti dayanıqlı sülhə nail olunması üçün ardıcıl və prinsipial addımlar atıb. Müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan tərəfi qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı təklif irəli sürüb. Üstündən beş il keçməsinə baxmayaraq, Azərbaycan tərəfi regionda dayanıqlı və sabit sülhün təmin olunması istiqamətində addımlar atmaqdadır.

Ötən ilin avqustun 8-də Vaşinqtonda imzalanmış çərçivə sülh razılaşması, aparılan ikitərəfli danışıqlar, Azərbaycanın atdığı addımlar və göstərdiyi siyasi iradə bölgədə sabitliyin formalaşmasına ciddi töhfə verib. Faktiki olaraq son altı ay ərzində regionda sülh və təhlükəsizlik hökm sürür”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinə belə bir mükafatın təqdim olunması qürurvericidir:

“Bu baxımdan, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə təqdim olunması onun dayanıqlı sülhə və regional sabitliyə verdiyi töhfə qiymətləndirilir. Bu, eyni zamanda Azərbaycanın regionda artan beynəlxalq nüfuzunun və lider dövlət mövqeyinin göstəricisidir.

Məhz Azərbaycan 30 ildən artıq müddət ərzində Ermənistanla müharibə şəraitində yaşayıb, əraziləri işğal altında olub və ciddi itkilərlə üzləşib. Buna baxmayaraq, rəsmi Bakı qarşı tərəflə sülh müqaviləsinin imzalanması üçün ardıcıl təşəbbüslər göstərir. 

Əsas məqsəd regionda dayanıqlı sülhə və sabitliyə nail olmaq, yeni müharibələrin qarşısını almaq və təhlükəsiz inkişaf mühiti formalaşdırmaqdır.

Hazırda yekun sülh müqaviləsinin bu ilin sonunadək imzalanacağı gözlənilir. Bu baxımdan, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə təqdim olunması tamamilə qanunauyğundur”.

Seçilən
25
cebheinfo.az

1Mənbələr