AZ

“Zayed İnsan Qardaşlığı Mükafatı”: Necə yaranıb, kimlərə verilib?

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edilib.

Bəs, sülh, dialoq və insan qardaşlığını təşviq edən fərdlər və təşkilatlara verilən bu prestijli beynəlxalq mükafat nə zamandan və nə məqsədlə təsis olunub, indiyə qədər kimlərə təqdim edilib, laureatları kimlər olub, mükafata nələr daxildir?

“Yeni Sabah” mükafatla bağlı maraqlı məlumatları tədim edir.

Mükafatın təsisi və məqsədi

“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti, 2004-cü ildə vəfat etmiş Şeyx Zayed bin Sultan Al Nahyanın xatirəsinə təsis olunub.

Mükafatın təsisi 2019-cu ilin fevralında Misirin paytaxtı Qahirə şəhərində yerləşən məşhur İslam ali təhsil və dini institutu Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib ilə Papa Fransiskin birlikdə imzaladıqları İnsan Qardaşlığı Bəyannaməsinə əsaslanır. Bəyannamə, dünya xalqlarını birgəyaşayış, dialoq və sülh ideyalarını təbliğ etməyə çağırır.

Mükafatın əsas məqsədləri sırasında qlobal sülh və insan qardaşlığını təşviq etmək; ayrı-seçkilik, nifrət və radikalizmə qarşı çıxmaq; humanitar təşəbbüslər və dialoq layihələrini dəstəkləmək ideyaları dayanır.

“Zayed İnsan Qardaşlığı Mükafatı” 2019-cu ildən bəri dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatlarının təmsilçiləri olan 19 laureata təqdim edilib. Laureatlar müharibə qaçqınlarına dəstək və humanitar yardımlar, uşaqların və qızların təhsili, uğrunda mübarizə aparan lider, cəmiyyətin inkişafı və gənclərin, qadınların gücləndirilməsi, sərhəd və konflikt bölgələrində sülh təşəbbüsləri üzrə fəaliyyətləri ilə seçilən liderlər olur.

Kimlər bu mükafatı alıb?

Keçmiş laureatlar arasında Papa Fransisk, Əl-Əzhərin Böyük İmamı Ahmed El-Tayeb, BMT-nin Baş katibi Antonio Quterreş, həmçinin humanitar təşkilatlar və qlobal liderlər yer alıb.

Kimlərin namizəd irəli sürmək səlahiyyəti var?

İntellektual, mədəni və ya mənəvi lider; hökumət üzvü; hazırki və ya keçmiş dövlət başçısı; millət vəkili; Ali Məhkəmə sədri; Birləşmiş Millətlər Təşkilatında yüksək səviyyəli idarəçi; Beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) rəhbəri; Universitet rektoru; İnsan Qardaşlığı Yüksək Komitəsinin keçmiş və ya hazırki üzvü; daha əvvəl “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almış şəxs bu mükafata namizəd irəli sürə bilər.

İnsan Qardaşlığı üzrə Zayed Mükafatının laureatları hər il təyin olunan müstəqil münsiflər heyəti tərəfindən seçilir.

2026-cı il üzrə laureatlar, təsdiq olunmuş namizədlər arasından Katolik Kilsəsinin Papasını, Əl-Əzhərin Böyük İmamını, Birləşmiş Millətlər Təşkilatının Baş katibini (hər birini bir nəfər), dünyada nüfuzlu şəxsləri (2 nəfər) təmsil edən və İnsan Qardaşlığı üzrə Zayed Mükafatının Baş Katibindən ibarət münsiflər heyəti tərəfindən seçiliblər.

Laureatlara nə verilir?

Laureata verilən pul mükafatı 1 milyon ABŞ dolları məbləğindədir. Əgər bir neçə laureat seçilərsə, bu məbləğ komitənin qərarına görə bölünür.

Verilmiş pul mükafatı laureat tərəfindən həm şəxsi gəlir kimi, həm də humanitar layihə və təşəbbüslərin maliyyələşdirilməsi üçün istifadə edilə bilər.

Laureata mükafatın sertifikatı, pul mükafatı və mükafatın rəsmi loqosunu eks etdirən kiçik kubok (heykəlcik) təqdim olunur.

Mükafat sahibləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən illik mərasimdə mükafatlandırılırlar. 

Builki laureatlar

Qeyd etdiyimiz kimi, 2019-2025-ci illərdə bu nüfuzlu mükafatın 15 laureatı olub. Builki laureatlarla birlikdə bu rəqəm 19-a yüksəlib.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Heyətinin qərarı ilə builki laureatlar bunlardır:

1. Azərbaycan Prezidenti İlham Əliyev (Azərbaycan-Ermənistan Sülh Sazişi)

2. Ermənistan Baş naziri Nikol Paşinyan (Azərbaycan-Ermənistan Sülh Sazişi)

3. Zarqa Yaftali - Əfqan Qızlarının Təhsil Müdafiəçisi

4. Taawon təşkilatı – 1983-cü ildən fəaliyyət Fələstinin inkişafı və davamlılığı üçün sahibkarlar, alimlər və mütəfəkkirlərdən ibarət müstəqil kollektiv.

“Azərbaycanla Ermənistan arasında Sülh Sazişi münaqişədən əməkdaşlığa keçidin əsasını təşkil edir. Hər iki xalq dialoqu bölünmədən, ümidi düşmənçilikdən üstün tutaraq, Qafqazda onilliklərdir davam edən münaqişə və humanitar əzablardan kənara çıxmağı seçib. Bu saziş qarşılıqlı etimad yaratmaq və gələcək nəsillər üçün ortaq rifahı təmin etmək üçün düşünülmüş və cəsarətli bir qərarı əks etdirir.

Uzaqgörən liderliyin rəhbərliyi ilə imzalanan 2025-ci il tarixli Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülhün Yaradılması və Dövlətlərarası Münasibətlər haqqında Saziş, millətlərin uzaqlaşmadan daha çox qarşılıqlı əlaqəyə üstünlük verdiyi zaman sülhün mümkün olduğunu nümayiş etdirir. Davamlı dialoq, etimad quruculuğu tədbirləri və humanitar təşəbbüslər vasitəsilə Ermənistan və Azərbaycan sabitliyin və əməkdaşlığın əldə edilə bilən məqsədlər olduğunu göstərərək başqaları üçün nümunə olublar.

Bu razılaşmanın əhəmiyyəti regiondan kənara çıxır, beynəlxalq ictimaiyyətə ümid verir və diplomatiya və əzmkarlığın hətta ən dərin fikir ayrılıqlarını da aradan qaldıra biləcəyini xatırladır. Bu yola sadiq qalmaqla hər iki ölkə barışığın tək bir hərəkət deyil, davamlı bir yol olduğunu vurğulayaraq qlobal harmoniyanın daha geniş vizyonuna töhfə verir”, - deyə Zayed İnsan Qardaşlığı Mükafatı Komitəsinin açıqlamasında bildirilib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr