AZ

Partiya sədri: “Xalqımıza qarşı törədilən cinayətlər cəzasız qalmadı”

“İllər boyu ermənilər tərəfindən xalqımıza qarşı amansızlıqla törədilən cinayətlər, günahsız insanların həyatına son qoyan vəhşiliklər, yalnız fiziki deyil, mənəvi yaddaşımızda da dərin izlər buraxmışdı”.

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qadınların, uşaqların, yaşlıların hədəf alındığı, yaşayış məntəqələrinin yerlə-yeksan edildiyi, insanlıq anlayışının ayaqlar altına atıldığı həmin qaranlıq dövrlər Azərbaycan xalqının kollektiv yaddaşında heç vaxt unudulmayacaq:
“Bu cinayətlər təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə bir xalqa, onun varlığına, ləyaqətinə və gələcəyinə qarşı yönəlmişdi. Məhz buna görə də illərdir cəmiyyətimizin içində bir ədalət gözləntisi, bir haqq səsi yaşayırdı. Törədilən cinayətlər cavabsız qalmamalı, günahkarlar gec-tez hüquq qarşısında cavab verməli idi. Bu, intiqam istəyi deyil, ədalətin bərpası tələbi idi. Çünki ədalət olmadan nə sülh, nə də sağlam gələcək qurmaq mümkün deyil”.

Partiya sədri əlavə edib ki, bu gün Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm bu baxımdan tarixi əhəmiyyət daşıyır:
“Xalqımıza qarşı vəhşiliklər törətmiş, terror və zorakılıq siyasətinin icraçıları olmuş şəxslərin ən ağır cəzalara məhkum edilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının qanını yerdə qoymur. Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan kimi şəxslərin ömürlük azadlıqdan məhrum edilməsi, Arkadi Qukasyan və Bako Sahakyanın uzunmüddətli həbs cəzası alması təkcə hüquqi akt deyil, həm də siyasi və mənəvi mesajdır.

Bu hökm açıq şəkildə dünyaya bəyan edir ki, müharibə cinayətləri, terror əməlləri və insanlığa qarşı cinayətlər zaman aşımına uğramır. İllər keçə bilər, şərait dəyişə bilər, amma ədalət gec də olsa öz sözünü deyir. Bu qərar, eyni zamanda, gələcəkdə oxşar cinayətlər törətməyi düşünənlər üçün ciddi xəbərdarlıqdır: heç kim cəzasız qalacağını düşünməsin”.

Siyasətçi vurğulayıb ki, bu proseslər hüquqi müstəvidə, qanunun aliliyi prinsipi əsasında həyata keçirilib:
“Bu da Azərbaycanın güclü dövlət, işlək hüquq sistemi olan ölkə olduğunu bir daha təsdiqləyir. Biz düşmənlərimizdən fərqli olaraq hüquqsuzluqla deyil, məhkəmə qərarları ilə danışırıq. Emosiyalarla deyil, faktlar və sübutlarla hərəkət edirik. Bu gün şəhidlərimizin ruhu qarşısında başımız dikdir. Çünki onların qanı yerdə qalmadı. Bu gün anaların göz yaşları tam silinməsə də, ədalətin yerini tapdığını görmək bir az da olsa təsəlli verir. Bu, xalqımızın uzun illər apardığı mübarizənin hüquqi nəticəsidir.

Çünki xalqımıza qarşı törədilən cinayətlər cəzasız qalmadı. Bu, təkcə keçmişin hesabının bağlanması deyil, gələcəyin daha təhlükəsiz, daha ədalətli qurulması üçün atılmış mühüm addımdır. Azərbaycan dövləti bir daha sübut etdi ki, onun üçün insan həyatı, milli ləyaqət və tarixi ədalət müqəddəsdir və bu dəyərlər heç vaxt güzəştə getmir”.

Elmir Mustafa


 

Seçilən
19
50
hit.az

10Mənbələr