AZ

4 dəfə həbsə düşən adam niyə azadlığa buraxılıb? Cəlilabaddakı olayın reallığı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi – Əli Nağıyevin keçmişi ilə bağlı ortaya çıxan detallar müzakirə edilir.  Belə ki, onun müxtəlif cinayətlərə görə indiyədək 4 dəfə məhkum olunduğu, bir müddət əvvəl azadlığa buraxıldığı ortaya çıxıb.

4 dəfə həbsə düşmüş bir adam necə azadlığa buraxılıb? Bu məsələ qanunvericilikdə necə tənzimlənir? Belə şəxslər hansı hallarda təhlükəli sayılır?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Cinayət Məcəlləsində (CM) bununla bağlı residiv anlayışı təsbit olunub:

“Qanunun 18-ci maddəsinə əsasən, residiv sadə, təhlükəli və xüsusilə təhlükəli növlərə bölünür. Bu müddəalar əvvəllər cinayət törətmiş şəxslərin məhkumluğu, məhkumluğun ödənilməsi və azadlıqdan məhrumetmə cəzasına məhkumluqlarının sayı nəzərə alınmaqla cəzanın təyin edilməsini nəzərdə tutur. Eyni zamanda Məcəllənin 41-ci maddəsində cəza anlayışı müəyyən edilir. Həmin maddəyə görə, cəza cinayət törətməkdə təqsirli bilinmiş şəxsə müəyyən hüquq və azadlıqların məhdudlaşdırılması və ya onlardan məhrum edilməsi formasında tətbiq olunan cinayət-hüquqi tədbirdir. Məhkəmə cəza təyin edərkən iş üzrə ağırlaşdırıcı və yüngülləşdirici halları mütləq nəzərə alır”.

Ramil Süleymanov

Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi və ya residiv ağırlaşdırıcı hal hesab olunur:

“Bundan əlavə, 65-ci maddə residiv hallarında cəzanın təyin edilməsi qaydasını müəyyən edir. Bununla yanaşı, azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış şəxslərin islah olunması və cəmiyyətə reinteqrasiyası məqsədilə bir sıra sosial tədbirlər nəzərdə tutulub. Həmin tədbirlərin icrasına görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır. Bu məsuliyyət dövlətin vahid mexanizm kimi fəaliyyət göstərən müxtəlif qurumlarının – Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də digər mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə düşür.

Hesab edirəm ki, bu qurumlarda çalışan əməkdaşların peşəkarlıq və fəaliyyət keyfiyyəti artırılmalıdır. Bu, azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və ya barəsində müsbət xarakterli tədbirlər tətbiq edilmiş şəxslərin düzgün qiymətləndirilməsi, onların cəmiyyətə yenidən qazandırılması istiqamətində daha effektiv, məqsədyönlü addımların atılmasına imkan verəcək”.

Qeyd edək ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına – 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Nağıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılmışdı. Lakin təqsirləndirilən şəxsin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Nağıyev xəstəxanada dünyasını dəyişib.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr