AZ

İki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm önəm kəsb edir. Ölkəmizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək səviyyədə qarşılanması, iki lider arasında görüş zamanı müzakirə edilən mövzuların xarakteri əlaqələrin inkişafının göstəricisi hesab edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi tarixi məqamlardan biridir. 

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə imkanların yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir.  

Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi də yüksək dəyələndirilir. Dövlətimizin başçısının BƏƏ-yə səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan–BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirərək siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin genişləndirilməsinə yeni imkanlar açır.

Son illər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2025-ci ilin iyulunda iki ölkə arasında ticarət maneələrini aradan qaldırmaq və qeyri-neft dövriyyəsini artırmaq məqsədi daşıyan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ilə ölkələrimiz arasında iqtisadi münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda dövlətlərarası əlaqələr həm ənənəvi iqtisadiyyat, həm də “yaşıl” enerji sahəsində sürətlə genişlənir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfəyə yaxın artması da iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də diqqətdə oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini, hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını vurğuladılar.  Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildirdilər. 

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri

Seçilən
26
ikisahil.az

1Mənbələr